Moskvada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş “dəyirmi masa” keçirilib – FOTO
Moskvada, Rusiya İctimai Palatasında “Azərbaycan Xalq Cümhuriyyətinin tarixi: bir əsrdən sonra baxış. 1918-2018-ci illər” möczusunda “dəyirmi masa” keçirilib.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, Rusiya İctimai Palatasının təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycanın Rusiyadakı səfirliyinin humanitar məsələlər üzrə müşaviri Vüqar İmaməliyev çıxış edərək Prezident İlham Əliyevin Sərəncamı ilə 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunduğunu bildirib. Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illik yubileyi münasibətilə silsilə tədbirlərin təşkil olunduğunu vurğulayan diplomat Rusiya paytaxtında “dəyirmi masa”nın keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Azərbaycan diasporunun nümayəndəsi, professor Manaf Ağayev Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi və fəaliyyəti barədə məlumat verib. Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını tarixi hadisə kimi qiymətləndirən alim bildirib ki, xalqımız və dövlətimiz Cümhuriyyətin qurucularının xatirəsinə daim yüksək ehtiram göstərir. Azərbaycanda dövlətçiliyimizin tarixinin öyrənilməsinə böyük önəm verilir.
Tanınmış diplomat Ramiz Abutalıbov ötən əsrin ortalarında azərbaycanlı mühacirlər barədə məlumat verərək bildirib ki, onlar çətin şəraitdə yaşasalar da, Azərbaycan Xalq Cümhuriyyətini fəal təbliğ edirdilər. Diplomat Cümhuriyyət hökumətinin fəaliyyəti və respublikanın rəhbər şəxsləri ilə bağlı arxiv sənədlərinin aşkarlanaraq Azərbaycanın milli arxivinə verilməsindən danışıb.
“Dəyirmi masa”da Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri Dmitri Savelyevin köməkçisi Sergey Qolubev, tarix elmləri namizədi Eldar Abbasov, Moskva Dövlət Universitetinin tarix fakültəsinin dosenti İsmayıl Ağakişiyev, jurnalist-publisit Azər Cahangirov və başqaları Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti və yaradıcıları barədə ətraflı məlumat veriblər.
Sonda “Parisdən məktublar” filmi nümayiş etdirilib.
S.Xankişiyeva