Hindistan səfiri Naxçıvanda səfərdə olub | 1news.az | Xəbərlər
Siyasət

Hindistan səfiri Naxçıvanda səfərdə olub

10:40 - 04 / 06 / 2018
Hindistan səfiri Naxçıvanda səfərdə olub

Hindistanın Azərbaycandakı səfiri Sanjay Rana  mayın 31-dən iyunun 2-dək Naxçıvan Muxtar Respublikasında səfərdə olub.

1news.az-a Hindistanın ölkəmizdəki səfirliyindən verilən məlumata görə, diplomat ulu öndər Heydər Əliyevin abidəsinin önünə gül dəstəsi qoyub və Heydər Əliyev Muzeyini ziyarət edib.

Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovla görüşdə iqtisadiyyat, ticarət, investisiya, kənd təsərrüfatı, təhsil və mədəniyyət sahələrində ikitərəfli əməkdaşlığın genişləndirilməsi təklifləri müzakirə olunub.

Səfir Rananın iqtisadiyyat naziri Famil Seyidovla görüşündə iqtisadi fəaliyyət, sahibkarlıq və ixrac sahələrində Naxçıvanın əhəmiyyətli nailiyyətləri barədə məlumat verilib. S.Rana isə nazirə Hindistanın qeyri-neft sənayesi, bərpa olunan enerji, dərman preparatları, səhiyyə və İKT  sahələrdə əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu bildirib.

Kənd təsərrüfatı naziri Elşad Əliyevlə görüşdə Hindistanın kənd təsərrüfatı sahəsində təcrübəsi, xüsusilə, nar, üzüm, pambıq və tütün kimi məhsulların istehsalını artırmaq üçün görülmüş işlərdən danışılıb. 

O, həmçinin Hindistan şirkətlərinin beynəlxalq təcrübəsi və onların Azərbaycanda suvarma, su idarəçiliyi layihələrində iştirak etmək istəyini bildirib. Səfir dünya səviyyəli kənd təsərrüfatı maşınları istehsal edən Hindistan şirkətləri barədə də məlumat verib.

Mədəniyyət və turizm naziri Natavan Qədimova ilə görüşdə səfir ona 2018-ci ilin sonunda Naxçıvanda keçiriləcək Hindistan Filmləri Festivalı və digər mədəni tədbirlər haqqında  məlumat verib. Nazir isə İslam mədəniyyətinin paytaxtı kimi Naxçıvanda təşkil ediləcək tədbirlərdən danışıb.

Səfir Rana Naxçıvan Dövlət Universiteti və Naxçıvan Universitetini ziyarət edərək rektor və tələbələrlə görüşüb, fakültələrlə tanış olub. Ölkəsinin Naxçıvan universitetləri ilə əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu vurğulayıb. Bu baxımdan, universitet tələbələrini Hindistan Texniki və İqtisadi Əməkdaşlıq Proqramı (ITEC) çərçivəsində Hindistanda təlim kursları və təqaüdlərə qatılmağa dəvət edib.

21 iyun 2018-ci ildə 4-cü Beynəlxalq Yoqa gününün dünya miqyasında qeyd olunması münasibətilə səfir Yoqanın zehni və fiziki faydaları haqqında danışıb, Yoqa müəllimi Elçin Quliyev Naxçıvan Universitetinin tələbələri və müəllimləri üçün qısa yoqa sessiyaları keçirib.

P.Sultanova

 

Paylaş:
704

Son xəbərlər

Bütün xəbərlər