Tbilisidə parlamentin binası önündə etiraz aksiyası keçirilir
Tbilisidə günün birinci yarısında Gürcüstanın Baş prokurorluğu qarşısında başlayan etiraz aksiyası Parlamentin binası önündə davam edir.
Yağış yağmasına baxmayaraq aksiyada 2000 nəfərdən çox adam iştirak edir.
Hazırda aksiya iştirakçılarının tələbi də dəyişib. Günorta saatlarında Baş prokurorun, cinayətin ört-basdır edilməsində şübhəli bilinən prokurorların istefası tələb olunurdusa, indi aksiya iştirakçıları Baş nazir Georgi Kvirikaşvilin istefasını tələb edirlər. Hakimiyyəti korrupsiyaya uğramaqda ittiham edən kütlə Bdzina İvanişvilinin də siyasətdən getməsini tələb edirlər.
Aksiya iştirakçılarının fikrincə prokurorluq və məhkəmələrin korrupsiyalaşmasında indiki hakimiyyət günahkardır.
Aksiyanın səhərə qədər davam edəcəyi bildirilir.
Məlumat üçün qeyd edək ki, 2017-ci il dekabrın birində Tbilisinin Xortava küçəsində 51 nömrəli məktəbin iki şagirdi aldıqları bıçaq yarasından dünyalarını dəyişiblər.
Məhkəmə şagirdləri qətlə yetirən iki nəfərdən birini azadlığa buraxıb, digərinin cinayət işində maddələri dəyişərək ona yüngül cəza verib. Ölən şagirdlərin valideynləri bunda prokurorluq orqanlarını günahkar sayaraq aksiyaya başlayıblar. Baş prokuror ittihamlara və aksiya iştirakçılarının tələbinə uyğun olaraq istefa verib. Parlament isə işin yenidən araşdırilması üçün xüsusi komissiya yaradıb.
Aksiya davam edir.
AZƏRTAC