Azərbaycan səfiri etimadnamələrini İƏT-in baş katibinə təqdim edib
Azərbaycanın Səudiyyə Ərəbistanındakı fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda İƏT yanında daimi nümayəndəsi təyin edilmiş Şahin Abdullayev etimadnamələrini bu təşkilatın baş katibi Yusef Al-Otaymeyenə təqdim edib.
1news.az bu barədə İslam Əməkdaşlığı Təşkilatının (İƏT) rəsmi saytına istinadla xəbər verir.
Baş katib təşkilatla Azərbaycan arasında qarşılıqlı əlaqələrin səviyyəsini, həmçinin, İƏT-in gündəliyinin təbliğində Azərbaycan rəhbərliyinin fəal rolunu yüksək qiymətləndirib. Yusef Al-Otaymeyen xüsusi vurğulayıb ki, İƏT bu qurumun üzvü olan bütün dövlətlərin rifahı naminə Azərbaycan ilə ticarət, turizm, mədəniyyət, gənclər və idman sahələrində sıx əməkdaşlıq etməyə çalışır.
Səfir Şahin Abdullayev, öz növbəsində, İƏT-in sülhə, təşkilat daxilində münasibətlərin möhkəmlənməsinə kömək məsələlərində roluna və bəşəriyyət üçün ümumi maraq doğuran müxtəlif məsələlər barəsində prinsipial mövqeyinə görə Azərbaycanın İƏT-ə təşəkkürünü bildirib. Diplomat Azərbaycanın İƏT ilə münasibətləri daha da inkişaf etdirmək, siyasi, iqtisadi və mədəni əlaqələrin genişləndirilməsi imkanlarını öyrənmək əzmində olduğunu təsdiq edib.
1news.az