Qüds məsələsi: İƏT-in toplantısı və pərdə arxasındakı üç zümrə | 1news.az | Xəbərlər
Siyasət

Qüds məsələsi: İƏT-in toplantısı və pərdə arxasındakı üç zümrə

13:50 - 22 / 05 / 2018
Qüds məsələsi: İƏT-in toplantısı və pərdə arxasındakı üç zümrə

İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) fövqəladə sammiti keçirilib. Tədbirin təşəbbüskarı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan olub.

Toplantıya İordaniya Kralı, Qətər Əmiri və İran Prezidenti də qatılıb. İştirakçılar Amerika səfirliyinin Qüdsə köçürülməsi nəticəsində regionda yaranmış geosiyasi vəziyyəti müzakirə ediblər. İƏT yekunda bir sıra qərarlar qəbul edib. Onların sırasında İsrail və ABŞ-a qarşı birgə fəaliyyət haqqında müddəalar da var. O cümlədən bu iki ölkəyə Qüds məsələsində dəstək verən dövlətlərə qarşı da sanksiyaların tətbiq edilməsi imkanlarından bəhs edilib.

Bununla ekspertlər İslam aləmində müəyyən bir siyasi təşkilatlanmanın olduğu barədə fikir bildirirlər. Onlar hesab edirlər ki, İslam ölkələri birlikdə ciddi addımlar atmalıdırlar ki, qarşıya çıxan maneələri dəf etsinlər. Bu aspektdə ABŞ siyasətinə təsir edən üç zümrənin mövcudluğu ilə əlaqədar mətbuatda dərc edilən yazılar da diqqəti çəkir. Onların üzərində geniş dayanmağa ehtiyac görürük.

Fövqəladə toplantı: müsəlman ölkələrini Qüds birləşdirir

ABŞ-ın səfirliyini Təl-Əvivdən Qüdsə köçürməsi İslam aləmində böyük siyasi əks-reaksiya doğurdu. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) növbədənkənar toplantısını təşkil etdi. Tədbir İstanbulda keçirildi. Təbii ki, onun əsas müzakirə mövzusu Qüds məsələsi idi. İƏT Vaşinqtonun məlum addımını kəskin qınayaraq diplomatik nümayəndəliyin Qüdsə köçürülməsinin beynəlxalq hüquq normalarına zidd olduğunu vurğuladı. Bununla, əslində, Amerika Yaxın Şərqdə yeni müharibəyə rəvac vermiş oldu. Bunun ilk əlaməti Qəzzədə 60-dan çox fələstinlinin qətlə yetirilməsidir. Proses bütövlükdə böyük təhlükələr meydana çıxara bilər.

İƏT həmin səbəblərdən yalnız sözdə qınama ilə kifayətlənməyib. Toplantıda çıxış edənlər konkret addımlardan da bəhs ediblər. ABŞ, İsrail və onlara dəstək verən ölkələrə qarşı sanksiyaların tətbiq edilməsi də təklif olunub. Prezident R.T.Ərdoğan tədbirdəki çıxışı zamanı deyib: "Qınamaq, hirslənmək, bağırmaq bu günə qədər işğalı dayandırmadığı kimi, bundan sonra da dayandırmayacaq. Müsəlmanlar öz haqlarını alana qədər heç kim bizə haqqımızı qızıl teştdə verməyəcək" (bax: "Kudüs, bir terör devletinin insafına bırakılmayacak kadar mukaddes ve mübarek bir beldedir" / www.tccb.gov.tr, 18 may 2018).

R.T.Ərdoğan sözlərinə davam edərək Amerikanın Qüds qərarının İslam dünyasına yönəlik yeni əməliyyatların müjdəçisi olduğunu ifadə edib. Və əgər bununla bağlı lazımi addımlar atılmasa, daha ağır hadisələr qaçılmazdır (bax: əvvəlki mənbəyə). Toplantıda iştirak edən digər dövlət başçıları bu mövqe ilə razılaşıblar ki, bu da qəbul edilən yekun bəyannamədə öz ifadəsini tapıb. Orada yer alan müddəalara görə, İƏT ABŞ, İsrail və onlara dəstək verən dövlətlərə qarşı iqtisadi, siyasi, diplomatik tədbirlər görə bilərlər. Çox güman ki, əsas yeri iqtisadi-ticari sanksiyalar tutur. Alınan qərarın nə dərəcədə həyata keçiriləcəyini zaman göstərəcək. Lakin ekspertlər İƏT-in son toplantısında əldə edilən razılıqların geosiyasi əhəmiyyətini artıq vurğulayırlar.

Doğrudan da, ilk dəfədir ki, İslam ölkələri təşkilat halında ABŞ-a qarşı hansısa addım atmağa qərar verirlər. Məsələ heç də bunun Amerikaya necə təsir edəcəyi ilə bağlı deyil. Burada iki əhəmiyyətli məqam var. Birincisi, İƏT məsələni BMT-də qaldırmaq qərarına gəlib. Burada ABŞ-ın addımlarına müəyyən qiymət verilsə, vəziyyət ciddiləşər. Bu bağlılıqda maraqlıdır ki, R.T.Ərdoğan Rusiya və Almaniya rəhbərliyi ilə də məsələni müzakirə etdiyini söyləyib. Angela Merkel və Vladimir Putin İƏT-i faktiki olaraq dəstəkləyiblər. Yəni, əgər BMT-də məsələ müzakirə edilsə, Rusiya dəstək verəcək. Gözləmək olar ki, digər böyük dövlətlər də Vaşinqtonun əməllərini qınayacaqlar.

KİV-də yayılan informasiyalara görə, Avropanın üç dövləti – Almaniya, Fransa, Böyük Britaniya, həmçinin Rusiya və Çin İranla nüvə sazişinin Amerikanın iştirakı olmadan yeni variantı üzərində işləmək niyyətindədirlər. Onlar bununla bağlı Vyanada görüşməyi nəzərdə tutublar. Bu informasiya öz təsdiqini tapsa, Vaşinqton müəyyən mənada dünya siyasətində təklənmiş olacaq. Məsələnin bu tərəfini daha əhəmiyyətli edən başqa bir faktor da var.

Gizli dəstək: ABŞ hakimiyyətinə təsir edən qruplar

İkincisi, Türkiyə mətbuatı Amerika hakimiyyətində baş verən dəyişikliklərlə Qüds hadisəsi arasında pərdəarxası əlaqələrin olması barədə yazılar dərc edir (bax: məs., Serdar Turgut.Kudüs’ün arka planı / "Habertürk", 16 may 2018). Vaşinqtonun fəaliyyətində üç pərdəarxası məqamın olduğu haqqında yazılır. Onlardan birincisi – xristian sionistlər, ikincisi – yevangelistlər, üçüncüsü isə – neokonlardır (neokonservatorlar). Bu üç zümrə indi Amerikanın xarici siyasətinin məzmununa ciddi təsir edirlər.

Onların başlıca məqsədləri güc hesabına amerikan dəyərlərini dünyaya qəbul etdirməkdən ibarətdir. Bu bağlılıqda İsrailin müdafiə olunması əsas yerlərdən birini tutur. Bütün şərtlər daxilində İsrailə dəstək verilməlidir. Xristian sionistlərin başlıca siyasi məqsədinin bundan ibarət olduğu çoxdan məlumdur. Bu prosesdə neokonservatorların yaratdığı "Foundation for Defense of Democracies" (FDD) vəqfi böyük rol oynayır. Onlar ABŞ hakimiyyətində öz adamlarını sistemli və ardıcıl olaraq yerləşdirməkdədirlər. Donald Trampın prezident olmasında həmin zümrənin rolu olduğu vurğulanır. Hazırda D.Tramp administrasiyasında baş verən kadr dəyişikliklərində əsas rolu da məhz onların oynadığı bildirilir (bax: əvvəlki mənbəyə). Təsadüfi deyil ki, administrasiyaya yeni kadrların gəlişini ilk bayram edən FDD olub.

Yevangelistlərə gəldikdə isə, onların ABŞ-da böyük dayaqlarının olmasından bəhs edilir. 2008-ci ildə İsrailin yaradılmasının 60 illiyi ilə bağlı Amerika yevangelistlərinin ciddi dəstək verdiyi haqqında KİV-də məqalələr dərc olunub (bax: məs., Евангелисты непоколебимы в поддержке Израиля / "Голос Америки", 8 may 2008). ABŞ-ın San-Antonio şəhərinin "Məhək daşı" kilsəsinin keşişi Con Haqi yevangelistdir. O, israilpərəst siyasətin tərəfdarıdır. C.Haqi deyib ki, 50 milyonluq amerikan yevangelistləri 5 milyonluq Amerika yəhudiləri ilə əlbir olsa, "bu, ilahi müttəfiqlik olacaq" (bax: əvvəlki mənbəyə).

Hələ 2006-cı ildə İsrail "Hizbullah"a hücum edərkən, C.Haqi Vaşinqtonda 3 min yevangelisti yığıb, İsrailə dəstək nümayiş etdirmişdi ki, bu da Təl-Əvivə şans vermişdi. Bütün bunlara görə də, D.Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması barədə sənəd imzalaması və Amerika səfirliyinin Qüdsə köçürülməsinin bir təsadüf olmadığı, əksinə, Vaşinqtonda ciddi siyasi dəyişikliklərin baş verdiyini göstərir. O cümlədən mütəxəssislər Suriyada amerikalıların kürdləri dəstəkləməsini, bütövlükdə antitürkiyə ovqatının mövcudluğunu yuxarıda vurğulanan məqamlarla əlaqələndirirlər.

Əgər belə bir vəziyyət meydana gəlibsə, onda ABŞ-ın Yaxın Şərq siyasətində D.Trampın prezidentliyi dövründə müsbətə doğru dəyişikliyin olacağını gözləmək əbəsdir. Bunun fonunda İsrail-Fələstin münaqişəsinin də səngiməyəcəyini proqnozlaşdırmaq olar. Belə bir durum isə Yaxın Şərqdə geosiyasi situasiyanı daha da gərginləşdirə bilər. O cümlədən İsrail və ABŞ-ın antiiran addımlarının yeni səviyyəyə yüksələcəyini təxmin etmək mümkündür.

Bunlar onu ifadə edir ki, İƏT-in qəbul etdiyi qərarlar real olaraq İslam aləminin gələcəyinə ciddi təsir göstərə bilər. Söhbət hansısa keçici bir geosiyasi dalğaya qarşı durmaqdan getmir, Amerika hakimiyyətində "şahinlər" möhkəmlənirlər və onlar müharibələrə hazırdırlar. "Şahinlərin" müttəfiqləri isə yuxarıda vurğuladığımız üç zümrə və Yaxın Şərqdə konkret bir dövlətdir. Belə bir mövqe ilə dünya siyasətini hara aparmağın mümkün olacağını zaman göstərəcək. Lakin tarix həmişə sübut edir ki, ədalətsizlik, tərəfkeşlik və haqsızlıq sona qədər getmir. Haradasa qırılma nöqtəsi olur. Amerika üçün bunun hansı sonucları verəcəyini amerikan xalqı düşünməlidir. Üç zümrənin maraqları universal deyil.

Newtimes.az

 

Paylaş:
315

Son xəbərlər

FHN “Ağ çiçəyim”də baş verən yanğınla bağlı məlumat yaydı: Məhdudlaşdırılıb - VİDEOBu gün, 01:06Azadlıq prospektindəki yanğınla bağlı daha bir küçədə hərəkət məhdudlaşdırılıb - YENİLƏNİBBu gün, 00:22Əfv Məsələləri komissiyasının iclasında 100-dən çox müraciətə baxıldı15 / 05 / 2024, 17:54“Bakı Metropoliteni” sosial mediada yayılan videogörüntülərə aydınlıq gətirib15 / 05 / 2024, 17:48Azərbaycan və Belarus antiinhisar orqanları təcrübə mübadiləsi aparacaq15 / 05 / 2024, 17:34Avropa Parlamentinin deputatı Şuşada olub15 / 05 / 2024, 17:29Audiovizual Şura BDU-nun tələbələri üçün növbəti seminar təşkil edib15 / 05 / 2024, 17:19Araik Arutyunyan və digər erməni separatçıların həbs müddəti uzadılıb15 / 05 / 2024, 17:01Sabah Bakıda yol qovşağında təmir işlərinə başlanılacaq15 / 05 / 2024, 16:42Narkotik vasitənin təsiri altında inzibati məsuliyyətdən yayınmağa çalışan sürücü həbs edilib15 / 05 / 2024, 16:18Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi yaradılır15 / 05 / 2024, 16:17Baş direktor “IDEB 2024” sərgisində iştirak edir15 / 05 / 2024, 15:44Samir Nuriyev Belarus Baş nazirinin müavini ilə görüşüb15 / 05 / 2024, 15:35Penitensiar xidmət və DİN birgə əməliyyat keçirib, silahlar aşkarlanıb15 / 05 / 2024, 15:32AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib15 / 05 / 2024, 15:03ABB-nin Suraxanı filialı da yeniləndi!15 / 05 / 2024, 14:26Azərbaycan Özbəkistanla seysmologiya sahəsində təcrübə mübadiləsi aparacaq15 / 05 / 2024, 14:18Xocalıda Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasına həsr olunan tədbir keçirilir15 / 05 / 2024, 14:11Səkkiz Azərbaycan vətəndaşı Suriyadan repatriasiya edilib15 / 05 / 2024, 13:36Azərbaycan və Belarus XİN başçıları əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə ediblər15 / 05 / 2024, 13:22
Bütün xəbərlər