Gürcüstanın MSK üzvləri Azərbaycandakı seçkiləri müşahidə edəcək
Gürcüstanın və Azərbaycanın Mərkəzi Seçki komissiyaları bir-birinin təcrübəsindən yararlanırlar.
Bizim MSK-lar arasında çox yaxşı münasibətlər var. Bu da bizə qarşılıqlı əməkdaşlığımızı inkişaf etdirmək üçün geniş imkanlar yaradır.
1news.az-ın Sechki-2018.az -a istinadla verdiyi xəbərə görə, bu sözləri Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü Dimitri Cavaxadze deyib.
Onun sözlərinə görə, Gürcüstan MSK-nın üzvləri aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün Bakıya səfər edəcəklər. Səfər çərçivəsində onlar həm də Azərbaycanın seçki qanunvericiliyini, seçki sistemində tətbiq olunan yenilikləri öyrənəcəklər.
D.Cavaxadze apreldə Azərbaycanda seçkilərin tam ədalətli, şəffaf və demokratik şəraitdə keçiriləcəyinə ümidvar olduğunu vurğulayıb.
Azərbaycan MSK-nın müşahidə missiyasının da bu ilin oktyabrında Gürcüstanda keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün ölkəsinə dəvət olunacağını vurğulayan D.Cavaxadze deyib:
“Gürcüstan Avropaya və NATO-ya inteqrasiya edir. Seçkilərin demokratik, şəffaf və azad şəkildə keçirilməsi bizim üçün çox vacibdir. Ona görə də çalışacağıq ki, bu seçkiləri də beynəlxalq standartlara uyğun keçirək”.
O bildirib ki, artıq seçkilərlə bağlı müəyyən addımlar atılıb. Gürcüstan MSK bu il keçiriləcək prezident seçkisinə 39 milyon 136 min 784 lari (təqribən 15 milyon dollar) vəsait nəzərdə tutub. Bu məbləğin 28 milyon 272 min 634 larisi seçkinin keçirilməsi, 1 milyon 2300 larisi seçkilərə hazırlıq, 2 milyon 242 min 850 larisi seçki subyektlərinin televiziya vasitəsilə reklamına, 7 milyon 619 min larisi isə seçki subyektləri nümayəndələrinin maliyyələşdirilməsinə yönəldiləcək. Amma bu rəqəm dəyişə də bilər.
MSK üzvünün sözlərinə görə, bundan əvvəlki parlament və bələdiyyə seçkilərində də əvvəlcədən nəzərdə tutulmuş məbləğ bəzi səbəblərdən sonradan artırılıb. MSK bununla əlaqədar hökumətə və digər əlaqədar qurumlara müvafiq bildirişlər verib və artıq məbləğin hansı istiqamətlərə xərcləndiyi cəmiyyətə açıqlanıb.
“Düşünürəm ki, bu il də seçkilər üçün nəzərdə tutulmuş vəsait artırıla bilər”, – deyə D.Cavaxadze vurğulayıb.
S.Xankişiyeva