ƏL-FƏCR qəzeti Azərbaycanda keçirilən prezident seçkilərindən yazıb

BƏƏ-nin nüfuzlu ərəb dilli mətbuat orqanı olan ƏL-FƏCR qəzetinin 11 aprel tarixli buraxılışında Azərbaycanda keçirilən prezident seçkiləri haqqında dərc olunub.
1news.az xəbər verir ki, “Milyonlarla azərbaycanlı bu gün seçki qutularına üz tutur. Səkkiz namizəd prezidentlik postu uğrunda rəqabət aparır. İlham Əliyev qələbəyə daha çox şanslıdır” başlıqlı məqalədə Azərbaycanda keçirilən prezident seçkilərini müşahidə etmək məqsədi ilə Bakıda səfərdə olan ƏL-FƏCR qəzetinin baş redaktoru Şərif Bassel seçkilərə hazırlıq prosesi, prezidentliyə namizədlər haqqında geniş məlumat veib.
Qəzetin bir səhifəsinin tamamən Azərbaycana həsr olunduğu məqalədə, müəllif ölkəmizin daxili və xarici siyasət sahəsində mühüm nailiyyətlər əldə etmiş, həyatın bütün sahələrində aparılmış islahatlar nəticəsində Azərbaycanın regionda lider ölkələr sırasına çıxarmış hakim partiyanın namizədi İlham Əliyevin qələbəyə daha şanslı namizəd olduğunu bildirib.
Baş redactor Şərif Bassel, “Seçiləcəyi təqdirdə növbəti 7 il ərzində ölkəni daha da böyük inkişafa və uğurlu gələcəyə aparacağına inanan Azərbaycan xalqının cənab İlham Əliyevə tam etimad etdiyini” yazıb.
Mərkəzi Seçki Komissiyasının sədri ilə görüşü barəsində yazan məqalə müəllifi, Məzahir Pənahovun seçicilər siyahısına 5314365 nəfərin daxil olduğunu, ölkə üzrə 5426 seçki məntəqəsinin yaradıldığını və səhər saat 8-dən etibarən axşam saat 7-yə qədər səsvermənin keçiriləcəyini diqqətə çatdırıb.
Komissiyanın sədri seçkilərin keçirilməsi üçün tam şəffaf şəraitin yaradıldığını qeyd edib.
1news.az