Mübariz Əhmədoğlu: Dağlıq Qarabağ məsələsində aktiv qeyri-müəyyənliyi Ermənistan üçün ciddi problem yaradır | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Dağlıq Qarabağ məsələsində aktiv qeyri-müəyyənliyi Ermənistan üçün ciddi problem yaradır

10:21 - 31 / 05 / 2018
Mübariz Əhmədoğlu: Dağlıq Qarabağ məsələsində aktiv qeyri-müəyyənliyi Ermənistan üçün ciddi problem yaradır

Ermənistanın yeni baş naziri N.Paşinyanın bəyanatlarından ortaya çıxan nəticələr:

ı. N.Paşinyan etiraf etdi ki, Dağlıq Qarabağ mövzusunu bilmir. Yalnız bu məsələdən ötrü hakimiyyətdən qovduğu S.Sərkisyanla görüşməyə hazır olduğunu bildirdi. S.Sərkisyanın N.Paşinyana Dağlıq Qarabağ tənzimlənməsində məsləhət verməməsi faktdır. Səbəbi də aydındır. S.Sərkisyanın bu vaxtadək Dağlıq Qarabağ tənzimlənməsi ilə bağlı dedikləri həqiqətdən uzaq idi. Heç bir sənəddə “Artsax xalqı”, “Dağlıq Qarabağ ermənisi” adlı termin yoxdur. Heç bir sənəddə Dağlıq Qarabağ ermənilərinə müstəqilliyin verilməsi nəzərdə tutulmayıb.

Dağlıq Qarabağın statusunun Dağlıq Qarabağ azərbaycanlıları və erməniləri birlikdə həll edəcəklər. Dağlıq Qarabağ ətrafındakı 7 rayon şəksiz Azərbaycana qayıdır. N.Paşinyanı aldatmağın mənasız olduğunu başa düşən S.Sərkisyan Dağlıq Qarabağ tənzimlənməsindəki həqiqətin ATƏT MQ vasitəsilə çatdırılmasını məsləhət bilir. Həm də N.Paşinyan S.Sərkisyana qarşı yeni əks təbliğat kampaniyasına başlaya bilərdi.

ıı. N.Paşinyan danışıqları yalnız  Ermənistanın adından aparacağını bildirdi. Bu rəsmi Bakının mövqeyinə tam uyğundur. Rəsmi Bakı üçün Dağlıq Qarabağ münaqişəsinin adı Ermənistan-Azərbaycan  Dağlıq Qarabağ münaqişəsidir. Dağlıq Qarabağ probleminin həll olunması hələ Ermənistanla Azərbaycan arasındakı bütün problemlərin həlli deyil. Dağlıq Qarabağ problemi Ermənistan və Azərbaycan arasında olan çoxsaylı problemlərdən yalnız biridir. İrəvan, Zəngəzur, Göyçənin qaytarılması, Ermənistan SSR-dən deportasiya olan azərbaycanlıların Ermənistan Respublikasına qaytarılması, Azərbaycan SSR-ni tərk etmiş ermənilərin Azərbaycan Respublikasına qayıtması, iki ölkə arasında iqtisadi və regional əməkdaşlıq məsələlərinin həlli və s. Ona görə N.Paşinyan özünə məxsus mərhələli həll variantı təklif edir.

ııı. N.Paşinyan Ermənistan ordusunun təchizatının bərbad vəziyyətdə olduğunu açıqladı. Qarabağ klanın 20 illik hakimiyyəti Ermənistan ordusunu hətta alt paltarla təmin edə bilməyib.

Ermənistanın digər rəsmilərinin bəyanat və davranışları:

 ı. Ermənistan XİN qısa pauzadan sonra xeyli aktivləşdi. Baş nazirin məlumatsızlığını və ordunun vəziyyəti barədə açıqlanan yeni məlumatları nəzərə almadan Ermənistandakı inqilabın Ermənistanı guya gücləndirdiyinə əsaslanaraq Dağlıq Qarabağın ermənilərinin danışıqlara tərəflər kimi qoşulması ideyasını aktuallaşdırdı. Ermənistan Xİ rəhbərliyinin Dağlıq Qarabağ danışıqlarının gedişindən xəbərsiz olduğu üzə çıxdı. Ola bilər, bəlkə də saxta vətənpərvərlik mövqeyinə söykənirlər.

ıı. Yeni təyin olunan müdafiə və xarici işlər nazirləri öz aqressivliklərini orijinal formada ortalığa qoydular. Hər ikisi Qərbpərəst olan bu nazirlər Dağlıq Qarabağda Ermənistanın uduzacağını əvvəlcədən özləri üçün müəyyənləşdiriblər deyə hadisələrin ağırlıq mərkəzini Dağlıq Qarabağdan Ermənistanın Azərbaycanla dövlət sərhədinin Naxçıvan hissəsinə keçirdilər. Həm də Qərbpərəst nazirlərin fikrincə, Naxçıvan istiqamətində təxribat törətməklə Rusiyanı cəzalandıra və bununla da Qərbin xoşuna  gələ bilərlər.

ııı. Prezident Armen Sərkisyan müşaviri, əslən Dağlıq Qarabağdan olan separatçı Tevan Poqosyanın dili ilə Dağlıq Qarabağ danışıqlarını aparmaq səlahiyyətini baş nazir N.Paşinyana məxsus olduğunu bildirdi. Bununla da T.Poqosyan prezident A.Sərkisyanı Ermənistan üçün mənfi danışıqlardan sığortaladı. Bəlkə də T.Poqosyan N.Paşinyanın bacarıqsızlığını nəzərə alaraq onun Azərbaycanla danışıqları aparmağı tövsiyə edir.

Ermənilər yaranmış vəziyyətdə minimum 3 məsələyə fikir versələr özlərinin faydasına olar.

ı. N.Paşinyanın yaratdığı hakimiyyət dəyişikliyi beynəlxalq aləmdə Dağlıq Qarabağ mövzusunda aktivlik yaradıb. Bu Serj Sərkisyanın dövrü ilə müqayisədə prinsipial fərqdir və fərq Ermənistanın əleyhinədir.

ıı. Ermənistanın daxili prosesləri sabitləşməyib. N.Paşinyanın inqilab zamanı verdiyi bəyanatlarla indiki mövqeyi arasında fərq bəzən  180 dərəcə olur. Jirayr Sefilyanın və Samvel Babayanın tərəfdarlarının aktivliyinin azalması qeyri-mümkündür. N.Paşinyanın komandası onun erməni xalqının ideallarına xəyanət etdiyini göstərdi. 27 yaşlı gənc nazir hərbi xidmətdə olmayıb. Elə onun indi də hərbi xidmət yaşıdır. Qəribə vəziyyət yaranır. Sağlamlığına görə hərbi xidmət edə bilmir, amma nazir işləyə bilir. Hər halda erməni xalqı buna göz yumacaqsa belə xalq daha pislərə layiqdir

ııı. Ermənistanın konstitusiya dəyişikliklərinin danışıqlara imitasiya yaratmaq resursları həmişə bizim diqqətimizdə olub. Ümumiyyətlə, S.Sərkisyanın danışıqlara Dağlıq Qarabağ əsilli erməniləri daxil etmə cəhdləri həmişə bizim tərəfdən izlənilib və müvafiq addımlar atılıb. Bununla da S.Sərkisyanın bu yönümlü variantları neytrallaşdırılıb. İndi də Ermənistan tərəfdən baş danışıqçının kim olmasına uyğun Azərbaycan tərəfdən adekvat qərar qəbul ediləcək. Ölkə prezidentinin danışıqlarda iştirak etməsi heç də məcburiyyət deyil. Prezident İ.Əliyev ermənilərlə danışıqlar aparmağı hansısa yüksək çinli rəsmiyə həvalə edə bilər. Bu onun konstitusion hüququdur. İ.Əliyev danışıqları Dağlıq Qarabağ mənşəli Azərbaycan rəsmilərindən birinə də həvalə edə bilər.

Müstəqil Ermənistanın tarixində ilk dəfədir ki, onun başında oturan şəxslər ermənistanlıdırlar. Söhbət Armen Sərkisyan və N.Paşinyandan gedir. L.Ter-Petrosyan Suriya ermənisi, R.Köçəryan və S.Sərkisyan isə Dağlıq Qarabağ erməniləri idilər. Ermənistan Respublikasının coğrafi bütövlüyünü qorumaq A.Sərkisyan və N.Paşinyan üçün ən ümdə vəzifə olmalıdır.

Mübariz Əhmədoğlu,

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq

Paylaş:
476

Son xəbərlər

Bütün xəbərlər