Brok Bierman: ABŞ Azərbaycanla əməkdaşlığa sadiqdir
Bizim məqsədimiz ölkələrlə birgə işləyərək onların inkişafı sahəsində tərəfdaş olmaqdır. Amerika Birləşmiş Ştatları daha təhlükəsiz, demokratik və firavan gələcəyin qurulmasında Azərbaycanla əməkdaşlığa sadiqdir.
1news.az xəbər verir ki, bu fikirləri ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Avropa və Avrasiya üzrə administrator köməkçisi Brok Bierman fevralın 28-də Xaçmaz rayonunun Niyazoba kəndində yerli icma üzvləri, habelə USAID və Azərbaycan hökumətinin birgə həyata keçirdiyi layihələrdən faydalanan şəxslərlə görüşü zamanı söyləyib.
Brok Bierman bildirib ki, Azərbaycana göstərilən xarici yardımı müzakirə etmək üçün ölkəmizdə təmsil olunan beynəlxalq təşkilat və qurumların, o cümlədən Avropa İttifaqı, BMT, Avropa Şurası, Dünya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı nümayəndələri ilə görüşlər keçirib. Bununla yanaşı, vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələrindən fəaliyyətləri barədə də ətraflı məlumat alıb.
Agentliyin Avropa və Avrasiya üzrə administrator köməkçisi Xaçmaza səfəri zamanı USAID və Azərbaycan hökumətinin birgə həyata keçirdiyi bir sıra layihələrlə tanış olub. Belə layihələr çərçivəsində Niyazoba kənd tam orta məktəbi üçün inşa olunan əlavə sinif otaqlarında məktəblilərlə görüşən B.Bierman Xaçmazda 9 layihənin artıq icra edildiyini, yaxın gələcəkdə isə daha 3 layihənin həyata keçiriləcəyini diqqətə çatdırıb.
1news.az