Süd məhsullarında brusellyoz xəstəliyi və onun fəsadları ilə bağlı araşdırma aparılıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Süd məhsullarında brusellyoz xəstəliyi və onun fəsadları ilə bağlı araşdırma aparılıb

17:41 - 09 / 04 / 2018
Süd məhsullarında brusellyoz xəstəliyi və onun fəsadları ilə bağlı araşdırma aparılıb

Qida Təhlükəsizliyi Agentliyi süd məhsullarında brusellyoz xəstəliyi və onun törətdiyi fəsadlarla bağlı maraqlı bir araşdırma aparıb.

Bu barədə 1news.az-a Agentliyin Kommunikasiya və İnformasiya Texnologiyaları şöbəsindən məlumat verilib.

Məlumata əsasən, süd və süd məhsulları təxminən 6 milyard insanın qidasının ən önəmli hissəsini təşkil edir. Dünyada hər il 730 milyon ton süd və süd məhsulları istehsal edilir. Süddən qatıq, yoqurt, pendir, qaymaq və s. kimi məhsullar istehsal olunur. Hələ 4000 il bundan əvvəl süd və süd məhsulları qədim insanlar tərəfindən istehlak edilib.

Süd məhsullarının insan orqanizminə və sağlamlığına çox böyük faydası var. Süd və süd məhsullarının tərkibində makro və mikroelementlərin olması insanda bir sıra xəstəliklərin formalaşmasının qarşısını alır. Bu cür məhsullarda bir sıra vitaminlərin (B1, B2, B12 və D) olması maddələr mübadiləsinə və həzm prosesinə kömək edir. O cümlədən tərkibində kalsium, fosfor və oliqosaxaridlərin, yəni mürəkkəb strukturlu şəkərlərin olması insanın böyüməsinə, sümüklərin və dişlərin normal inkişafına təkan verir.

Aparılmış tədqiqatlar zamanı müəyyən edilmişdir ki, süd və süd məhsullarının tərkibində olan D vitamini, kazein və albumin zülalları, laktoferrin insanda bir sıra xərçəng növlərinin (döş, yumurtalıq, prostat vəzi) inkişafını ləngidir və orqanizmin onlar ilə mübarizəsinə kömək edir.

Süd və süd məhsullarının insan sağlamlığına təhlükə törətmədən istehlak edilməsi çox vacibdir. Bu cür məhsulların bir sıra zərərli və xəstəlik törədən bakteriyalar, göbələklər, o cümlədən onların toksinləri, yəni zəhərləri ilə tez-tez çirklənməsi müşahidə edilir. Adətən, zərərli mikroorqanizmlər süd və süd məhsullarına xəstə heyvandan, sanitar vəziyyəti pis olan ərazidən, o cümlədən istehsal zamanı texnoloji proseslərə düzgün əməl edilməməsi, xəstələnmiş insanın istehsal prosesində iştirak etməsi nəticəsində keçə bilər.

Bundan əlavə, istehlakçıların süd və süd məhsullarını lazımi şəraitdə və temperaturda saxlamaması süd məhsullarının korlanmasına, bakteriyal çirklənməsinə və insan sağlamlığında ciddi fəsadlara yol açmasına səbəb ola bilər.

Südün tam təhlükəsiz olması məqsədilə onun düzgün temperatur emalına ehtiyacı var. Temperaturun düzgün seçilməsi südün tərkibində olan vacib maddələrin parçalanmaması, o cümlədən zərərli bakteriyalardan təmizlənməsi baxımından çox vacibdir. Sterilizasiya və pasterizasiya kimi temperatur emalından istifadə edilir. Sterilizasiya zamanı süd 130-150 dərəcədə qaynadılaraq istehlak edilir və adətən, bu metoddan ev şəraitində istifadə olunur.

Hazırda südün pasterizasiya edilərək satılması daha geniş yayılıb. Bu metod vasitəsilə süd tərkibində olan faydalı maddələri saxlayır və insan sağlamlığına lazım olan komponentlər tərkibində qalır. Sənayedə pasterizasiyanın yüksək temperaturlu qısa zamanlı (HTST) və ultra yüksək temperatur emalı (UHT) üsullarından istifadə edilir. HTST zamanı süd 72 dərəcədə 15 saniyə qızdırılır və sonra isə soyudulur. UHT zamanı isə süd 138 dərəcədə 1-2 saniyə qızdırılır və dərhal soyudulur. Pasterizasiya emalından keçmiş süddən tam təhlükəsiz şəraitdə bir sıra məhsullar hazırlanır.

Süd və süd məhsullarında bir sıra zərərverici və xəstəlik törədən bakteriyalar qrupuna aid olan Acinetobacter spp., Pseudomonas spp., Clostridium spp., Bacillus spp., Brucella spp., Staphylococcus spp., Mycobacterium paratuberculosis (heyvanda vərəm törədən bakteriya) və E. coli geniş yayılıb.

Qeyd etdiyimiz bakteriyaların əksəriyyəti insanlarda xəstəlik törətməklə yanaşı, süd və süd məhsullarına öz toksinlərini sintez etmək qabiliyyətinə malikdir. Toksinin az dozası uşaqlar üçün çox təhlükəlidir, hətta onlarda ölümə də səbəb ola bilər.

Qida təhlükəsizliyi baxımından bu cür mikrob çirklənməsinə həssas məhsullar ciddi şəkildə texnoloji emal prosesindən keçirilməli və həmin qidaların təhlükəsizlik göstəriciləri daim yoxlanılmalıdır. Süd və süd məhsulları zülal və bir sıra vacib elementlər ilə zəngin olduğundan daim bakterial çirklənməyə məruz qalırlar, çünki bu qidalı mühit mikroorqanizmlərin inkişafı üçün çox əlverişlidir.

Qeyd edilən mikroorqanizmlər içində insan sağlamlığına vurduğu zərər baxımından ən təhlükəlisi Brucella spp.-dır. Brucella spp, adətən, xəstə heyvandan südə keçir və süd düzgün emal prosesindən keçmədikdə, insanı yoluxduraraq ciddi sağlamlıq problemləri yaradır.

Bu zoonoz bakteriya hüceyrədaxili parazit olub insanda ağır fəsadlara səbəb olan brusellyoz adlı infeksion – allergik xəstəliyin formalaşmasına səbəb olur. Zoonoz bakteriya dedikdə, heyvanda infeksion xəstəlik törədən və insana keçən mikroorqanizm başa düşülür. Brusellyoz xəstəliyinin insana pasterizə edilməmiş süddən, o cümlədən xəstə heyvan ilə birbaşa təmasdan keçməsi mümkündür.

Brusellyoz xəstəliyini ilk dəfə 1887-ci ildə Sir David Bruce xəstə əsgərlərin müayinəsi zamanı müəyyən edib. Bu xəstəlik insanlarda ciddi bədən ağrılarına, hərarətin yüksəlməsinə, iştahsızlığa səbəb olur. Ağır formalarda isə hətta ölüm ilə nəticələnir. Brusellyoz xəstəliyinin müalicəsi zamanı yalnız antibiotiklərdən istifadə edilir. Düzgün pasterizə edilməmiş süd və ondan hazırlanmış pendir məhsullarının insan tərəfindən istehlakı sağlamlığa ciddi təhlükə yaradan Brusella bakteriyası ilə yoluxma hallarının artmasına səbəb olur.

Brusella bakteriyası xam südün düzgün temperaturda emal edilməməsi nəticəsində sağ qalır və həmin süddən istehsal edilən məhsulları bakterial çirkləndirərək insanın brusellyoz xəstəliyinə yoluxmasına səbəb olur. O cümlədən brusellyoz xəstəliyinin insanlara keçməməsinin qarşısını almaq məqsədilə mal-qaranın vaxtında vaksin olunması vacibdir. Vaksinasiya edilmiş heyvanın südünə Brusella bakteriyasının keçməsi ehtimalı çox azdır.

Qida Təhlükəsizliyi Agentliyinin vəzifələrindən biri də insan sağlamlığı üçün tam təhlükəsiz süd və süd məhsullarının istehsal edilməsinə nəzarət edərək, əhalinin yüksək keyfiyyətli qidalar ilə təmin edilməsində iştirak etməkdir. Süd ilkin emal prosesində düzgün pasterizasiya edilməli, ondan istehsal ediləcək məhsulların təhlükəsiz olmasına bilavasitə şərait yaradılmalı, süd məhsullarının düzgün temperatur emalı nəticəsində qidaların Brusella bakteriyası ilə yoluxma riskinin azaldılmasına nail olunmalıdır. Agentliyin laboratoriyalarında bu bakteriyanın müxtəlif metodlarla qısa zamanda aşkarlanması və təyin edilməsi insanların təhlükəsiz qidalanmasına öz töhfəsini verəcək.

İnsanların süd və süd məhsullarından keçmə ehtimalı yüksək olan brusellyoz xəstəliyinin qarşısını almaq üçün yuxarıda qeyd olunan qaydalara riayət etməsi vacibdir.

1news.az

Paylaş:
1981

Son xəbərlər

“Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötürBu gün, 10:33Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişibBu gün, 10:17Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:53
Bütün xəbərlər