Əli Həsənov: Ermənilər xarici havadarlarının dəstəyindən istifadə edərək azərbaycanlıların əzəli torpaqlarında dövlət qururlar
"Avropa Azərbaycanlıları Konqresinin hər bir qurultayı qarşısında duran mühüm tapşırıqlarla fövqəladə hadisə hesab olunur. Dövlətimizin inkişafını, diasporumuz qarşısında qoyulan vəzifələrin aktuallığı və bugünkü inkişafın əsas mühüm vəzifələrini nəzərə alsaq, bu qurultayın keçirilməsi tam vaxtındadır. Artıq Avropa azərbaycanlıları keçən dövrün fəaliyyətinə yekun vurmaq, qarşıda duran vəzifələri müəyyən etmək anlamında məqbul sayıla bilər”.
1news.az APA-ya istinada xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov Avropa Azərbaycanlıları Konqresinin qurultayında deyib.
Ə. Həsənov dünən Amsterdamda keçirilən Xocalı soyqırımı ilə bağlı anım tədbirindən də danışıb:
“Xocalı hadisəsi bir günün məsələsi deyil. Xocalıya gələn yol-ermənilərin azərbaycanlılara qarşı soyqırımının 200 ildən artıq tarixi var. Ermənilər öz xarici havadarlarının dəstəyindən istifadə edərək azərbaycanlıların əzəli torpaqlarında dövlət qururlar. Azərbaycanlıların zaman-zaman öz torpaqlarından qovulması, qətlə yetirilməsi, soydaşlarımızın yaşadığı yerlərin dağıdılması baş verib. Faktiki olaraq bu millət özünün böyük dövlət qurmaq arzularını azərbaycanlıların kütləvi surətdə məhv edilməsi, torpaqlarından didərgin salınması, millət olaraq varlığına son qoyulması istiqamətində aparmağa çalışır. Əlbəttə, bunlara yardım edənlərin də öz məqsədləri vardı.
Xocalıda həlak olanlar dinc insanlar idi. Ermənilər bu soyqırımı azərbaycanlıların gözünü qorxutmaq, kütləvi şəkildə yaşadıqları torpaqlardan qovmaq mənfur məqsədlə edilib. Bizim diasporun qarşısında duran əsas vəzifə bu ağrı-acıları olduğu kimi dünyaya çatdırmaqdır. Dünya ictimaiyyətinə bizim qonşuların xislətini, azərbaycanlılara qarşı qanlı soyqırımı həyata keçirmiş vəhşi, cinayətkar Ermənistan rejiminin yürütdüyü siyasəti bütün dünyaya çatdırmaq, həm dövlətimizin, həm Azərbaycan cəmiyyətinin, həm də diasporumuzun bir nömrəli vəzifəsidir. Əlbəttə bunu həyata keçirmək o qədər də asan deyil. Ermənilər uzun müddətdir anti-Azərbaycan fəaliyyətini həyata keçirərək, bu məqsədlə dünyanın ayrı-ayrı ölkələrində yuvalar qurublar. Buna dünyanın aparıcı media nümayəndələrini cəlb ediblər. Xarici ölkələrin anti-müsəlman, anti-türk ovqatlı siyasətçilərini də buna cəlb ediblər. Erməni lobbisinin dəstəyi ilə xarici ölkələrdə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarını da buna cəlb edirlər. Onların lobbiçiliyi ilə yaradılan anti-Azərbaycan koalisiyası təəssüf ki güclüdür. Azərbaycan dövləti, elitası, diasporu bu gün qarşısında mübarizə aparır. Açıq deyim ki, çox çətin vəzifə qarşısındayıq”.
Ə. Həsənov deyib ki, “son zamanlar ermənilərə Dağlıq Qarabağda həyata keçirdikləri işğal siyasətinin 30 illiyini utanmadan, çəkinmədən “Artsaxı tanıdaq” adı ilə dünyada qeyd edirlər”: “Böyük mərkəzlər yaradıblar, bu mərkəzlərin biri Brüssel, biri London, biri Paris, biri Moskva, biri isə ABŞ-dadır. Hər mərkəzə xaricdəki erməni lobbisi, imkanlı ermənilər, harınlamış ermənilər pul köçürürlər. “Artasxı tanıdaq” kampaniyasının da məqsəd odur ki, dünyanın müxtəlif ölkələrinin səyyahından, siyasətçisindən, keçmiş və indiki dövlət xadimlərindən tutmuş ən məşhur jurnalistləri, bloqqerləri Ermənistana aparıb, oradan Dağlıq Qarabağa keçirirlər. Orada yaradılan mövcud rejimi, real həyatı dünyaya tanıtmaq istiqamətində fəaliyyət göstərirlər. Guya orda formalaşmış dövlət var, azərbaycanlılar onu dağıtmaq istəyir və sair məsələləri təbliö edirlər. Belə şəraitdə biz Xocalı soyqırımının ildönümü hər il keçirir, keçirməliyik.
Diasporun üzərində burada mühüm vəzifə durur. Hər bir azərbaycanlı bu gün fədakar olmağa borcludur. Hər bir azərbaycanlı fədakarcasına öz milli vəzifəsini icra etməlidir”.
Ə. Həsənov qeyd edib ki, bu il AXC-nin 100 illiyi tamam olmasından da ermənilər anti-Azərbaycan ruhda istifadə etmək istəyirlər: “ AXC bizim dövlətçiliyimizin bir parçasıdır. Onlar deyirlər ki, azərbaycanlıların cəmi 100 illik dövlətçilik tarixi var, amma İrəvan xanlığının ərazisinə iddialıdırlar. İrəvan xanlığı Azərbaycan dövlətidir. Amma bizim mərkəzləşmiş dövlətimiz daha qədimə gedir. XVI əsrdə artıq tamamlanmış Səfəvilər dövləti olması buna sübutdur”.
Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan mediasında tez-tez dövlət rəsmilərinin, ziyalıların çıxışları olur: “Bizim qarşımızda Azərbaycanın dövlətçiliyinin yaşaması, dövlətçiliyimizin əbədi yaşar olması durur. Qarşımızda Azərbaycanın iqtisadi, sosial , siyasi maraqlarının təmin olunması məqsədi dayanr”.
1news.az