Şahin Mustafayev Misirin Azərbaycanda yeni təyin olunmuş səfiri ilə görüşüb
İqtisadiyyat naziri, Azərbaycan Respublikası və Misir Ərəb Respublikası arasında hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın həmsədri Şahin Mustafayev bu ölkənin Azərbaycanda yeni təyin olunmuş səfiri Adel İbrahimlə görüşüb.
1news.az xəbər verir ki, səfir təyin olunması münasibəti ilə Adel İbrahimi təbrik edən İqtisadiyyat naziri ona Azərbaycanda dilomatik fəaliyyətində uğurlar arzulayıb.
Ümummilli lider Heydər Əliyevin, Azərbaycan Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Misirə səfərlərini vurğulayan Şahin Mustafayev keçirilən görüşlərin, aparılan danışıqların ölkələrimiz arasında əlaqələrin inkişafında mühüm əhəmiyyətini diqqətə çatdırıb.
İqtisadiyyat naziri Misirlə əlaqələrin inkişafına böyük önəm verildiyini, Azərbaycanın Afrika qitəsindəki ilk səfirliyinin məhz Misirdə açıldığlnı, Azərbaycanın Misirlə beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığını qeyd edib.
Şahin Mustafayev bildirib ki, bu ilin fevralında Misirin Qahirə şəhərində Azərbaycan və Misir arasında hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın 4-cü iclası keçirilib və ölkələrimiz arasında əlaqələrin inkişafı istiqamətləri barədə müzakirələr aparılıb. Ölkələrimiz energetika, ticarət, təhsil, əczaçılıq və s. sahələrdə əməkdaşlıq edir. Əməkdaşlığın inkişafı üçün potensialı vurğulayan Şahin Mustafayev Misirlə turizm sahəsində əlaqələrinin genişlənməsində birbaşa aviareysin açılmasının məqsədəuyğun olduğunu diqqətə çatdırıb. Bildirilib ki, Misirin investisiya və beynəlxalq əməkdaşlıq naziri, Azərbaycan və Misir Ərəb Respublikası arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın həmsədri xanım Sahar Nasrın Azərbaycana dəvət olunub və səfər çərçivəsində biznes forumun təşkilinin iş adamları arasınada əlaqələrin genişlənməsində əhəmiyyətli olacaqdır.
Görüşdə İqtisadiyyat naziri Şahin Mustafayev Misir tərəfinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tutduğu ədalətli mövqeyə və Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə təşəkkür edib.
Misirin Azərbaycandakı səfiri Adel İbrahim ölkələrimiz arasında iqtisadi əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğunu, Azərbaycanın və Misirin biznes dairələri arasında əlaqələrin genişlənməsində bisnes forum, işgüzar görüş və digər formatlı tədbirlərin önəmini qeyd edib, Səfirliyin iqtisadi əlaqələrin genişləndirilməsinə səy göstərəcəyini vurğulayıb.
1news.az