Dövlət qurumlarının əməkdaşları üçün saxta sənədlərin identifikasiyasına dair təlim təşkil edilib
Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı Nümayəndəliyi və Xarici İşlər Nazirliyi tərəfindən bir sıra dövlət qurumlarının əməkdaşları üçün təşkil edilmiş saxta sənədlərin identifikasiyası mövzusunda iki günlük təlim öz işinə başlayıb.
1news.az XİN-ə istinadla xəbər verir ki, 2014-cü ilin 1 sentyabr tarixindən etibarən Avropa İttifaqının əsas, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin, ABŞ Dövlət Departamentinin Əhali, Qaçqınlar və Miqrasiya Bürosunun və Azərbaycan Dövlət Miqrasiya Xidmətinin müştərək maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda miqrasiya və sərhəd idarəçiliyi üzrə potensialların gücləndirilməsi” layihəsi çərçivəsində təşkil olunmuş təlimdə Nazirlər Kabinetinin, Xarici İşlər, Daxili İşlər, Müdafiə və Ədliyyə nazirliklərinin, Dövlət Təhlükəsizliyi, Xarici Kəşfiyyat və Dövlət Miqrasiya xidmətlərinin, eləcə də Dövlət Gömrük Komitəsinin əməkdaşları iştirak edir.
Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi, səfir Faiq Bağırov təşkil olunmuş təlimin əhəmiyyəti barədə danışıb. F.Bağırov saxta sənədlərin, xüsusilə səyahət sənədlərin və vizaların saxtalaşdırılmasının qarşısının alınması üçün preventiv tədbirlərin həyata keçirilməsi, həmin sənədlərin identifikasiyası sahəsində Azərbaycan Respublikasının dövlət qurumlarının potensialının gücləndirilməsi üçün beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsinin, eləcə də beynəlxalq ekspertlərin iştirakı ilə təlimlərin təşkil olunmasının vacibliyini vurğuladı. Bu xüsusdə, təlimin təşkilinə görə BMqT-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə öz təşəkkürünü bildirən F.Bağırov, bu sahədə gələcəkdə birgə silsilə tədbirlərin təşkil olunacağına ümid etdiyini bildirdi.
BMqT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Serhan Aktoprak saxta sənədlərin istifadəsinə qarşı mübarizənin gücləndirilməsi üçün qarşılıqlı əməkdaşlığın, BMT-nin və müvafiq qurumların birgə fəaliyyətinin zəruri olduğunu deyib. Bu sahədə fəaliyyət göstərən Azərbaycan Respublikasının bir sıra dövlət qurumlarının nümayəndələrinin təlimdə iştirakını müsbət qarşılayan S.Aktoprak, təlimdə iştirak edəcək Avstriya Respublikasından olan ekspertlər barədə məlumat verdi.
Tədbir zamanı səyahət sənədlərinin təhlükəsizlik elementləri, çap texnikaları, bu sahədə biometrik məlumatların tətbiqi və saxta sənədlərlə bağlı aktual trendlər kimi vacib mövzularda təqdimatların edilməsi gözlənilir. Təlim iştirakçılarına saxta sənədlərin identifikasiyası mövzusunda maarifləndirmə materialları təqdim olunub.
1news.az