Luis Çanq Boldrini: Azəbaycan və Peru yeni sazişlər üzərində iş aparır
Perunun Azərbaycandakı müvəqqəti işlər vəkili Luis Çanq Boldrininin diplomatik fəaliyyətinin başa çatması ilə bağlı qəbul keçirilib.
1news.az xəbər verir ki, tədbirdə diplomatik korpusların nümayəndələri, ictimaiyyət təmsilçiləri iştirak edib.
L.Ç.Boldrini və Azərbaycan xalqına qonaqpərvərliyinə görə təşəkkürünü bildirib. Deyib ki, burada çalışmaq onun üçün çox xoş olub.
Daha sonra çıxış edən Perunun Azərbaycana yeni təyin olunmuş səfiri xanım Milaqros Kastanyon Seoane Azərbaycanda olmağından şad olduğunu dilə gətirib. O, iki ölkə arasında dostluğun davam edəcəyinə ümid etdiyini vurğulayıb.
Luis Çanq Boldrini jurnalistlərə açıqlamasında vurğulayıb ki, Azərbaycan coğrafi olaraq bizim üçün çox maraqlı mövqedə yerləşir:
"Biz görürük ki, Azərbaycan həm Şimal-Cənub, həm Şərq-Qərb dəhlizlərindən, həmçinin, neft-qazından səmərli istifadə edir. Bu, Azərbaycan xalqının maraqları, sosial rifahı naminə istifadə edilir".
Diplomat qeyd edib ki, Cənub Qaz Dəhlizinin işə salınması Azərbaycan üçün uzunmüddətli yeni gəlir mənbəyini təmin edəcək: "Sizin təbii ehtiyatlarınız Azərbaycan xalqının rifahı naminə istifadə ediləcək. Biz Azərbaycanla ticarət münasibətlərinin hələ başlanğıcındayıq, bu istiqamətdə işlər görürük. Ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi hələ də azdır, amma bunun artımı üçün çalışırıq".
Boldrini bildirib ki, hazırda hər iki hökumət arasında bir neçə sazişlər müzakirə edilir: "Bu sazişlər vasitəsilə iki ölkə arasında həm siyasi, həm iqtisadi sahələrdə yüksək əlaqələr qurulacaq. Bundan başqa, elm, müdafiə sahələrində, beynəlxalq təşkilatlar çərçivəsində də bir çox işlər üzərində çalışa bilərik".
Azərbaycana yeni səfir təyinatının iki ölkə arasında əməkdaşlığı intensivləşdirəcəyini vurğulayan Boldrini bildirib ki, mədəniyyət, turizm sahəsinə dair sazişlər üzərində də işlər aparılır və bu sahələr beynəlxalq əməkdaşlığın mühüm sektorlarıdır: " Ümid edirəm ki, qısa zamanda bu işlərlə bağlı konkret nəticələr əldə edəcəyik".
Pərvanə Sultanova