ABŞ Qüdsdə səfirliyini açdı
Mayın 14-də Birləşmiş Ştatların İsraildəki yeni səfirliyinin açılış mərasimi keçirilib.
1news.az AZƏRTAC-a istinadla xəbər verir ki, açılış mərasiminə ABŞ-ın dövlət katibinin müavini Con Sallivan və maliyyə naziri Stiven Mnuçinin başçılıq etdiyi nümayəndə heyəti gəlib. ABŞ prezidentinin kürəkəni və baş müşaviri Cared Kuşner, onun həyat yoldaşı, Donald Trampın qızı və köməkçisi İvanka Tramp, Vaşinqton administrasiyasının beynəlxalq danışıqlar üzrə xüsusi nümayəndəsi Ceyson Qrinblatt da nümayəndə heyətinə daxildir. İsrail tərəfindən isə mərasimə ölkə rəhbərliyi tam heyətlə - Baş nazir Binyamin Netanyahu, ölkə prezidenti Reuven Rivlin, knessetin (parlament) spikeri Yuli Edelşteyn qatılıb.
Mərasimin bayramsayağı xarakter daşımasına baxmayaraq, səfirliyə çevrilmiş keçmiş konsulluğun yaxınlığındakı küçələr bağlanıb. İnsanlara zərurət olmadığı təqdirdə bu rayona gəlməmək və burada gəzməmək tövsiyə olunur. Qüdsün mərkəzi hissəsinə xüsusi təyinatlı qüvvələr və sərhəd polisi də daxil olmaqla minlərlə polis əməkdaşı yerləşdirilib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp dekabrın 6-da Qüdsün İsrailin paytaxtı kimi tanınması barədə bəyanatla çıxış edib. Regionda vəziyyəti gərginləşdirən bu addım bir çox dünya liderləri və beynəlxalq təşkilatlar tərəfindən kəskin etirazla qarşılanıb.
1news.az