"İŞİD" Kabildə törədilən partlayışların məsuliyyətini üzərinə götürüb
Sentyabrın 5-də Əfqanıstanın paytaxtı Kabildə törədilmiş iki partlayışın məsuliyyətini “İŞİD” terror qruplaşması öz üzərinə götürüb.
1news.az xəbər verir ki, partlayış nəticəsində azı 25 nəfər həlak olub, daha 95 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Partlayışlardan biri şəhərin qərbində yerləşən idman klubunda yarış vaxtı törədilib. İlkin məlumata görə, kluba bombanı terrorçu-kamikadze gətirib. İkinci partlayıcı qurğu isə ilk partlayışın baş verdiyi yerə yaxın avtomobildə quraşdırılıb.
Sonuncu hücumun hədəfinin idman klubunda baş verən hadisəni işıqlandırmağa gələn jurnalistlər olduğu ehtimal edilir. Sonradan “Tolo News” telekanalı hadisə nəticəsində iki əməkdaşının – 28 yaşlı jurnalistin və 23 yaşlı operatorun həlak olduğu barədə məlumat yayıb.
Agentliyin məlumatına görə, yaralıların bir çoxu, o cümlədən 7 polis əməkdaşı ağır vəziyyətdədir. Ölənlər arasında, həmçinin 6 idmançının da olduğu bildirilir.
1news.az