Mübariz Əhmədoğlu: Sərkisyan Dağlıq Qarabağ ermənilərini Ermənistana köçürməyə məhkumdur
Baş vermiş konstitusiya islahatları Ermənistanın prezident üsul-idarəsindən imtina edib, parlament üsul-idarəsinə keçməsi Serj Sərkisyan üçün öz hakimiyyətini uzatmağa böyük resurs yaratdı.
S.Sərkisyan bu islahatları əvvəlcədən də bu niyyətlə reallaşdırıb. Amma indi vəziyyət artıq S.Sərkisyanın istədiyindən də artıq mürəkkəbləşib.
1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu Ermənistandakı vəziyyətlə bağlı açıqlamanı şərh edərkən bildirib:
“S.Sərkisyanın dövründə daha təhlükəli problem yaranıb; Miqrasiyanın qarşısının alına bilməməsi ölkədə demoqrafik böhran yaradıb. Bu artıq Ermənistanın dövlət olmasını şübhə altına qoymaqla yanaşı, həm də ermənilərin Cənubi Qafqazda mövcudluğunu da şübhə altına salır. Ona görə S.Sərkisyan hal-hazırda həm öz hakimiyyətini uzatmaq, həm Ermənistan dövlətini saxlamaq, həm də müəyyən uğurlu görünmək niyyətindədir. S.Sərkisyana ilk növbədə yeni nəsil siyasətçilər bunun üçün lazımdır.
Aydındır ki, Ermənistanın daxilindəki əhali S.Sərkisyanın tələbatını ödəyə bilməyəcək. Çünki Qarabağ siyasətinə görə Ermənistan vətəndaşlarının böyük əksəriyyəti Rusiya ilə ikili vətəndaşlığa malikdir. Rusiya ilə ikili vətəndaşlıq Ermənistan vətəndaşları üçün kifayət qədər cəlbedicidir; Həm övladlarını orduya göndərmirlər, həm də qocalarkən daha böyük məbləğdə təqaüd almaq şansına malikdir”.
Politoloqun fikrincə, Ermənistandakı ermənilərin strateji inkişaf istiqaməti bəllidir.
“Belə olan halda S.Sərkisyanın yeganə çarəsi Dağlıq Qarabağdakı erməniləri Ermənistana köçürmək və bununla da belə demək mümkünsə həm Ermənistanın dövlət kimi mövcudluğunu, eləcə də özünün hakimiyyətini davam etdirə biləcəyini nümayiş etdirmək.
S.Sərkisyan Angela Merkelin presedentindən istifadə edib ən azı 4 dəfə hakimiyyətdə qalmaq barədə düşünür. O, Dağlıq Qarabağ ermənilərini Ermənistana köçürmədən bu niyyətinə çata bilməyəcək. Ermənistandan əhali qaçır, qaçmayan da Ermənistanda yaşayanlar Rusiya vətəndaşlığını qəbul edib, Rusiya təbəəsi olacaq və Rusiya istənilən anda Ermənistandakı hakimiyyəti dəyişə, parlament seçkilərinə təsir edə bilər. S.Sərkisyanın ziyanına belə hadisənin baş verməməsinin yeganə qarantı yalnız Dağlıq Qarabağ ermənilərinin Ermənistana köçürülməsidir və S.Sərkisyan da təhtəlşüurda bu plana malikdir və tədricən bu planı da reallaşdıracaqdır”.
S.Xankişiyeva