Aİ Azərbaycanla Gürcüstan arasında əməkdaşlığın gücləndirilməsinə 1,35 milyon avro ayırır
Martın 30-da Avropa İttifaqı (Aİ) rəsmən Azərbaycan və Gürcüstan arasında transsərhəd əməkdaşlıq üzrə altı layihənin icrasına başlayacaq.
1news.az-ın məlumatınas görə, həmin layihələrin hamısı Şərq Tərəfdaşlığı ölkələrinin Ərazi Əməkdaşlıq Proqramı (ŞT ƏƏ) çərçivəsində qrant alıb. Layihələrin açılış mərasimi Gürcüstanın paytaxtı Tiflisdə keçiriləcək.
Nəzərinizə çatdıraq ki, Azərbaycan-Gürcüstan ŞT ƏƏ Proqramı vasitəsilə qrant alan layihələrin məqsədi yerli icmaların həyat şəraitinin yaxşılaşdırılması və ətraf mühit, gənclərin məşğulluğu və turizmin inkişafı ilə əlaqədar problemlərin həll olunması yolu ilə regionun inkişafını, eləcə də iki ölkə arasında transsərhəd əməkdaşlığı gücləndirməkdir. Bu layihələrin həyata keçirilməsi üçün Avropa İttifaqı ümumilikdə 1,35 milyon avro dəyərində maliyyə vəsaiti ayırıb.
Şərq Tərəfdaşlığı ölkələrinin Ərazi Əməkdaşlıq Proqramı hər bir sərhəd bölgəsinin səciyyəvi xüsusiyyətlərini nəzərə alaraq Moldova və Ukrayna, Ermənistan və Gürcüstan, Azərbaycan və Gürcüstan, Belarus və Ukrayna arasındakı sərhəd bölgələrinin ortaq problemlərinə birgə çıxış yolu tapmaq məqsədilə Şərqi Tərəfdaş ölkələrinin sərhəd bölgələri arasında dayanıqlı transsərhəd əməkdaşlığı təşviq etməkdir.
1news.az