Beynəlxalq elmi konfrans türk-müsəlman xalqlarına qarşı soyqırımlarına dair yeni tarixi faktların üzə çıxarılmasına xidmət edir | 1news.az | Xəbərlər
Siyasət

Beynəlxalq elmi konfrans türk-müsəlman xalqlarına qarşı soyqırımlarına dair yeni tarixi faktların üzə çıxarılmasına xidmət edir

21:54 - 26 / 04 / 2018
Beynəlxalq elmi konfrans türk-müsəlman xalqlarına qarşı soyqırımlarına dair yeni tarixi faktların üzə çıxarılmasına xidmət edir

Qusarda keçirilən “XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” mövzusunda V Beynəlxalq elmi konfransda aparılan müzakirələr yeni tarixi faktların üzə çıxarılmasına xidmət edir. Bu kimi tədbirlər həm də ölkələr arasında elmi əlaqələrin möhkəmləndirilməsində böyük rol oynayır.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirlər aprelin 26-da Qusar şəhərində işə başlayan V Beynəlxalq elmi konfransın açılış mərasimində səsləndirilib.

Prezident İlham Əliyevin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamına uyğun olaraq təşkil edilən beynəlxalq konfrans Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutu, Türkiyə Respublikası Nazirlər Kabineti yanında Atatürk Mədəniyyət, Dil və Tarix İdarəsi Atatürk Araşdırma Mərkəzi, Türkiyənin Azərbaycandakı səfirliyi və Qusar Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilir.

Konfransda Azərbaycanla yanaşı, Türkiyə, Rusiya Federasiyası və onun müxtəlif subyektlərindən, Polşa, Albaniya, Özbəkistan, Qazaxıstan, Pakistan, Hindistan və İraqdan görkəmli tarixçilər iştirak edirlər.

Beynəlxalq elmi konfransın iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Qusar şəhərində ucaldılmış abidəsini ziyarət edib, qarşısına gül dəstələri düzüblər. 1918-ci ildə “Qanlı dərə”də qələbə qazanmış Qusar və Quba qəhrəmanlarının şərəfinə ucaldılmış abidə də ziyarət olunub.

Həmçinin Qusar Mədəniyyət Mərkəzində türk-müsəlman xalqlarına qarşı soyqırımları haqqında tarixi faktları özündə əks etdirən kitablar və digər nəşrlərdən ibarət sərgi ilə tanışlıq olub.

Konfransın əvvəlində Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib, soyqırımı qurbanlarının, eləcə də torpaqlarımızın azadlığı uğrunda şəhid olan həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Prezident İlham Əliyevin konfrans iştirakçılarına müraciətini oxuyub.

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov çıxış edərək beynəlxalq konfransın əhəmiyyətindən danışıb. Bildirilib ki, 1918-ci ilin inzibati ərazi bölgüsünə görə Qusar ərazisi Bakı quberniyasının Quba qəzasına daxil idi. Həmin dövrdə Bakı Xalq Komissarları Sovetinin komissarı Stepan Şaumyanın tapşırığı ilə ermənilərdən ibarət 2 min nəfərlik hərbi dəstə Quba qəzasına göndərilmişdi. Erməni generalı Hamazaspın rəhbərlik etdiyi bu hərbi dəstə 1918-ci ilin yanvar-may aylarında Quba qəzasında 16 mindən çox insanı məhv etmişdi. Soyqırımına məruz qalan sakinlər arasında xeyli sayda ləzgi, tat, yəhudi və digər xalqların nümayəndələri də var idi. Qırğınlar zamanı daşnak-bolşevik birləşmələri Quba qəzasında 162 kəndi dağıtmışdı ki, bunlardan da 35-i xəritədən silinib. Daşnaklar təkcə Quba, Qusar və Xaçmaz ərazisində 26 məscidi yandırmışdılar. Onlar qadın, uşaq demədən, qarşılarına çıxan hər kəsi öldürür, evlərə soxularaq ailələri ucdantutma qırırdılar.

Düşmənlər silah-sursat sarıdan nə qədər güclü olsalar da, yerli əhali, əsrlərlə bir yerdə dostluq və qardaşlıq şəraitində yaşamış azərbaycanlılar, ləzgilər, tatlar və digərləri birləşərək onların qarşısını almağa çalışır və bu yolda son nəfəslərinədək müqavimət göstərərək şəhid olurdular. Məhz “Qanlı dərə” bu bölgədə yaşayan xalqların qanlarının bir-birinə qarışdığı müqəddəs bir məkandır. Buna görə də türk-müsəlman xalqlarına qarşı soyqırımlarından bəhs edən elmi konfransın Qusar şəhərində keçirilməsi tarixi əhəmiyyətə malikdir.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, dövlətimizin başçısının “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 2018-ci il 18 yanvar tarixli Sərəncamına əsasən təşkil olunan beynəlxalq elmi konfrans tarix boyu xalqımıza qarşı törədilən qırğınlar haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından böyük əhəmiyyət kəsb edir. Ermənilərin əsassız iddialarının ifşa edilməsində, onların Anadoluda, Azərbaycanda törətdikləri soyqırımları ilə bağlı həqiqətlərin dünyaya çatdırılmasında istər Türkiyədə, istərsə də ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə aparılan geniş ideoloji və təbliğati iş öz müsbət bəhrəsini verməkdədir. Dünya ictimaiyyəti artıq ermənilərin iç üzünü tanıyır. Hamı görür ki, ermənilərin soyqırımı iddiaları siyasi alətdən başqa bir şey deyildir.

İsa Həbibbəyli qeyd edib ki, 1918-ci ildə azərbaycanlıların kütləvi qırğını, sonralar deportasiyaya məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması isə XX əsrin ən faciəli hadisələrindəndir. Həmin ilin mart-aprel aylarında daşnak-bolşevik birləşmələrinin Azərbaycanın müxtəlif bölgələrində törətdikləri amansız qətliamların əsas məqsədi azərbaycanlıları milli etnos kimi yer üzündən silmək, onların tarixi torpaqlarına yiyələnmək olub. Ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra bu məsələyə prinsipial yanaşma nümayiş etdirilib, erməni millətçilərinin xalqımıza qarşı illərlə reallaşdırdıqları soyqırımı və deportasiya siyasətinin mahiyyəti bütünlüklə açıqlanıb və ifşa olunub. Bu gün isə Prezident İlham Əliyevin rəhbərliyi ilə erməni təcavüzünün nəticələrinin aradan qaldırılması, respublikamızın ərazi bütövlüyünün və suverenliyinin təmin olunması, aparıcı dünya dövlətləri və nüfuzlu beynəlxalq dairələr tərəfindən ölkəmizin ədalətli mövqeyinin etiraf olunması və müdafiəsi istiqamətində ardıcıl və məqsədyönlü iş aparılır. Artıq Qafqazda ermənilərin həyata keçirdiyi soyqırımlarını araşdıran tarixçilər arasında xeyli sayda ədalətli, obyektiv beynəlxalq tədqiqatçılar da var. Sevindirici haldır ki, ermənilərin törətdiyi qırğınlar haqqında bir sıra xarici dillərdə obyektiv məqalələr, kitablar çap olunur. AMEA-da da soyqırımı faktlarının araşdırılması ilə bağlı çox mühüm işlər görülür.

AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru Yaqub Mahmudov çıxış edərək bildirib ki, 1914-1918-ci illərdə böyük dövlətlərin fəal köməyi ilə terrorçu-ekstremist erməni təşkilatlarının Azərbaycanın və Şərqi Anadolunun türk-müsəlman əhalisinə qarşı həyata keçirdiyi soyqırımları dünya tarixinin ən dəhşətli səhifələridir. Məkrli ermənilər "böyük Ermənistan" yaratmaq xülyası ilə zaman-zaman işğalçılıq, qəsbkarlıq siyasəti yeridiblər. Əsrlər boyu, xüsusilə 1918-ci ildə ermənilər Bakıda, Qubada, Şamaxıda, Lənkəranda, Zəngəzurda, Qarabağda, Naxçıvanda, İrəvan ellərində və digər şəhər və rayonlarımızda xalqımıza qarşı soyqırımı həyata keçirib, minlərlə insanı - qocanı, qadını, uşağı, gənci qanlarına qəltan ediblər. Həmin dövrdə Şamaxı şəhərinin müsəlmanlar yaşayan hissəsində çəkilmiş fotoşəkillərdə bu vəhşiliyin izlərini aydın görmək olar.

Yaqub Mahmudov vurğulayıb ki, bu kimi beynəlxalq tədbirlərin keçirilməsi dünya ictimaiyyətinin diqqətini Azərbaycanda və Şərqi Anadoluda türk-müsəlman əhalisinə qarşı törədilən soyqırımlarına yönəltmək baxımından böyük əhəmiyyətə malikdir. Ermənilər heç bir fakt olmadan bütün dünyaya soyqırımına məruz qalmaları barədə yalan məlumatlar yayırlar. Amma üzə çıxan tarixi faktlar bunun əksini sübut etməkdədir. Biz elm adamlarının əsas vəzifəsi bu faktları araşdırıb beynəlxalq aləmə çatdırmaqdır.

Türkiyənin Azərbaycandakı səfirinin müavini Volkan Öskiper iki qardaş ölkənin ortaq acılarının xalqlarımızı daha sıx birləşdirdiyini deyib. “Dünya ədalətsizdir deyib, əllərimizi yanımıza salmağımız düzgün olmaz. Bu ədalətsizliyə qarşı birlikdə mübarizə aparmalıyıq. 100 il öncə də eyni haqsızlıq vardı. Ermənilər bizə sözlə ifadə edilməsi mümkün olmayan şiddətli dəhşətlər yaşatdılar. Bu çətinliklər xalqlarımızı daha da birləşdirdi. Qafqaz İslam Ordusu azərbaycanlı qardaşlarımızın köməyinə gəldi. Bizim ehtiyacımız olanda Azərbaycan əl uzatdı. Ortada yalanlar və həqiqətlər var. Nəyin yalan, nəyin doğru olduğunu tarixçilər araşdırıb üzə çıxarmalıdır. Əks halda maraqlı tərəflər tarixi siyasiləşdirərək dünya ictimaiyyətinə özlərinə sərf edən formada yalan məlumatlar verməkdə davam edəcəklər. Buna görə də keçirdiyimiz konfranslar davamlı olmalı, Türkiyədə və digər ölkələrdə də təşkil edilməlidir. Bugünkü konfransda çox sayda ölkələri təmsil edən tarixçilərin, alimlərin iştirak etməsi sevindirici haldır. İnanıram ki, tarixi faktların beynəlxalq ictimaiyyətə çatdırılmasında bu tədbirin çox böyük faydası olacaq”, - deyə Volkan Öskiper bildirib.

Beynəlxalq konfransın açılış mərasimində Atatürk Araşdırma Mərkəzinin sədr müavini Nihat Fəthi Böyükbaş, Moskva Tarix, İqtisadiyyat və Hüquq İnstitutunun prezidenti, professor İqor Turitsın, Beynəlxalq Qazax-Türk Universitetinin kafedra müdiri, professor Elmira Zulpıxarova, Özbəkistan Elmlər Akademiyasının Tarix İnstitutunun professoru Kaxraman Racabov, siyasi elmlər doktoru, Pakistanda nəşr olunan “Müdafiə” jurnalının əməkdaşı Mahmud ul-Həsən xan, Kumık elm və mədəniyyət cəmiyyətinin sədri, “Yoldaş” qəzetinin baş redaktoru Kamil Əliyev və Hindistan alimi, Aligarx İslam Universitetinin professoru Arşi Xan çıxış edərək, müzakirə olunan mövzular ətrafında fikirlərini səsləndiriblər.

İki gün davam edəcək beynəlxalq konfrans 3 bölmə üzrə keçirilir. Birinci bölmədə “1905-1906-cı illərdə Azərbaycan xalqına qarşı kütləvi qırğınlar”, “1917-1920-ci illərdə Azərbaycan xalqına qarşı soyqırımları”, “1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından – Ermənistan SSR-in ərazisindən deportasiyası”, “1988-1991-ci illərdə azərbaycanlıların öz tarixi torpaqlarından – Ermənistan Respublikasının ərazisindən deportasiyasının başa çatdırılması”, “1991-1994-cü illərdə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı, azərbaycanlılara qarşı soyqırımları və etnik təmizləmələr” istiqamətlərində məruzələr dinləniləcək.

Növbəti iki bölmədə isə məruzələr “1914-1920-ci illərdə Şərqi Anadolu, Urmiya, Salmas, Xoy bölgələrində türk-müsəlman əhaliyə qarşı soyqırımları”, “XX əsrdə Qafqaz, Volqaboyu və Mərkəzi Asiya xalqlarına qarşı soyqırımları və deportasiyalar” mövzularına həsr olunacaq.

Beynəlxalq elmi konfransa aprelin 27-də yekun vurulacaq.

1news.az

Paylaş:
447

Son xəbərlər

Baş Qərargah rəisi artilleriya bölmələrinin taktiki təlimini izləyib - FOTOBu gün, 14:41İlham Əliyev və Aleksandr Lukaşenko Cıdır düzündə olublarBu gün, 14:23Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublarBu gün, 14:20USTA MƏNƏM!” Peşəkar ustalıq müsabiqəsində iştirak etmək üçün Holcim şirkəti ölkənin ən yaxşı ustaları dəvət edirBu gün, 14:17İlham Əliyev qazaxıstanlı həmkarına zəng edibBu gün, 14:15Prezidentlərə Şuşanın Baş planı barədə məlumat verilibBu gün, 14:01Azərbaycan ilə Belarusun birgə istehsalı olan avtobusa və Belarus Prezidentinin hədiyyə etdiyi traktorlara baxış keçirilibBu gün, 13:52Azərbaycan və Belarus prezidentləri Şuşada işğal dövründə gülləbaran edilmiş heykəllərə baxıblarBu gün, 13:51İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblərBu gün, 13:49Audiovizual Şuranın, MEDİA Agentliyinin və AzərTAC-ın rəhbərləri Mərakeş Krallığında işgüzar səfərdədir - FOTOBu gün, 13:42“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!Bu gün, 12:55Sabahın hava proqnozuBu gün, 12:40Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVABu gün, 12:36Qazaxda əmək hüquqlarını pozan şirkət 20 min manat cərimələndiBu gün, 12:26FHN Tovuzda qazdoldurma məntəqələrinin istismarını dayandırıb - FOTOBu gün, 12:13Əli Əsədov Efiopiya Baş nazirinin müavini ilə görüşübBu gün, 12:01Bakıda itkin düşən iki nəfər tapılıbBu gün, 11:59Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublarBu gün, 11:43FHN: Ötən sutka 14 yanğına çıxış olubBu gün, 11:37Küçələrdə dilənçilik edən 342 uşaq aşkarlanıbBu gün, 11:25
Bütün xəbərlər