Aydın Mirzəzadə: Prezidentin Ermənistanla bağlı söylədiyi fikirlər öz təsdiqini tapır

Müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimində iştirak edən Prezident İlham Əliyev bir sıra maraqlı məqamlara toxunub. Dövlət başçısı Ermənistanda cərəyan edən hadisələrə diqqət çəkərək, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanı mövqeyini bir daha bəyan edib.
Prezident deyib: “Mənim illər ərzində dediyim sözləri indi erməni xalqı deyir. Mən dünyanın ən ali kürsüsündən - BMT kürsüsündən Ermənistanın əvvəlki kriminal rejimini ifşa etmişəm. Onları öz adları ilə çağırmışam. Onları Xocalı soyqırımında ittiham etmişəm, hərbi cinayətlərdə ittiham etmişəm. Ermənistanın əvvəlki hakimiyyətini qaniçən, kriminal, quldur rejim adlandırmışam. Bütün bunlar həqiqətdir. Mən həqiqəti demişəm, indi bu həqiqəti erməni xalqı deyir”.
Dövlət başçısı vurğulayıb ki, nəhayət, indi erməni xalqı anlayıb ki, onlara 20 il ərzində kriminal xunta rejimi rəhbərlik edib: “O kriminal xunta rejimi ki, ancaq öz maraqlarını güdür, o rejim ki, onun yarıtmaz və cinayətkar fəaliyyəti nəticəsində Ermənistan bu acınacaqlı vəziyyətə düşüb. Mən dəfələrlə demişdim ki, Ermənistanda iqtisadi böhran, demoqrafik böhran yaşanır, ölkə boşalır, hər il on minlərlə insan o ölkəni həmişəlik tərk edir, Ermənistanda inkişaf üçün heç bir perspektiv yoxdur. Demişəm ki, Azərbaycan Ermənistanı dalana çevirib, iqtisadi, siyasi, nəqliyyat dalanına çevirib. Nəyə görə? Ona görə ki, Ermənistan torpaqlarımızı işğal edibdir. İndi bütün bunları erməni xalqı deyib və deyir. Bu, bir daha onu göstərir ki, bu münaqişədə Azərbaycan öz istədiyinə nail olacaq, həqiqəti, ədaləti bərpa edəcək”.
Prezident İlham Əliyev Ermənistanın yeni rəhbərliyinin əvvəlki hakimiyyətin səhvlərini təkrarlamayacağına ümid etdiyini bildirib: “Ümid edirəm ki, Ermənistanın yeni rəhbərliyi əvvəlki hakimiyyətin səhvlərini təkrarlamayacaq və münaqişənin tezliklə həll olunması üçün ciddi işlər görəcək və imitasiya naminə yox, real danışıqlar prosesinə start veriləcək. Beləliklə, məsələ öz həllini tapa bilər və Qafqaza sülh gələ bilər. Biz bunu istəyirik, biz münaqişənin həllini tələb edirik, bizim buna haqqımız çatır. Ümid edirik ki, bu məsələ danışıqlar yolu ilə tezliklə öz həllini tapa bilər”.
Dövlət başçısı öz çıxışında bir daha Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yoluna toxunub. Deyib ki, münaqişə yanız beynəlxalq norma və prinsiplər əsasında həll olunmalıdır: “Dağlıq Qarabağ bizim tarixi torpağımızdır, biz bunu, bu həqiqətləri bütün dünyaya çatdırırıq. Bir çox elmi əsərlər, kitablar nəşr edilib, bir çox tədbirlər keçirilib. Biz tarixi həqiqətləri çatdırmalıyıq və çatdırırıq. Dağlıq Qarabağın tarixən Azərbaycan xalqına məxsus olması artıq heç kimdə şübhə doğurmur. Hüquqi nöqteyi-nəzərdən Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Heç bir ölkə Dağlıq Qarabağda mövcud olan kriminal, qondarma rejimi tanımır və əminəm ki, tanımayacaq. Bu amillər, həm tarixi faktlar, həm beynəlxalq hüququn normaları, beynəlxalq təşkilatların qərar və qətnamələri nəinki bizim mövqeyimizi gücləndirir, eyni zamanda, münaqişənin həli üçün əsas yaradır, hüquqi baza yaradır və biz yorulmaz fəaliyyət nəticəsində buna nail olmuşuq. Əminəm ki, biz ardıcıl siyasət aparmaqla istədiyimizə nail olacağıq, ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik. Buna mənim şübhəm yoxdur. Həm tarixi həqiqətlər, hüquqi baza, BMT Təhlükəsizlik Şurasının qətnamələri, digər təşkilatların qərar və qətnamələri, bizim iqtisadi gücümüz, hərbi gücümüz və bölgədə mövcud olan real vəziyyət bunu deməyə əsas verir”.
Mövzu ilə bağlı 1news.az-a danışan millət vəkili Aydın Mirzəzadə deyib ki, Prezident ilk dəfə olaraq bəyan etdi ki, Ermənistanda bu gün baş verənləri biz illər əvvəlcədən bildirirdik: “Bildirirdik ki, ölkəni kriminal xunta idarə edir, bu, Ermənistan üçün böyük bir fəlakətdir və bu siyasətin sonu yoxdur. Ən əsası isə dövlət başçısı vurğuladı ki, bizim vaxtilə dediyimizi indi erməni xalqı deyir. Bir sözlə, Azərbaycanın Ermənistanla bağlı beynəlxalq təşkilatlarda, yüksək tribunalarda söylədiyi fikirlər öz təsdiqini tapır. Ən əsası isə bu, siyasətin sonu yoxdur. Nə qədər ki, Ermənistan bu cür səhvlər edəcək, heç bir halda inkişafdan danışmaq olmaz. Dövlət başçısı öz çıxışında ümid etdiyini bildirdi ki, yeni hakimiyyət əvvəlki rejimin buraxdığı səhvləri, apardığı yanlış siyasəti davam etdirməyəcək. Əlbəttə ki, belə olarsa, onda Ermənistan bu ağır yükdən xilas olaar, böhran bitər, qonşu dövlətlərlə münasibətlər yaxşılaşar, ən əsası isə Qarabağ problemi kimi çox ağır bir yük çiynindən götürülmüş olar”.
Millt vəkili hesab edir ki, bütün bunların baş verib verməyəcəyini gələcək göstərəcək:
“Azərbaycan bu məsələdə öz mövqeyini növbəti dəfə bəyan etdi. İşğalçı Ermənistana öz mövqeyini bildirdi, indi hansı siyasəti seçəcəkləri isə onlardan asılıdır. Əvvəlki yanlış siyasəti davam etdirəcəklərsə, Ermənistan daha da ağır vəziyyətə düşəcək. Əksinə, səhvlərdən nəticə çıxaracaqlarsa, qonşu ölkələrin dövlət siyasətinə, ərazi bütövlüyünə hörmətlə yanaşacaqlarsa, beynəlxalq hüquq normalarını əsas götürəcəklərsə, Ermənistan onda əlbəttə ki, bu böhranlı vəziyyətdən çıxa biləcək”.
1news.az