Politoloq: Azərbaycanda seçkilər peşəkar mütəxəssislər tərəfindən təşkil olunur | 1news.az | Xəbərlər
Siyasət

Politoloq: Azərbaycanda seçkilər peşəkar mütəxəssislər tərəfindən təşkil olunur

17:21 - 28 / 03 / 2018
Politoloq: Azərbaycanda seçkilər peşəkar mütəxəssislər tərəfindən təşkil olunur

Müstəqillik dövründə Azərbaycanda kifayət qədər seçki keçirilib. Ölkə vətəndaşları bələdiyyə, parlament, prezident seçkiləri, eləcə də referendumlarda iştirak edib, öz mövqelərini ortaya qoyublar.

Təbii ki, bütün bu proseslər Azərbaycanda seçki mədəniyyəti və təcrübəsinin formalaşmasına imkan verib.

1news.az-ın sechki-2018.az-a istinadla verdiyi xəbərə görə, bu fikirləri Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

O bildirib ki, hazırda Azərbaycanda seçkilər kifayət qədər təcrübəli, peşəkar mütəxəssislər tərəfindən aparılır: 

“Seçki administrasiyası işinin öhdəsindən yüksək səviyyədə gəlir. Ölkəmizdə seçkilər ölkə Konstitusiyası, Seçki Məcəlləsi və beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq keçirilir”.

Dünya ictimaiyyətinin Azərbaycanda keçiriləcək prezident seçkilərinə artan marağından danışan politoloq onu da bildirib ki, bir çox beynəlxalq təşkilatlar aprelin 11-nə təyin olunan seçkilərdə monitorinq aparmaq üçün müşahidə missiyaları göndərmək barədə qərar qəbul edib.

“Ümid edirəm ki, bəzi Qərb dairələri əvvəlki ritorikasından əl çəkərək Azərbaycanla bağlı mövqeyində müsbət düzəlişlər edəcək, bir müsəlman ölkəsində gedən inkişaf proseslərinə qısqanclıqdan irəli gələn qərəzli münasibəti bir kənara qoyaraq, seçkilərə obyektiv, ədalətli əsaslarla qiymət verəcək”,-  deyə politoloq vurğulayıb.

S.Xankişiyeva

 

Paylaş:
580

Son xəbərlər

Bütün xəbərlər