“Arabo”nun keçmiş komandiri: eşitdikləriniz dənizdə bir damladır
Siz hələ elə şeylərin şahidi olacaqsınız ki, bütün bu gördükləriniz sizə dənizdə bir damla kimi görünəcək.
1news.az xəbər verir ki, bunu ermənilərin Qarabağ müharibəsində iştirak etmiş “Arabo” batalyonunun keçmiş komandiri Manvel Yegiazaryan keçmiş Ermənistan generalı, Qarabağ müharibəsi cinayətkarı Manvel Qriqoryanın həbs olunmasına münasibət bildirərkən deyib.
“Biz orduda qanunsuzlardan, soyğunçuluqdan danışanda dəli olduğumuzu hesab edirdiniz. Göründüyü kimi burada təəccüblü heç nə yoxdur. Bu qədər alçalmağa dəyməzdi. Elə insanlar var ki, milyardlarla dram deyil, milyardlarla dollar pul oğurlayıblar. Onları da elə ifşa etmək lazımdır. Burada isə mənəvi mənzərə olduqca aşağıdır. Pis vəziyyətdə yaşayan Gümrü əhalisi sənə yardım göndərir, sən isə onları anbarlarında saxlayırsan. Bu dəhşətdir. Çox alçaq hərəkətdir.
Bu illər ərzində bizə, ordumuza necə aşağı keyfiyyətli insanların rəhbərlik etdiyini və bizi dünyada təmsil etdiyini təsəvvür edə bilirsinizmi? Buna görə də biz bu vəziyyətə gəlib çıxdıq. İnsanlar artıq kimdən – pis, yoxsa yaxşı insanlardan nümunə götürəcəklərini bilmirlər. Pis insanlar bu gün çox yaxşı yaşayırlar. Bəs yaxşılar? Acqarına, təqiblərə məruz qalaraq, uşaqlarına təhsil belə verə bilmirlər”.
1news.az