Kabildə partlayış: 14 nəfər həlak olub
Kabildə universitet yaxınlığında baş verən partlayış nəticəsində həlak olanların sayı 14 nəfərə çatıb, 17 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
1news.az xəbər verir ki, TOLOnews telekanalının yaydığı məlumata görə, partlayış ilahiyyatçı alimlərin ölkədəki vəziyyətlə əlaqədar fətva vermək üçün yığışdığı çadırı tərk etdikləri vaxt törədilib. Ölənlər arasında 7 din xadiminin və təhlükəsizlik xidmətinin 4 əməkdaşının olduğu bildirilir.
Polisin məlumatına əsasən partlayıcı qurğu terrorçu-kamikadze tərəfindən işə salınıb. Hələlik ölkədə fəaliyyət göstərən heç bir qruplaşma partlayışın məsuliyyətini öz üzərinə götürməyib.
Qeyd edək ki, 2014-cü ildə ABŞ hərbi kontingenti Əfqanıstanı tərk etdikdən sonra ölkənin cənub rayonlarının bir çoxu “Taliban” hərəkatının nəzarətinə keçib. Son zamanlar bəzi kənd rayonlarında üstünlüyə yiyələnən yaraqlılar böyük şəhərlər istiqamətində hücumlarını davam etdirir. Həmçinin regionda İŞİD qruplaşması da aktiv fəaliyyət göstərir.
1news.az