Lavrov: "Rusiya Ermənistandakı vəziyyətdən narahatdır"

Ermənistanda baş verən hadisələr ölkənin yeni rəhbərliyinin sələflərini təqib edilməyəcəyinə dair bəyanatlarına ziddir.
1news.az RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiya XİN rəhbəri Sergey Lavrov 2008-ci il 1 mart hadisələri ilə bağlı işin araşdırılması məsələsinə münasibət bildirərkən deyib.
O vurğulayıb ki, İrəvanın müttəfiqi olan Moskva hər zaman Ermənistanda stabilliyin olmasında maraqlıdır: "Bu baxımdan orada baş verənlər bizi narahat etməyə bilməz. Xüsusilə, Ermənistanın da iştirak etdiyi MDB məkanındakı təşkilatların normal işinin təminatı baxımından bu, çox vacibdir”.
Xarici işlər naziri vəziyyətin konstruktiv yolla davam edəcəyinə ümidvar olduğunu bildirib.
Qeyd edək ki, İrəvan şəhər məhkəməsi sabiq prezident Robert Koçaryan barəsində iki ay müddətinə həbs qərarı çıxarıb. İyulun 26-da Koçaryan Xüsusi İstintaq Komitəsinə ifadə verməyə çağırılıb. Müstəntiqlər ona “qabaqcadan bir qrup şəxslə əlbir olaraq Konstitusiya quruluşunu devirmək” barədə rəsmi ittiham elan ediblər. Sabiq prezident 2008-ci il prezident seçkilərindən sonra İrəvanda keçirilən etiraz aksiyasının zorakılıqla dağıdılması barədə əmr verməkdə ittiham olunur. Həmin hadisələr nəticəsində 10 nəfər ölüb.
Bundan əvvəl Ermənistanın keçmiş müdafiə naziri Mikael Arutyunyan qeyd olunan cinayət işi çərçivəsində konstitusion quruluşun devirməsi ittihamı ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilərək barəsində axtarış elan edilib.
P.Sultanova