Elmar Məmmədyarov Toqonun xarici işlər nazirini qəbul edib

Xarici işlər naziri Elmar Məmmədyarov Qoşulmama Hərəkatının Bakıda keçirilən aralıq nazirlər konfransı çərçivəsində Toqonun xarici işlər naziri Robert Dussey ilə görüşüb.
Bu barədə 1news.az-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Ölkəmizdə olmasından məmnunluğunu bildirən toqolu nazir Qoşulmama Hərəkatının Bakıda keçirilən konfransının yüksək səviyyədə təşkilini xüsusi qeyd edib.
Nazirlər ölkələrimiz arasında münasibətlərin inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparıblar. Bu xüsusda Azərbaycan ilə Toqo arasında iqtisadi-ticarət əlaqələrinin dərinləşdirilməsi yolları müzakirə olunub. Nazirlər biznes forumların keçirilməsinin ticarət dövriyyəsinin artmasına töhfə verəcəyinə əminliklərini ifadə ediblər.
Nazir Elmar Məmmədyarov Azərbaycanın Qoşulmama Hərəkatı ölkələri üçün xüsusi təhsil təqaüdü ayırdığını qeyd edərək Toqonun da bundan faydalana biləcəyini deyib. O, həmçinin Azərbaycanın “EXPO-2025”ə ev sahibliyi etmək üçün müraciət etdiyini bildirib.
Görüşdə Azərbaycanın Afrika İttifaqı ilə əməkdaşlığı, habelə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
1news.az