Karapetyan Paşinyanın görüş təklifini rədd etdi
Ermənistanın baş naziri vəzifəsini icra edən Karen Karapetyan müxalifətin lideri, millət vəkili Nikol Paşinyanın görüş barədə təklifini rədd edib.
1news.az “aysor.am”a istinadla xəbər verir ki, bu barədə Karapetyanın mətbuat katibi Aram Araratyan deyib.
“Tərəflərdən yalnız birinin öz gündəliyini diqtə etdiyi, digər tərəfin isə gündəliyini təqdim edə bilməyəcəyi danışıqları görüş hesab etmək olmaz”, Araratyan əlavə edib.
Onun sözlərinə görə, Karapetyanın mövqeyi bundan ibarətdir ki, mətbuatın iştirakı ilə danışıqların aparılması təklifi hansısa nəticələrin əldə edilməsinin məqsəd olmadığını göstərir: "Həll yollarını tapmayan "danışıqlara" qoşulmağın perspektivi yoxdur".
Karapetyan hesab edir ki, Paşinyan Ermənistanda vəziyyətin və həll yollarının axtarılması üçün Ermənistan parlamentinin və parlamentdən kənar bütün siyasi qüvvələrin iştirakı ilə birgə müzakirəsi təklifini qəbul etməlidir.
P.Sultanova