Ermənilər Azərbaycan qoşunlarını Naxçıvanda axtarırlar – VİDEO
Görünür Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan istiqamətində qazandığı uğurlar Ermənistan tərəfini ciddi şəkildə narahat edib.
Məlum olduğu kimi, bir neçə həftə əvvəl Azərbaycan qoşunları 90-cı illərin əvvəllərində Ermənistanın işğalçı qüvvələri tərəfindən ələ keçirilən torpaqlarımızı azad edib.
Bu barədə oxuyun:
Azərbaycan Ordusu 11 min hektardan artıq ərazini işğaldan azad edib – FOTO – VİDEO
Dünən Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə Bakının Azadlıq meydanında təşkil olunan hərbi paradda çıxışı zamanı Prezident İlham Əliyev də bu barədə danışıb.
“Naxçıvanın 1990-cı illərin əvvəllərində ermənilər tərəfindən zəbt edilmiş 11 min hektar torpağı bu bayram ərəfəsində - keçən ay Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu tərəfindən aparılmış uğurlu əməliyyat nəticəsində azad edildi. Çox böyük mühəndislik və kəşfiyyat işləri aparıldı. Naxçıvan əməliyyatı yüksək məharətlə, peşəkarlıqla həyata keçirildi. Azərbaycan hərbçisi bir daha qəhrəmanlıq, rəşadət göstərmişdir. Biz strateji yüksəklikləri zəbt etdik. Biz indi strateji kommunikasiya yollarını nəzarət altında saxlayırıq.
Naxçıvan əməliyyatı bir daha onu göstərdi ki, Azərbaycan Ordusu güclü ordudur. Bir daha onu göstərdi ki, biz istənilən vəzifəni icra edə bilərik və icra edirik, böyük məharətlə və peşəkarlıqla. Bundan sonra Azərbaycan Ordusu hər an hazır olmalıdır ki, öz ərazi bütövlüyünü bərpa etsin”- deyə, dövlət başçısı vurğulayıb.
Artıq qeyd etdiyimiz kimi, Naxçıvandakı son hadisələr Ermənistan cəmiyyətində ciddi narahatçılığa və ajiotaja səbəb olub. Son bir neçə həftə ərzində Ermənistanın sosial şəbəkələrində və kütləvi informasiya vasitələrində “Naxçıvan uğursuzluğu” barədə həyəcanlı xəbərlər səngimir. Müşahidəçilər və siyasi şərhçilər yekdilliklə bəyan edirlər ki, Ermənistan “düşmən hücumunu” dəf etməyə qadir deyil.
Eyni zamanda bir sıra KİV-lər Ermənistan-Azərbaycan sərhəddinin sözügedən hissəsində baş verən hadisələrlə bağlı daha çox məlumat əldə etməyə çalışırlar. Belə ki, “Sputnik-Ermənistan” agentliyi binokl vasitəsilə Azərbaycan mövqelərinə baxaraq sərhədyanı ərazidən video-reportaj yayıb. Bununla yanaşı jurnalist qorxulu nəyinsə baş vermədiyini iddia edərək tamaşaçıları sakitləşdirməyə çalışır.
Təqdim etdiyimiz videoda erməni tərəfinin obyektivindən Azərbaycan mövqelərinin necə göründüyünü görə bilərsiniz:
1news.az