BMT-də Azərbaycanın da təmsil olunduğu təşəbbüs qrupu tərəfindən irəli sürülmüş qətnamə qəbul edilib
BMT-nin İnsan Hüquqları Şurasının martın 23-də Cenevrədə keçirilmiş 37-ci sessiyası çərçivəsində Azərbaycanın, Braziliya, Çili, Danimarka, Ekvador, Fici, Kanada, Lüksemburq, Portuqaliya, Ruanda, Syerra Leon, Tayland və Uruqvay ilə birgə irəli sürdüyü daha bir sənəd - “İnsan hüquqlarının təşviqi və müdafiəsi və Dayanıqlı İnkişaf Məqsədlərinin yerinə yetirilməsi” adlı qətnamə Şuranın üzvləri tərəfindən yekdilliklə qəbul edilib.
Xarici İşlər Nazirliyindən 1news.az-a verilən məlumata görə, qətnaməyə 69 ölkə həmmüəllif qismində qoşulub.
Qətnamənin əsas məqsədi insan hüquqlarının təşviqi və müdafiəsi ilə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin yerinə yetirilməsi arasında mövcud olan qarşılıqlı əlaqələrin vurğulanması və BMT-nin üzv ölkələrinin bu sahədə əldə etdikləri müsbət təcrübələrini bölüşmələri üçün müvafiq platformanın yaradılması olmuşdur.
Bu xüsusda, qətnaməyə əsasən 2018 və 2019-cu illərdə Cenevrədə BMT-nin üzv ölkələrinin illik görüşlərin təşkil edilməsi nəzərdə tutulur. Sözügedən görüşlərin nəticələri barədə Cenevrədə yerləşən BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən hazırlanacaq hesabatların İnsan Hüquqları Şurasına və Nyu-Yorkda hər il keçirilən Dayanıqlı İnkişaf Məqsədlərinin icrası üzrə Yüksək Səviyyəli Siyasi Foruma təqdim edilməsi nəzərdə tutulur.
BMT-nin İnsan Hüquqları Şurasında Azərbaycanın və yuxarıda adları sadalanan ölkələrin birgə səyləri nəticəsində qeyd edilən qətnamənin qəbulu Azərbaycanın beynəlxalq səviyyədə artan nüfuzunun, eləcə də milli səviyyədə Dayanıqlı İnkişaf Məqsədlərinin icrasının və insan hüquqlarının müdafiəsinin təmin edilməsi üzrə zəngin təcrübəyə malik olan ölkə kimi qəbul edilməsinin əyani göstəricisidir.
P.Sultanova