Dövlət Gömrük Komitəsinin sədri Şamaxıda vətəndaşları qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həlli üçün müvafiq tədbir görürlər.
Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iyulun 28-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Şamaxı şəhərində vətəndaşları qəbul edib.
Dövlət Gömrük Komitəsinin sədri qəbuldan öncə ulu öndər Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Qəbulda bölgədə yerləşən - Şamaxı, Qobustan, Ağsu və İsmayıllı rayonlarının sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən gömrük orqanlarında işə qəbul və digər gömrük məsələləri ilə bağlı olub.
Qəbul zamanı DGK sədri hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.