Amsterdamda Avropa Azərbaycanlıları Konqresinin VI Qurultayı başa çatıb – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Amsterdamda Avropa Azərbaycanlıları Konqresinin VI Qurultayı başa çatıb – FOTO

13:51 - 28 / 02 / 2018
Amsterdamda Avropa Azərbaycanlıları Konqresinin VI Qurultayı başa çatıb – FOTO

Fevralın 27-də Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Avropa Azərbaycanlıları Konqresinin (AAK) təşkilatçılığı ilə Niderland Krallığının Amsterdam şəhərində AAK-ın VI (növbədənkənar) qurultayı panel iclaslarıyla işini davam etdirib.

1news.az-ın məlumatına görə, qurultayda Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Azərbaycanın Belçika və Lüksemburqdakı səfiri Fuad İsgəndərov, Niderlanddakı müvəqqəti işlər vəkili Cəlal Mirzəyev, Avropa ölkələrindəki diaspor nümayəndələri, ölkəmizin bir sıra aparıcı media qurumlarının rəhbərləri və digər qonaqlar iştirak ediblər.

Qurultayın ilk panel iclası Azərbaycan Respublikası Prezidentinin “2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi haqqında Sərəncamına uyğun olaraq Avropa ölkələrində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd edilməsi ilə əlaqədar AAK-ın Tədbirlər Planının layihəsinin müzakirəsinə həsr edilib. Paneldə Avropa Azərbaycanlıları Konqresinin fəxri-prezidenti, AAK-ın İdarə Heyətinin üzvü Samira Patzer-İsmayılova, AAK İcraiyyə Komitəsinin üzvləri - Finlandiya Azərbaycanlı Qadınlar Birliyinin sədri Arzu Muradlı, İstanbul Türkiyə Azərbaycan Dərnəyinin sədri Səfər Qaraqoyunlu, Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, Serbiyada Azərbaycanlıların Mədəniyyət Mərkəzinin sədri Zərifə Əlizadə çıxış edərək mövzu ilə bağlı təkliflərini səsləndiriblər.

Panelin moderatoru Samira-Patzer İsmayılova çıxış edərək Azərbaycan Respublikası Prezidentinin “2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi haqqında Sərəncamı barədə tədbir iştirakçılarına geniş məlumat verib. S.İsmayılova Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi müasir dövrümüzün tarixinin ən önəmli nailiyyətlərindən biri olduğunu qeyd edən vitse-prezident Azərbaycanın məhz həmin Cümhuriyyətin varisi olduğunu qeyd edib. Azərbaycanın bir çox sahələrdə əldə etdiyi nailiyyətlərdən danışan S.İsmayilova dövlətimizin tarixinin və zəngin mədəni irsinin Avropa ölkələrində geniş tanıdılmasının zəruriliyini diqqətə çatdırıb.

İstanbul Türkiyə Azərbaycan Dərnəyinin (İSTAD) sədri Səfər Karaqoyunlu çıxışında 2010-cu ildən fəaliyyət göstərən rəhbərlik etdiyi qurum haqqında tədbir iştirakçılarına geniş məlumat verib. O bildirib ki, İSTAD Türkiyə və Azərbaycanın ortaq problemlərinin, əsassız “erməni soyqırımı” iddiaları, Dağlıq Qarabağ məsələsi və XXI əsrin əvvəlində Xocalı şəhərində törədilən soyqırımın insanlığa qarşı cinayət olduğunu dünya ictimaiyyətinin nəzərinə çatdırmağa çalışır. S.Karakoyunlu Türkiyədə də AXC-nin yüzilliyinin qeyd edilməsi ilə bağlı geniş proqramın olduğunu diqqətə çatıdırıb, Azərbaycanın təhsil müəssisələrdən birinə Qafqaz İslam ordusunun generalı olmuş Nuru Paşanın adının verilməsi və Bakıdakı Türk Şəhidliyində abidənin ucaldılması  ilə bağlı təklif irəli sürüb.

Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı isə çıxışında Şərqdə yaradılmış ilk demokratik Respublikanın qısa müddətli fəaliyyəti dövründə həyata keçirilmiş mühüm tədbirlər barəsində danışıb. O,  bildirib ki, AXC dövründə qəbul edilmiş mühüm qərarların, həyata keçirilmiş islahatların Şərqdəki  digər  dövlətlərə də az təsiri olmayıb. 90-cı illərdə Azərbaycanın güclərin  mübarizə meydanına çevrildiyi qeyd edən T. Rüstəmxanlı vurğulayıb ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin misilisiz xidmətinin nəticəsidir ki,  bu gün Azərbaycan dövləti müstəqildir və məhz ulu öndərin məqsədyönlü, uzaqgörən siyasəti sayəsində Azərbaycan dünyanın nüfuzlu dövlətləri ilə bir masa arxasında təmsil olunaraq öz fikrini və şərtlərini irəli sürməyə qadir ölkəyə çevrilib.

Serbiyada Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Zərifə Əlizadə AXC-nin yüzilliyilə bağlı Serbiyada keçiriləcək tədbirləri diqqətə çatdıraraq Serbiyada müasir yazıçıların antologiyasının nəşr olunacağını qeyd edib. Serbiyada Azərbaycan mədəniyyətinə böyük marağın olduğunu qeyd edərək, 10 may tarixində AXC-nin yüzilliyinə həsr edilmiş, simfonik orkestrin iştirakı ilə Belqrad Opera və Balet Teatrında böyük tədbirin keçiriləcəyini bildirib. Serb dilinə tərcümə olunacaq əsərlərin  Xorvatiya, Bosniya və Herseqovina, Monteneqro oxucuları üçün maraqlı olacağını söyləyib. Eyni zamanda, may ayında 100 illiklə bağlı Azərbaycan günlərinin təşkil ediləcəyini də vurğulayıb.

Finlandiya Azərbaycanlı Qadınlar Birliyinin sədri Arzu Oqtay çıxışında 8 fevralda AAK təşkilatçılığı ilə keçirilən Forumda Tədbirlər Planı layihəsi ilə bağlı görüləcək işlərə dair müzakirələr aparıldığını bildirib. Həmçinin, qeyd edib ki, 24 mayda Finlandiyada AXC-nin yüzilliyinə həsr edilmiş tədbir təşkil olunacaq. A.Oqtay Baltikyanı ölkələr, Türkiyə, Almaniya, İsveç və digər ölkələrdə də AAK-ın təşkilatçılığı ilə çoxsaylı tədbirlərin keçiriləcəyini diqqətə çatdırıb.

Qurultayın ikinci panel iclası “1918-ci il azərbaycanlıların soyqırımının yüzilliyi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Avropa ölkələrində 31 mart azərbaycanlıların soyqırımının yüzilliyinin qeyd edilməsi ilə əlaqədar AAK-ın Tədbirlər Planının müzakirəsinə həsr edilib. AAK İcraiyyə Komitəsinin üzvü, Paris Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyevanın moderatorluğu ilə keçən paneldə  AAK vitse-prezidenti, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) sədri Rövşən Tağıyev, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü, AAK fəxri prezidenti, Mayns Azərbaycan Cəmiyyətinin sədri  Başar Kömür, Polşada Azərbaycanlı Gənclər Şurasının sədri Nail Əhmədzadə  çıxış edərək təkliflər səsləndiriblər.

Paris Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyeva çıxışında bildirib ki, erməni millətçilərinin tarixin müxtəlif mərhələlərində mifik böyük Ermənistan ideyasını  reallaşdırmaq məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımı aktları həyata keçiriblər. O, 31 mart soyqırımının yüzilliyi ilə əlaqədar Avropanın bütün ölkələrində tədbirlərin təşkil edilməsi, təbliğat kampaniyalarınını aparılmasının zəruriliyini diqqətə çatdırıb.

Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü, AAK fəxri prezidenti, Mayns Azərbaycan Cəmiyyətinin sədri  Başar Kömür isə çıxışında tarixən türklərə qarşı edilən haqsızlıqlardan bəhs edib. “Harada olsanız olun, öz milli dəyərlərinizə sahib çıxın. Bu sizə ancaq başucalığı gətirə bilər”-deyə o bildirib. Azərbaycana dost münasibəti bəsləyən şəxsləri soyqırımı beynəlxalq aləmdə tanıdılmasa məqsədilə Quba Memorial soyqırımı Kompleksinə ziyarətinin təşkilinin zəruriliyini vurğulayıb.

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) sədri Rövşən Tağıyev çıxışında Azərbaycan diasporunun informasiya müharibəsində daha mütəşəkkil şəkildə işləməsinin zəruriliyini bildirib. O, ölkəmizlə bağlı həqiqətlərin dünyaya çatdırılmasında vahid proqram əsasında fəaliyyət göstərməyin zəruriliyini bvurğulayıb. R.Tağıyev həmçinin son günlərdə Xocalı soyqırımı ilə bağlı təmsil etdiyi təşkilat tərəfindən həyata keçirilən tədbirləri diqqətə çatdırıb.

Polşada Azərbaycanlı Gənclər Şurasının  sədri Nail Əhmədzadə gənclər tərəfindən mütəmadi şəkildə ölkəmizlə bağlı həqiqətləri Polşa ictimaiyyətinə çatdırılması və bu istiqamətdə ən yeni üsul və vasitələrin tətbiq edildiyini söyləyib. Polşada Azərbaycanlı Gənclər Şurasının 31 mart soyqırımı ilə bağlı həyata keçirəcəyi tədbirləri diqqətə çatdıraraq, tədbir çərçivəsində Polşanın 10-a yaxın aparıcı media rəhbərinin Azərbaycana səfərinin planlaşdırıldığını bildirib.

Avropa Azərbaycanlıları Konqresinin (AAK) Amsterdamda keçirilən növbədənkənar qurultayının III paneli "Azərbaycan diasporu və Azərbaycan mediası: əməkdaşlıq səviyyəsi, problemlər və onların həlli yolları"na həsr edilib. Panelin moderatoru “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu çıxışında media və diaspor görüşünün bu şəkildə təşkilini zəruri və təqdirəlayiq addım hesab edib. O, qeyd edib ki, mediya nümayəndələri diasporla həmişə birlikdə çalışmağa hazırdır və daim onlardan təkliflər gözləyir. Media rəhbəri həmçinin diasporun son fəaliyyətində yenilikləri də təqdir edib və bunun daha da geniş olmasının vacibliyindən danışıb. R. Arifoğlu istər rəhbərlik etdiyi medianın, istərsə də digər media qurumlarının eyni zamanda sosial şəbəkələrdəki fəaliyyətini xatırladaraq diasporu bundan yararlanmağa dəvət edib.

APA Holdinqin prezidenti Vüsalə Mahirqızı isə dövlətin mediadan gözləntisinin dəfələrlə Azərbaycan Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov tərəfindən səsləndirildiyini xatırladaraq rəhbərlik etdiyi media holdinq barədə qurultay iştirakçılarına geniş məlumat verib.  “APA İnformasiya Agentliyi 6 dildə - Azərbaycan, rus, ingilis, fransız, ərəb və erməni dilində fəaliyyət göstərir. Sosial  şəbəkələrdə isə üst-üstə bir milyondan çox izləyicisi olan səhifələrimiz də var”. O, həmçinin bildirib ki, rəhbərlik etdiyi holdinq Diasporla İş üzrə Dövlət Komitəsi ilə ən sıx işləyən media qurumlardan biridir. V. Mahirqızı qeyd edib ki, milli məsələlərdə diasporun media ilə əməkdaşlığı olmalıdır. O, diaspor liderlərini Azərbaycan həqiqətlərinin yayılmasında daha fəal birgə işə dəvət edib.

“Teleqraf” Media Qrupunun rəhbəri Aynur Quliyeva isə bildirib ki, rəhbərlik etdiyi media qurum diasporla çox sıx əməkdaşlıq edir: “Xaricdə yaşayan soydaşlarımız, yerli mətbuatla, yerli siyasətçilərlə yaxından təmas qursalar bu daha çox faydalı olar. Sosial şəbəkələrdə Azərbaycanın ənənəvi günlərində yerli siyasətçiləri, tanınmış adamları birgə fəaliyyətə cəlb etsinlər. Bu məsələdə biz media olaraq birgə əməkdaşlığa hazırıq. Rəhbərlik etdiyim media qurum nisbətən gənc olsa da, artıq Azərbaycan mətbuatında kifayət qədər oxucu qazanıb. Bu  bütün sahələrə diqqət verməmizin məhsuludur. Eyni zamanda diasporla da birgə fəaliyyəti daha da inkişaf etdirməyə hazırıq”.

“Report” İnformasiya Agentliyinin baş redaktoru Murad Əliyev diasporun xarici media ilə təmasını, xüsusən də Azərbaycan mətbuatı ilə xarici mətbuatın qarşılıqlı əlaqələrinin inkişafının vacibliyini bildirib: “Cənab Prezident İlham Əliyev də son dünya azərbaycanlılarının qurultayında xarici mətbuat nümayəndələri ilə daha yaxından işləməyi tövsiyə etdi. Biz çox yaxşı olardı ki, elə diasporun vasitəsi ilə olduqları ölkələrin jurnalistləri ilə ya Bakıda, ya öz ölkələrində görüşlər keçirək, birgə layihələr həyata keçirək. Bu ona gətirib çıxarar ki Azərbaycanla bağlı həqiqətlərin yayılmasında biz artıq yaxın həmkar kimi onların fəaliyyətindən daha asanlıqla yararlana bilərik”. M.Əliyev həmçinin xarici media orqanlarında azərbaycanlı jurnalistlərin fəaliyyət göstərməsinə nail olunmasının vacib olduğunu və bu sahədə diaspor təşkilatlarını fəallığa çağırdı.

“Yeniçağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər isə xarici mediada azərbaycanlıları çalışmasının vacibliyindən danışıb: “Biz media olaraq diasporla çox yaxından işləyirik, onların fəaliyyətini işıqlandırırıq. Amma bu Azərbaycan həqiqətlərinin yayılmasında kifayət etmir. Yaxşı olardı ki, xarici mətbuatda azərbaycanlıların yer alması, əməkdaş kimi çalışmasına diqqət edək. Bu məsələdə bizim diaspor liderlərimiz, xaricdəki iş adamlarımız daha fəal ola bilərlər. Bəzən bəzi diaspor təşkilatlarımız bizim onların fəaliyyətinə yer verməməzdən şikayət edirlər. Amma biz həqiqi fəallığı olan bütün diaspor təşkilatlarımızı izləyirik”.

“İnterpress” saytının rəhbəri Toğrul Allahverdili də diasporla birgə fəaliyyətdən danışaraq təkliflərini səsləndirib.

“Haqqın.az” və “virtualaz.org” saytlarının rəhbəri Eynulla Fətullayev isə xaricdə yaşayan azərbaycanlıları daha çox yaşadıqları ölkələlərdə cəmoyyətə inteqrasiya olunmağa, eyni zamanda o ölkələrin media orqanlarına daha çox nüfuz etməyə çağırıb. O qeyd edib ki, diaspor nümayəndələrimiz qəlbində Azərbaycan sevgisini yaşatmaqla yanaşı yaşadıqları ölkələrin cəmiyyətinin bir parçası olmağa çalışmalıdır.

Diasporla İş üzrə Dövlət komitəsinin sədri Nazim İbrahimov isə bildirib ki, son vaxtlar diaspor liderləri arasında həqiqi qəhrəmanlardan fərqli olaraq sosial media qəhrəmanları da peyda olub.  “Heç bir praktik fəaliyyəti yox, ancaq sosial şəbəkədə hər gün nəsə yazıb diqqət çəkir, hətta şikayət də edir ki, biz ona diqqət göstərmirik. Ona görə mən mediamızdan xahiş edərdim diaspordan yazarkən belə faktlara diqqət etsinlər, əvvəlcədən bir məlumat toplasınlar ki, fəaliyyətlərini işıqlandırdıqları diaspor adından danışan kimdir”- deyə N. İbrahimov çıxışında bildirib. Dövlət Komitəsinin sədri eyni zamanda, media rəhbərlərinin xarici mətbuatla qarşılıqlı əməkdaşlıq təklifini də  dəstəkləyib.

Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxışında Azərbaycan mətbuatı ilə diasporun birgə fəaliyyətinin son dərəcə mühüm olduğunu qeyd edib. “Diasporla iş üzrə Komitənin tədbirlərində Azərbaycan mediasının fəaliyyətini əlaqələndirən belə bir panelin təşkil olunması təqdirəlayiqidir. Gələcəkdə də digər tədbirlərdə də media ilə bağlı oxşar panellərin təşkil olunması vacibdir. Vaxtı ilə Azərbaycan informasiya blokadasında idi. Buna səbəb isə fəaliyyət göstərən, yeni müstəqilləşmiş medianın peşəkarlardan ibarət olmaması idi. İndi Azərbaycan mediası peşəkar kollektivlərdən ibarədir.  Bu günkü mediamız regionun və dünyanın öndə gedən media qurumları ilə yarışa bilir, Azərbaycanın milli dövlət maraqlarının qorunması və eyni zamanda informasiya bolluğunun təşkil olunmasında müstəsna xidmət göstərir”.-deyə Əli Həsənov çıxışında bildirib.

Qurultayın sonunda Avropa Azərbaycanlıları Konqresinin Nizamnaməsinə əlavə və dəyişikliklər müzakirə olunaraq qəbul edilib. Avropa Azərbaycanlıları Konqresinin Rəhbər orqanlarının yeni tərkibi təsdiq edilərək Sahil Qasımov səs çoxluğu ilə yenidən Konqresin prezidenti seçilib.

Avropa Azərbaycanlıları Konqresinin 2018-20121-ci illər üçün Fəaliyyət Proqramı, Avropa Azərbaycanlıları Konqresinin VI (növnədənkənar) Qurultayının Qətnaməsi qəbul edilib. Bununla yanaşı, Qurultay iştirakçıları adından Xocalı Soyqırımının 26-cı ildönümü ilə bağlı beynəlxalq təşkilatlara bəyanat ünvanlanıb, bununla yanaşı, “Metsamor” Atom Elektrik stansiyası ilə bağlı beynəlxalq təşkilatlara müraciət və Azərbaycan Respublikasının Prezindenti İlham Əliyevə qurultay iştirakçıları adından müraciət ünvanlanıb.

1news.az

Paylaş:
1486

Son xəbərlər

“Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötürBu gün, 10:33Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişibBu gün, 10:17Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:53
Bütün xəbərlər