Elmar Məmmədyarov BMT-nin Qaçqınlar üzrə Ali Komisarı ilə görüşüb
BMT-nin Cenevrə bölməsinə rəsmi səfəri çərçivəsində nazir Elmar Məmmədyarov BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi ilə görüşdü.
Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, nazir Elmar Məmmədyarov Azərbaycanda qaçqın və məcburi köçkünlərə BMT-nin Qaçqınlar üzrə Ali Komisarlığı tərəfindən göstərilən humanitar yardımın, eləcədə təşkilatla ölkəmizin əməkdaşlığının cari durumunu yüksək qiymətləndirildiyini diqqətə çatdırdı.
Görüş zamanı nazir Elmar Məmmədyarov Ermənistanın işğalından azad edilmiş və 2016-cı ilin aprelin etibarən təhlükəsizliyi təmin edilmiş Cocuqmərcanlıkəndində aparılan tikinti işləri və məcburi köçkünlərin ora geri qayıtması tədbirləri haqqında ətraflı məlumat verdi. O, ölkəmizdə qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən sosial təyinatlı işlərin bundan sonra da davam etdiriləcəyini xüsusilə qeyd etdi.
Nazir Elmar Məmmədyarov həmsöhbətə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların gedişi barədə ətraflı məlumat verdi. O əlavə etdi ki, hər iki ölkədə seçkilərdən sonra ATƏT-in Minsk qrupunun həmsədrləri ilə münaqişənin həlli üzrə substantiv və nəticə yönümlü danışıqlar davam etdiriləcəkdir. Nazir işğala əsaslanan status-kvonun dəyişdirilməsi üçün Ermənistan qoşunlarının BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalı olduğunu bildirdi.
Suriyadan olan erməni əsilli qaçqınların qeyri-qanuni şəkildə işğal olunmuş Azərbaycan ərazilərində yerləşdirilməsi faktına toxunaraq, bu məsələyə beynəlxalq qurumların və dünya ictimaiyyətinin ciddi diqqət yetirməsinin vacibliyini bildirdi.
F.Qrandi BMT-nin Qaçqınlar üzrə Ali Komisarlığının Azərbaycanla əməkdaşlıqdan məmnunluğunu ifadə etdi və ölkəmizin sözügedən təşkilata könüllü ianələrini yüksək qiymətləndirdi.
Görüşdə Azərbaycan və BMT-nin Qaçqınlar üzrə Ali Komisarlığı arasında əməkdaşlığın perspektivlərinə və gündəlikdə duran məsələlərə dair fikir mübadiləsi aparıldı.
1news.az