Erməni yumorist Yerevan meri seçilib - FOTO
Ermənistanın Mərkəzi Seçki Komissiyası Yerevan şəhər şurasına keçirilən erkən seçkilərlə bağlı elektron hesablamanı başa çatdırıb.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bütün 475 seçki məntəqəsi üzrə nəticələr dərc edilib. Seçkilərdə qələbəni baş nazir Nikol Paşinyanın dəstəklədiyi "Mənim addımım" seçki bloku qazanıb.
Belə ki, blok səslərin 81,6 faizini (294109) qazanıb. "Çiçəklənən Ermənistan" partiyası 6.95 faiz səslə (25219) ikinci, “İşıq” alyansı 4.99 faizlə (18112) üçüncü yerdə qərarlaşıb.
“İşıq” bloku şəhər şurasında təmsilçilik üçün tələb olunan baryeri keçə bilməyib. Belə ki, bloklar üçün bu baryer 8, partiyalar üçün 6 faizdir.
Seçkilərdə iştirakçılığ çox aşağı səviyyədə olub. 848 343 nəfər seçicidən cəmi 370 323 min nəfəri, yaxud 43,65 % seçkilərdə iştirak edib.
Nəticədə “Mənim addımım” blokunun proporsional siyahısına rəhbərlik edən aktyor, komediyaçı Ayk Marutyan mexaniki olaraq Yerevanın meri olacaq. Ermənistan MSK-sı yekun nəticələri sentyabrın 30-da, səsvermədən yeddi gün sonra elan edəcək. Marutyanın nəticələrin elanından 10 gün sonra, yəni oktyabrın 10-da mer vəzifəsinin icrasına başlayacaq.
Ermənistanın baş naziri Nikol Paşinyanın “Vətəndaş razılaşması” partiyasının İdarə Heyətinin iclasında aktyor Hayk Marutyanın İrəvan meri vəzifəsinə namizədliyi irəli sürmüşdü.
Xatırladaq ki, Paşinyan və Marutyan arasında dostluq münasibətləri var. Paşinyan baş nazir seçildikdən sonra Dağlıq Qarabağa səfər edərkən Marutyan helikopterdə onu müşayət edib.
İyulun 9-da İrəvan meri Taron Marqaryan istefa verib.
Ayk Marutyanın 42 yaşı var, o aktyor, yumorist, şoumen, ssenarist və prodüserdir. Marutyan hər hansı siyasi və idarəçilik təcrübəsinə malik deyil.
1news.az