Politoloq: Paşinyan Dağlıq Qarabağ problemini Ermənistan-Azərbaycan münasibətlərindən ayırmaq niyyətindədir | 1news.az | Xəbərlər
Siyasət

Politoloq: Paşinyan Dağlıq Qarabağ problemini Ermənistan-Azərbaycan münasibətlərindən ayırmaq niyyətindədir

16:06 - 16 / 05 / 2018
Politoloq: Paşinyan Dağlıq Qarabağ problemini Ermənistan-Azərbaycan münasibətlərindən ayırmaq niyyətindədir

Dağlıq Qarabağa ilk səfəri zamanı Nikol Paşinyanın verdiyi bəyanatların yaratdığı fon Ermənistanın ekspert və ictimai-siyasi mühitində bəzi məsələləri arxa plana keçirib.

1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu Ermənistandakı vəziyyətlə bağlı açıqlamanı şərh edərkən bildirib:

“Ekspert mühiti N.Paşinyanı 7 rayonun Azərbaycana qaytaracaq lider kimi qəbul edirdi. İctimai-siyasi mühit, eləcə də xalqın böyük əksəriyyəti təhtəlşüurda 7 rayonun Azərbaycana qaytarılmasına çoxdan hazırdır. N.Paşinyanın mitinqlərinin gur olmasının əsas səbəblərindən biri də budur. Yerevan ermənilərinin böyük bir qismi hətta Dağlıq Qarabağın Azərbaycana qaytarılmasının tərəfdarıdır.

N.Paşinyanın ermənilərin qulaqlarının alışdığı fikirləri Dağlıq Qarabağda təkrarlaması ekspert mühitində canlanma yaratdı. Özünü aldatmağı xoşlayan ekspert mühiti N.Paşinyanın səsləndirdiyi fikirlərdə bəzi tonallıqları görmək istəmədilər. Onun səsləndirdiyi fikirlərdən bəziləri  sensasiyadır: N.Paşinyan Azərbaycanla danışıqları yalnız Ermənistanın adından aparacağını bildirdi. N.Paşinyanın fikrincə, Dağlıq Qarabağ da danışıqlar prosesinə ayrıca qoşulmalıdır. Əslində N.Paşinyanın belə mövqeyi Dağlıq Qarabağ tənzimlənməsində Azərbaycanın rəsmi doktrinasına tam uyğundur: Azərbaycan üçün Dağlıq Qarabağ münaqişəsinin adı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsidir. Rəsmi Bakının fikrincə, ermənilərlə azərbaycanlılar arasında münaqişə 2 tərkib hissəsinə malikdir”.

Politoloqun fikrincə, Ermənistanla Azərbaycan arasında tarixdən qaynaqlanan problemlər. Bura Zəngəzur, İrəvan, Göyçə və digər ərazilərin hissə-hissə Azərbaycana qaytarılması, 1987-ci ildən başlayaraq Ermənistan SSR-dən qovulmuş azərbaycanlıların Ermənistan Respublikasına qaytarılması və buna müvafiq olaraq Azərbaycan SSR-ni tərk etmiş ermənilərin Azərbaycan Respublikasına qayıtmasına şərait yaratmaq:

“Dağlıq Qarabağ probleminin həlli. İlkin mərhələdə 7 rayonun Azərbaycanın nəzarətinə qaytarılması. Sonra isə tədricən Dağlıq Qarabağın Azərbaycanın tərkibinə qaytarılması. Dağlıq Qarabağdakı ermənilər 1923-cü ildə olduğu kimi yenidən Azərbaycanın tərkibində qalmağı seçə bilərlər.

N.Paşinyan özünün mərhələli həll variantını təklif edir: Əvvəlcə Ermənistan-Azərbaycan münasibətləri normallaşdırılır. Bu mümkündür. İlkin şərt olaraq Ermənistan Dağlıq Qarabağ da daxil olmaqla bütün işğal olunmuş ərazilərdən öz qoşunlarını çıxarır və bundan sonra nəqliyyat əlaqələri, investisiya, birgə iqtisadi layihələr və regional layihələrə qoşulmaq məsələlərinin müzakirəsi başlayır. Qısa müddət ərzində müzakirələr bitir və əməli fəaliyyət başlayır.

N.Paşinyanın yaratdığı hərəkat və baş nazir təyin olunması Dağlıq Qarabağ tənzimlənməsində aktivlik yaratdı. Bax burada N.Paşinyan Serj Sərkisyanın tam tərsinə hərəkət etdi. Serj Sərkisyanın bütün fəaliyyəti Dağlıq Qarabağ tənzimlənməsi ilə əlaqəli prosesləri tormozlamaq idi. İmitasiya edirdi. Aİ, ABŞ və RF-də müəyyən ümidlər yaratdı. Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə yüksək təmsilçisi F.Moqerininin N.Paşinyana təbrik müraciətində Dağlıq Qarabağ tənzimlənməsinin Aİ üçün bir nömrəli tapşırıq adlandırması təsadüfi deyil. N.Paşinyan görünür, təkcə aktivlik və ümid deyil, həm də iştah yarada bilib”.

Mübariz Əhmədoğlunun sözlərinə görə, 2016-cı il aprel təxribatının arxitektoru Ermənistanda müdafiə naziri təyin edildi:

“Ermənistanın yeni baş naziri N.Paşinyanın təyin etdiyi yeni müdafiə naziri D.Tonoyan Ermənistanın hərbi mühiti üçün yeni adam deyil. Amma onun ən böyük fəaliyyəti 2016-cı ilin aprel təxribatına arxitektorluq etməsidir. D.Tonoyan hədsiz aktiv nazir müavini idi. Rusiya ilə əlaqələri minimal olsa da, Qərbdə üzünə bütün qapılar açıq idi. Bu imkanlarından istifadə edərək o “passiv müdafiədən aktiv cilovlamaya” hərbi siyasi konsepsiyasını hazırladı.

Bu konsepsiyanı iki dəfə NATO-nun Brüsseldəki iqamətgahında  müzakirə etdikdən sonra ATƏT-in Vyandakı qərargahında və Londonda “Chatam House”də geniş müzakirələrdə yeni konsepsiyasının təqdimatını keçirdi. 2016-cı ilin fevralında baş tutmuş bu müzakirələrin finalı Ermənistanın Yazıçılar Birliyində D.Tonoyanla görüş zamanı baş tutdu. Konsepsiyanın qısa mahiyyəti belədir: Azərbaycan ordusu böyükdür, güclüdür. Statik müdafiə vəziyyətində arada baş verən hərbi əməliyyatlar Azərbaycana uğur gətirir. Yaranmış vəziyyəti erməni ictimaiyyətinə izah etmək çətin olur. Ona görə Ermənistan ordusu imkanlar yaradıb, Azərbaycan ordusuna zərbələr endirməklə onu erməni ordusuna qarşı hərbi əməliyyatlardan çəkindirməlidir. Çevik cilovlama zamanı Ermənistan ordusunun elit hissələrinin əldə etdiyi qələbələr erməni xalqını daha da ruhlandıracaq.

Bu konsepsiya 2016-cı il aprel döyüşlərinə gətirib çıxardı və nəticəsi bəllidir. D.Tonoyan az sonra yeni müdafiə naziri Vigen Sərkisyanla yola getmədiyi üçün nazir müavinliyindən uzaqlaşdırıldı. Amma onun Qərblə əlaqələri və təxribat törətmə potensialı o zamankı prezident Serj Sərkisyan tərəfindən yüksək qiymətləndirildiyi üçün Fövqəladə Hallar Naziri təyin edildi. D.Tonoyan Fövqəladə Hallar Nazirliyinin əsas funksiyalarını unutdu və bu nazirliyi ikinci hərbi nazirliyə çevirdi. ABŞ və NATO-dan aldığı dəstəklərin hesabına məqsədyönlü hərbi təlimlər keçirdi. Fövqəladə Hallar Nazirliyinin öz funksiyası ilə məşğul olmamasının ən bariz göstəricisi D.Tonoyanın Fövqəladə Hallar Naziri olduğu dövrdə Ermənistanda baş verən meşə yanğınlarında bu nazirliyin əlacsızlığıdır”.

Politoloqun fikrincə, N.Paşinyan D.Tonoyanın məhz Qərblə əlaqələrinə və təxribat törətmək potensialına görə müdafiə naziri təyin etdi.

“Çünki N.Paşinyan Serj Sərkisyanın yolunu davam etdirir. Başa düşür ki, Rusiyanı Cənubi Qafqazda hərbi təxribatlara cəlb etmək Ermənistan üçün böyük geosiyasi və maliyyə resursudur. Naxçıvanda təxribat ssenarisi Ermənistan üçün hava və su kimi lazımdır. Əgər N.Paşinyana Rusiya ilə normal hərbi əlaqələr lazım olsaydı o D.Tonoyanı  nazir təyin etməzdi. Vaqarşak Arutyunyanın müdafiə naziri olması ideyasını Dağlıq Qarabağ erməniləri irəli sürmüşdülər.

N.Paşinyan avantürist manerasına görə də Serj Sərkisyanı təkrarlayıb. Amma S.Sərkisyan təxribatları şüurlu şəkildə hazırlayırdı və Qərbdə müəyyən dairənin dəstəyini əldə edə bilirdi. Amma N.Paşinyan belə bacarığa və inama malik deyil.

N.Paşinyanın elə ilk günlərdən regional təhlükəsizlik məsələlərində Rusiyaya badalaq gəlməsi hər halda Kreml tərəfindən cavabsız qala bilməz. Çünki geosiyasi proseslər Moskvanı ən azı özünə hörmət etməyə vadar edir”.

S.Xankişiyeva

 

Paylaş:
386

Son xəbərlər

Qrant qaçaqmalçılığında mənimsənilən pullar: Anar Məmmədli və İmran Əliyev işində yeni detallar - FOTO - VIDEO04 / 05 / 2024, 18:35Bölgələrə yağış yağıb - FAKTİKİ HAVA - YENİLƏNİB04 / 05 / 2024, 18:11Azərbaycan və Türkiyə XİN başçılarının görüşü olub04 / 05 / 2024, 17:47Azərbaycan və Kuba Gimnastika Federasiyaları arasında anlaşma memorandumu imzalanıb04 / 05 / 2024, 17:15Lənkəranda 13 yaşlı yeniyetmənin barmaqları ətçəkən maşında qalıb04 / 05 / 2024, 16:51Şərura dolu düşüb - FAKTİKİ HAVA04 / 05 / 2024, 16:24XİN Azərbaycanın NATO ilə əməkdaşlığına dair paylaşım edib04 / 05 / 2024, 15:49DYP “Bakı Marafonu-2024” ilə əlaqədar sürücülərə müraciət edib04 / 05 / 2024, 15:25Maştağada adam öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb04 / 05 / 2024, 15:09Qəzzada ölənlərin sayı 34 654 nəfərə çatıb04 / 05 / 2024, 14:55Tovuzda zəlzələ olub04 / 05 / 2024, 14:28Neftçilərə yeni mənzillər təqdim edilib - YENİLƏNİB04 / 05 / 2024, 14:18İlham Əliyev Türkiyə ilə baytarlıq sahəsində əməkdaşlığa dair sazişi təsdiqləyib04 / 05 / 2024, 14:15Prezident Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutmanın ləğv edilməsinə dair sazişi təsdiqləyib04 / 05 / 2024, 14:13Xankəndi Şəhər Prokurorluğu yaradılıb - SƏRƏNCAM04 / 05 / 2024, 14:11ABŞ Fondu minatəmizləmə işləri ilə əlaqədar Azərbaycana növbəti maliyyə dəstəyi göstərmək niyyətindədir04 / 05 / 2024, 13:59Sabunçuda köməkçi tikili yanıb04 / 05 / 2024, 13:35Səbaildə maşın oğurlayan şəxs saxlanılıb04 / 05 / 2024, 13:18Abşeronda gizli sexdə keyfiyyətsiz yuyucu vasitələr hazırlayan dəstə üzvləri saxlanılıb04 / 05 / 2024, 13:04Bazar gününün hava proqnozu04 / 05 / 2024, 12:49
Bütün xəbərlər