Aprel döyüşlərinin hərbi nəticələri - Vaqif Dərgahlı yazır
2016-cı ilin aprel ayının 2-dən 5-dək cəbhə xəttində gərginliyin artmasının və Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təxribatlar törətmək cəhdinin qarşı tərəfdən əvvəlcədən planlaşdırılması şübhəsizdir.
Hadisələrin səbəb və nəticələrini təhlil edərkən məhz bu tarixlər çərçivəsində deyil, bir qədər əvvələ baxmaqla qoşunların təmas xəttində Ermənistanın təxribatlar törətmək üçün istənilən məqamdan istifadə etməsinin şahidi oluruq.
2014-cü ilin oktyabr ayında Azərbaycan və Ermənistan prezidentlərinin Paris görüşündən dərhal sonra Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində 46 min nəfərdən artıq şəxsi heyətin və 5 mindən çox texnikanın iştirakı ilə genişmiqyaslı hərbi təlimlər keçirildi. Məhz bu təlimlərdə Ermənistanın Erebunu hərbi bazasında dislokasiya olunan Mi-24 tipli helikopteri açıq şəkildə mövqelərimizə hücum etdi və bölmələrimiz tərəfindən məhv edildi. Bu dövrdən başlayaraq cəbhə xəttində, eləcə də dövlət sərhəddində Ermənistan məqsədyönlü şəkildə gərginliyi artırır və təxribatlar törətməyi davam etdirirdi. Hətta əsas hədəf kimi dövlət sərhəddi seçilmişdi ki, bu da Ermənistanın münaqişəyə üçüncü dövləti cəlb etmək məqsədini daşıyırdı.
Eyni zamanda hələ 2015-ci ilin əvvəllərindən etibarən Ermənistanın hərbi doktrinasında əsaslı dəyişikliklərin edilməsi prosesi başladı. Ermənistanın siyasi və hərbi rəhbərliyində olan müxtəlif şəxslər “DQR” ətrafındakı “təhlükəsizlik qurşağı”nın genişləndirilməsi məsələsini gündəmə gətirərək gələcək işğalçılıq fəaliyyətləri üçün ideoloji zəmin yaratmağa cəhd göstərirdilər.
2015-ci ilin payızından etibarən fəallaşan erməni tərəfi qoşunların təmas xətti boyunca yerləşən mövqelərimizi və cəbhə yaxınlığındakı yaşayış məntəqələrini intensiv atəşə tuturdu. Düşmən cəbhədə vəziyyəti gərginləşdirmək məqsədilə dəfələrlə kəşfiyyat-təxribat fəaliyyətinə cəhd göstərirdi.
2016-cı ilin mart ayının ortalarından başlayaraq Ermənistanın silahlı qüvvələri təxribatlarını artıraraq sərhədyanı yaşayış məntəqələrinin və təmas xəttinin bilavasitə yaxınlığında yerləşən kəndlərin dinc əhalisinin atəşə tutulmasını daha da gücləndirdi. Erməni tərəfi iriçaplı silahlardan, qumbaraatan, minaatan, eləcə də kalibri 120 mm-dən yuxarı olan artilleriya sistemlərindən istifadə etməyə başladı. Azərbaycan Ordusunun bölmələri hər dəfə düşmənə zərbə vuraraq onu canlı qüvvə və döyüş texnikası sarıdan itkiyə məruz qoyurdu.
Hərbi cəhətdən iflasa uğrayan Ermənistanın kriminal hərbi siyasi-rejimi cəbhədəki uğursuzluqlarının əvəzini çıxmaq məqsədilə növbəti dəfə təxribat törətməyə cəhd göstərdi. Belə ki, 2016-cı ilin aprel aının 2-nə keçən gecə bütün cəbhəboyu mövqelərimiz müxtəlif silahlardan intensiv atəşə tutuldu. Eyni zamanda qoşunların təmas xəttinə yaxın bir sıra yaşayış məntəqələri də düşmən atəşinə məruz qaldı.
Qarşı tərəfin hərbi aktivliyini genişləndirməsinə imkan verməmək, onun fəaliyyətinin qarşısını almaq məqsədilə komandanlıq tərəfindən əməliyyat şəraiti qiymətləndirilərək dərhal cavab tədbirlərinin görülməsi üçün qərar verildi.
Cəbhənin ən gərgin Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətlərində yerləşən hərbi hissələr, artilleriya bölmələri və digər qoşun növlərinin birgə əlaqəli fəaliyyəti nəticəsində qısa müddətdə erməni silahlı bölmələrinə qarşı cavab tədbirləri görüldü.
Düşmən müdafiəsinin ön xəttində və dərinliyində cəmləşən hərbi hədəflərin koordinatları müəyyənləşdirildi, atəş gücü vasitəsilə edilən həmlələrimiz nəticəsində onun döyüş texnikası, canlı qüvvəsi və digər hərbi infrastrukturu sıradan çıxarıldı.
Əməliyyat zamanı Ermənistan silahlı qüvvələrinin Ağdərə, Madagiz və digər yaşayış məntəqələrindən hərəkətə gətirmək istədiyi ehtiyat qüvvələri bölmələrimiz tərəfindən önləyici zərbələrlə dağıdıldı.
Düşmənin atəş nöqtələrinə və artilleriya qurğularına vurulan zərbələr, kəşfiyyat qruplarımız tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində şimal istiqamətində Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış məntəqəsi ətrafında, cənubda isə Horadiz şəhəri və Araz çayı boyu bəzi kəndlərin düşmən təhlükəsindən qorunması məqsədilə Lələtəpə yüksəkliyi və onun ətrafındakı strateji cəhətdən mühüm ərazilər azad edildi. Bölmələrimiz tərəfindən azad edilən ərazilərdə yeni mövqelər quruldu və mühəndis-istehkam tədbirləri həyata keçirildi.
Erməni silahlı qüvvələri bu döyüşlərdə böyük itkilərə məruz qaldı. Bizdə olan məlumatlara görə, 320-dən artıq düşmən məhv edildi və 500-dən artıq erməni hərbi qulluqçusu yaralandı. Qarşı tərəfin 30-dək tankı və digər zirehli texnikası, 25-dən artıq artilleriya qurğusu sıradan çıxarıldı, Madagiz yaşayış məntəqəsində yerləşən qərargahı və əsas hərbi hissələri məhv edildi. Ağdərə-Madagiz, Cəbrayıl istiqamətindəki yolların nəzarətdə saxlanılması imkanı əldə edildi. Ordumuz tərəfindən 2000 hektardan artıq ərazi azad edildi və daha çox ərazi əməliyyat baxımından nəzarətimiz altına keçdi.
Ermənistandan əlavə hərbi qüvvə, o cümlədən könüllü adı altında dünyanın müxtəlif qaynar nöqtələrindən muzdlu döyüşçülər gətirməklə düşmən itirdikləri ərazilərin geri qaytarılmasına dəfələrlə cəhd göstərdi, lakin hər dəfə tutarlı cavab alaraq geri oturduldu. Bu döyüşlər zamanı düşmən tərəfinin Ermənistadakı demək olar ki, bütün hərbi qüvvələrini əməliyyatlara cəlb etməsinə baxmayaraq, Azərbaycan Ordusu hərbi əməliyyatlara yalnız müdafiənin ön xəttində yerləşən qüvvələrinin bir qismini cəlb etmişdi.
Azərbaycan Ordusunun həyata keçirdiyi bu əks-həmlə əməliyyatının əsas məqsədi - erməni hərbi birləşmələrinə zərbə vuraraq onları təmas xəttində yerləşən kəndlərimizdə yaşayan dinc əhaliyə qarşı mütəmadi olaraq törətdikləri təxribatlarının qarşısının alınması və yaşayış məntəqələrimizi hədəfə alan atəş nöqtələrinin təsirinin azaldılmasından ibarət idi. Bu tapşırıq da uğurla yerinə yetirildi.
Hazırda da düşmən tərəfi tam demoralizə edilib, onun hərbi-siyasi strategiyası iflasa uğrayıb. Bu hadisələrdən sonra Ermənistanın hərbi-siyasi rəhbərliyində baş verən proseslər qonşu “dövlətin” idarəçilik aparatındakı, o cümlədən hərbi strukturundakı problemləri, boşluqları ortaya çıxardı.
Bu gün də Azərbaycan Ordusu qarşısında duran vəzifələrin yerinə yetirilməsi üçün bütün zəruri tədbirləri davam etdirir, cəbhəboyu əməliyyat şəraitini tam nəzarət altında saxlayır və istənilən təxribatların qarşısını almağa hazırdır.
Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun fəaliyyətinə ən böyük qiyməti ölkə Prezidenti cənab İlham Əliyev verdi. Ali Baş Komandanın “aprel döyüşləri dövlətimizin və Ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini və vətənpərvərliyini nümayiş etdirmişdir” - fikri aprel əməliyyatlarına verilən ən yüksək qiymətdir.
Polkovnik V. Dərgahlı