Arye Qut: 11 aprel seçkiləri yeni islahat və nailiyyətlərin başlanğıcı olacaq

Azərbaycanda prezident seçkiləri ölkə cəmiyyəti üçün çox mühüm siyasi hadisədir.
Biz seçki məntəqələrinə gedən və arzu etdikləri namizədlərə səs verən Azərbaycan xalqının seçkilərdə yetərincə fəallıq göstərdiyinin həmişə şahidi olmuşuq. Şübhə etmirəm ki, Azərbaycan cəmiyyəti budəfəki prezident seçkilərində də fəal iştirak edəcək.
1news.az-ın sechki-2018.az-a istinadla verdiyi xəbərə görə, bu fikirləri beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert, İsrailin “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri Arye Qut İsrailin 9-cu televiziya kanalının “Den” informasiya-analitik proqramında çıxış edərkən söyləyib.
Arye Qut qeyd edib ki, bu seçkilər dövlətin tarixində yeni eranın başlanğıcı kimi xarakterizə olunur.
“Əminəm ki, bu seçkilər yeni islahat və nailiyyətlərin başlanğıcı və hərəkətverici qüvvəsi olacaq. Hazırda Azərbaycan özünün ən yeni tarixində mühüm inkişaf mərhələsini yaşayır. Düşünürəm ki, aprelin 11-də prezident seçkiləri beynəlxalq norma və qaydaların tələblərinə müvafiq və yüksək səviyyədə keçiriləcək. Siyasi partiyalar və KİV üçün tam azadlıq var, internet məkanı tam azaddır. Hesab edirəm ki, seçkilərdə gələcək və inkişaf naminə düzgün seçimini edəcək Azərbaycan xalqının iradəsi nümayiş olunacaq”, - deyə israilli ekspert vurğulayıb.
S.Xankişiyeva