SAM ATƏT/DTİHB, ATƏT PA və AŞPA-nı qarayaxma kampaniyasına son qoymağa çağırdı
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) aprel ayının 11-də keçirilmiş prezident seçkilərinin nəticələrinə dair ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB), ATƏT Parlament Assambleyasının və Avropa Şurası Parlament Assambleyasının birgə müşahidə missiyası tərəfindən hazırlanmış ilkin hesabat mətnini qərəzli və qeyri-obyektiv hesab edərək, Azərbaycan Respublikasına və vətəndaşlarının azad seçiminə qarşı yönəldilmiş bu növbəti qarayaxma kampaniyasına dərhal son qoymağa çağırır.
1news.az-a SAM-dan verilən məlumatda xüsusilə diqqətə çatdırılır ki, seçki kampaniyası dövründə qeydə alınmış səkkiz namizədin hər birinə hüquq bərabərliyi çərçivəsində bütün imkanlar verilmiş, vaxtilə həm ATƏT Parlament Assambleyasının və həm də Avropa Şurası Parlament Assambleyasının yüksək dəyər verdikləri Azərbaycan Respublikasının Seçki Məcəlləsinin müəyyən etdiyi qaydalara uyğun olaraq seçicilərlə azad şəkildə fikir və görüşlərini ifadə etmələri üçün əlverişli platforma yaradılıb.
Bundan başqa, seçkilərdə iştirakdan imtina edən bütün siyasi təşkilatların da demokratik hüquqlarına, o cümlədən sərbəst toplaşma azadlığı hüququna geniş təminat verilib. Belə ki, həmin siyasi qüvvələr heç bir maneə və təzyiqlə üzləşmədən iki dəfə mitinq keçirmiş, öz tələblərini azad şəkildə ifadə ediblər.
Azərbaycanda prezident seçkiləri bir sıra beynəlxalq təşkilatların, bütövlükdə 60000-dən çox yerli və beynəlxalq müşahidəçinin diqqət mərkəzində olub. Eyni zamanda, seçki məntəqələrində quraşdırılmış yüzlərlə veb-kamera vasitəsilə seçki prosesini birbaşa izləmək üçün geniş imkanlar da yaradılıb. Məhz həmin çoxsaylı müşahidəçilər prezident seçkilərinin ədalətli, şəffaf və tamamilə demokratik prinsiplər əsasında keçirildiyini bildirdikləri halda, yuxarıda adları çəkilən Avropa qurumlarının müşahidə missiyası tamamilə fərqli, açıq şəkildə qərəzli mövqe tutaraq seçkilərin obyektiv nəticələrini şübhə altına almağa çalışıblar.
Nəticədə qondarma "tərəfsiz müşahidəçilər" dən obyektiv və məntiqi cavab tələb edən suallar ortaya çıxmaqdadır. Görəsən, ATƏT-in "Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu" qurumu hansı səbəbləri əsas gətirərək seçkilərdə müşahidəçi missiyasını yalnız Şərqi Avropa və postsovet məkanında yerləşən ölkələrlə məhdudlaşdırıb? Hansı bəhanələrə görə, Qərb dövlətləri bu fəaliyyətdən kənarda qalıblar? Nə üçün Azərbaycanda keçirilmiş prezident seçkilərinə məqsədli şəkildə qərəzli yanaşan "demokratiya carçıları" - ATƏT Parlament Assambleyası və Avropa Şurası Parlament Assambleyası və DTİHB Fransada prezident seçkiləri zamanı Sarkozinin seçki kampaniyasının Liviya rəhbəri M. Qəzzafi tərəfindən maliyyələşdirilməsinə dair ittihamlara, ABŞ-də son prezident seçkilərinə xarici müdaxilə amilinə indiyədək özünün münasibətini bildirməyiblər?
Bu sualların cavabları isə seçkilərdən öncə aydın idi. Dünyada cərəyan edən qlobal və təhlükəli siyasi oyunların alətinə, geosiyasi maraqların təminatçısına çevrilməklə sürətlə nüfuzdan düşən bu təsisatların hədəfləri gənc dövlətlərin müstəqil daxili və xarici siyasət yürütməsi və xalqların suveren hüquqlarıdır. Onların Azərbaycanda keçirilmiş prezident seçkilərinin yekunlarına dair qabaqcadan tərtib etdikləri “ilkin hesabat” ın ədalətsiz və qeyri-obyektiv olması, real mənzərənin bilərəkdən təhrif edilməsi də həmin qərəzli niyyətlərin göstəricisidir. Dövlətlərin və xalqların müstəsna hüquqlarına ikili standartlar və "bizimlə olmayan bizim rəqibimizdir" prinsipindən yanaşmanın növbəti hədəfi isə Azərbaycan Respublikası vətəndaşlarının azad seçimi, onların öz gələcək talelərini və dövlətimizin inkişaf yolunu sərbəst və kənar müdaxilə olmadan müəyyən etmələridir".
Bir daha vurğulayırıq ki, 2018-ci ilin aprel ayının 11-də Azərbaycan Respublikasında keçirilmiş prezident seçkiləri dövlətimizin və xalqımızın demokratik inkişafı və tərəqqisi yolunda mühüm və tarixi mərhələ olub. Azərbaycan xalqı bir daha demokratiya və şəffaflıq şəraitində öz tarixi seçimini edib.
1news.az












