Yelo Bankın sədri: “Biznesi aktivləşdirmək vaxtıdır!” - MÜSAHİBƏ
Bəşəriyyət yeni çağırışla üz-üzədir: pandemiya milyardlarla insanın həyatını dəyişdi. Bu şəraitdə transformasiya olunmağı bacarmaq, dəyişikliklərdən qorxmamaq və inkişaf üçün yeni imkanları görmək həyati əhəmiyyət kəsb edir.
Bu və digər vacib məsələlərlə bağlı Yelo Bankın İdarə Heyətinin sədri Nikoloz Şurqaia ilə söhbətləşdik.
- Son illər, xüsusilə devalvasiyadan sonrakı dörvdə bank zərərlə işləyir. Nə vaxt mənfəətə çıxmağı planlaşdırırsınız?
- İcazənizlə, mən bir qədər də əvvələ qayıtmaq istərdim. Bank 2016-cı ilədək zərərlə fəaliyyət göstərib. Aydındır ki, o zaman (Nikoloz komandaya 2016-cı ilin iyununda qoşulub - red.) bankın hesabatları reallığı əks etdirmədən dərc olunurdu. Müvafiq olaraq, biz bunu 2016-cı ilin ikinci yarısında müəyyən etdik və bu səbəbdən biz zərəri etiraf etməli olduq. Bankın portfelinin real keyfiyyətini anlamaq üçün mənə və həmkarlarıma xeyli vaxt lazım idi. Bu müddət ərzində biz xeyli əmək sərf etdik, nəticədə 2019-cu ildən etibarən bankın kredit portfeli olduqca keyfiyyətlidir.
Mənfəətə çıxmağa gəlincə, xatırladım ki, ötən ili mənfəətlə başa vurduq. Bu yaxınlarda dərc olunacaq maliyyə hesabatlılığının beynəlxalq standartlarına əsasən hazırlanmış 2019-cu il üzrə audit hesabatımızda isə biz xalis mənfəətimiz 2,4 milyon manat təşkil edib. Başqa sözlə, üç illik zəhmətimizin bəhrəsini gördük və nəhayət mənfəət əldə edə bildik.
2020-ci ildə də mənfəət əldə etməyi planlaşdırırdıq. Lakin pandemiya planlarımıza təsir etdi. Əslində bank pandemiyanı bütün istiqamətlər üzrə sürətlə inkişaf edərək qarşıladı. Biz inanırıq ki, bankların mənfəətliliyi və effektivliyi şəffaf korporativ idarəetmədən, peşəkar kadrlardan, səhmdarların dəstəyindən və texnologiyalardan düzgün istifadə bacarığından asılıdır. İnkişafa köklənərək biz ötən ildən xeyli sayda yüksək ixtisaslı kadrlar cəlb etdik, rebrendinqə start verdik, yeni texnologiyaların tətbiqinə başladıq və ilin sonunadək bazara yeni məhsullar çıxarmağa davam edəcəyik. İqtisadi mühitdə mövcud korreksiyanı nəzərə alsaq, biz əməkdaşlarımıza və texnologiyalara yatırım etməklə dayanıqlı inkişafı davam etdirmək istəyirik. Beynəlxalq böhran iqtisadiyyatın bütün sahələrinə, o cümlədən bank sektoruna yaxşı dərs verdi, onlara zəif tərəflərini göstərdi. Bunu nəzərə alaraq, biz gələcəkdə istənilən bazar volatilliyinə dayanıqlılıq nümayiş etdirə biləcək biznes aspektlərinə köklənməliyik.
Mənfəəti iki hissəyə bölmək olar: əməliyyat - yəni ehtiyatlara qədər olan; xalis - ehtiyatlar nəzərə alınmaqla. 2020-ci ildə ehtiyatların yaradılmasınadək biz zərərlə işləməyi planlaşdırırdıq, çünki bizim böyük personalımız, inkişafa və texnologiyalara etdiyimiz investisiyalarımız var. Lakin ehtiyatlardan azad olunaraq biz mənfəətə çıxmağı hədəfləmişdik. Pandemiya bütün dünya ölkələrinin iqtisadiyyatına mənfi təsir göstərib. Ümumi müqayisədə Azərbaycan böhranın öndəsindən yaxşı gəlir. Bizi mürəkkəb bir il gözlədiyini bilirik və planlarımıza buna uyğun şəkildə düzəliş edirik.
Bütün menecerlərə Ceyms Kollinsin "Yaxşıdan mükəmmələ doğru" kitabını oxumağı tövsiyə edirəm. Bu kitabı oxuyarkən anladım ki, yalnız yaxşı deyil, mükəmməl bank olmaq lazımdır. Mən əminəm ki, biz müəkəmməl banka çevriləcəyik! Bu proses vaxt tələb edir. Biz inkişaf modelimizə sadiqik. Əminəm ki, Yelo Bank mükəmməl və uzun illər bazarın liderlərindən biri olan banka çevriləcək.
- Bank nizamnamə kapitalını 30 milyon manat artırmağı planlaşdırırdı. Kapitallaşma ilə bağlı vəziyyət nə yerdədir və proses nə vaxt başa çatacaq?
- Hər şey plan üzrə davam edir. Aprelin 21-də baş tutan səhmdarların növbədənkənar ümumi yığıncağında müvafiq qərar qəbul olunub. Yaxın aylar ərzində nizamnamə kapitalı üç tranşla artırılacaq. Hazırda kapitallaşmaya ehtiyac yoxdur, çünki bizim 61 milyon manat məbləğində xalis kapitalımız var.
Bəzi mətbuat nümayəndələri birinci rübü zərərlə başa vurduğumuzu görüb ajiotaj qaldırdı. Bu, böyük rəsmin kiçik bir parçasıdır. Rəsmi tamamilə görmək olduqca önəmlidir və bunun üçün maliyyə hesabatlarını diqqətlə və savadlı şəkildə analiz etmək lazımdır. Biz həqiqəti görmək istəyən istənilən jurnalistlə məmnuniyyətlə ünsiyyətdə oluruq. Sözügedən zərər bizim planlarımıza daxildir. Birincisi, daha öncə də qeyd etdiyim kimi, ötən il bizim inzibati xərclərimiz ciddi artıb, çünki biz peşəkar kadrları cəlb etdik və texnologiyaya ciddi investisiya yatırdıq. İkincisi, biz daha çox depozit cəlb etdik, lakin daha az kredit verdik. Bu il ərzində ciddi kreditləşməyə hazırlaşmışdıq. Müvafiq olaraq, bankda likvidlik yüksəkdir. Daha bir vacib amilə toxunmaq istəyirəm. Müştərilərimiz çətinliklə üzləşən zaman biz dərhal ehtiyatlar yaradırıq. Əksər hallarda ehtiyatlar kreditlər üzrə real itkilərdən daha çox olur. Təəssüf ki, bəzi iri borcalanlar məlum səbəblərdən vaxtında və ya tam olaraq borcunu qaytara bilmədilər. Mən həmin müştərilərin çoxunu şəxsən tanıyıram və onların səmimiyyətinə inanıram. Bundan sonra da bütün intizamlı müştərilərimizlə çətinliklərin öhdəsindən birgə gəlməyə çalışacağıq. Bu, müvəqqəti zərərdir və biz bunu anlayırıq. Bank davranışının qaydaları belədir ki, çətin durumlarda ehtiyat yaratmalısan və vəziyyət normallaşdıqca onları azaldırsan.
Ehtiyatlara baxmayaraq, kapitalımız tənzimləyicinin tələbini xeyli üstələyir. Əlavə olaraq 30 milyon manatlıq kapitallaşma həm investisiya, həm də mürəkkəb il üzrə əlavə ehtiyatlara artıqlaması ilə bəs edir. Biz hər zaman səhmdarı artıq kapitallaşmadan çəkindiririk. Bu cür addımlar kapitalın gəlirliliyini azaldır. Başqa layihələrə investisiya yatıraraq gəlir əldə edə biləcəyin halda, həmin vəsaiti banka yatırmağa ehtiyac yoxdur. Kapitalın gəlirliliyi 20% və ya daha yüksək olmalıdır. Bu norma risklə, yəni kapitalın daxili dəyəri ilə ölçülür. Komandamızdan bu cür gəlirlilik norması tələb olunmasa da, biz səhmdarlarımız qarşısında məsuliyyət hiss edirik. 2019-cu ildə Yelo Bankda kapitalın gəlirliliyi 5% təşkil edib. Bizi mürəkkəb il gözləyir və kənar faktorları nəzərə alaraq hansısa göstəricilər üzrə proqnoz vermək çətindir. Lakin biz 2022-ci ildən etibarən hədəflənən mənfəətə mütləq çıxacağıq.
Onu da qeyd edim ki, istisna halları nəzərə almasaq, Azərbaycan banklarının mənfəəti o qədər də yüksək olmur. Bazarın digər iştirakçıları ilə müqayisədə bankların ciddi imtiyazları yoxdur, üstəlik, region ölkələri ilə müqayisədə əməliyyat xərcləri və riskləri nəzərə alınmaqla ölkədəki kreditlər o qədər də baha deyil. Hesab edirəm ki, bank tərəfindən şəffaf şəkildə əldə olunmuş qazanc həm səhmdarlar, həm də cəmiyyət üçün qürur mənbəyidir. Mənfəətin əldə olunması ona işarə edir ki, bank yaxşı kapitallaşacaq və ölkə iqtisadiyyatının inkişafı üçün ona zəruri kreditlər və məhsullar verə biləcək.
Səhmdarlarımız Azərbaycan bazarına olduqca sadiqdir. Onlar üçün mənfəət əldə etmək vacibdir, lakin əsas hədəf deyil. Əsas məqsəd cəmiyyətə faydalı olmaq, vətəndaşların və sahibkarların hədəflərinə çatması üçün onlara kömək etməkdir. Mənfəət əldə etmək sadəcə bir daha onu göstərir ki, bu investisiya özünü doğrultmuş yatırımdır. Əminəm ki, böhran başa çatdıqdan sonra biz bunu səhmdarlarımıza göstərəcəyik.
- Növbəti kapitallaşmadan sonra da zərərlə işləsəniz, gələcəkdə səhmdarların dəstəyinin azalmasından qorxmursunuz?
- Ondan başlayaq ki, qorxu faydalı hissdir və bizə məsuliyyətimizi xatırladır. İnsan qorxmalıdır, lakin cəsur olmalıdır. Çünki qorxuya baxmadan cəsarət riskləri və nəticələri dərk edə-edə irəliləməyə imkan verir. Əlbəttə, biz hər zaman pis nəticə əldə etməkdən ehtiyat edirik. Lakin biz əminik ki, qarşıda duran proqramı reallaşdıra biləcəyik. Səhmdarlarımızın komandaya inamı böyükdür. Qısamüddətli zərər onların planlarına heç cür təsir etmir, çünki bizim şəffaflığımıza və məqsədyönlüyümüzə inanırlar. Biz mərhələli şəkildə məqsədlərimizə çatırıq. Səhmdarlarımız da görür ki, biz maliyyə hesabatlarımıza qarşı şəffaf olmaqla, işimizə düzgün yanaşmaqla hədəfə doğru irəliləyirik.
Yelo Bank beş dəyərə sahibdir: müştərini ön plana çəkmək, ürəklə xidmət etmək, həllər tapmaq, sadə olmaq və təbəssümlə xidmət etmək. Ürəklə xidmət etmək o deməkdir ki, biz bu banka yalnız iş yeri kimi deyil, özümüzünkü kimi baxırıq. Tam məsuliyyətlə deyirəm ki, bizim komandamız nəinki daxili, hətta regionda ən güclülərdəndir. Bu cür dəyərlərə sahib olan belə bir komanda ilə qarşıya qoyulan hədəflərə çatmamaq mümkün deyil.
- Bank bu il rebrendinq prosesini bitirməli idi. Proses başa çatıbmı?
- Ümumilikdə rebrendinq prosesinin bitirilməsi istiqamətində işlər plana uyğun şəkildə gedir. Mövcud durumu nəzərə alsaq, bəzi işlər çətinləşib, lakin ümid edirik ki, yaxın aylarda prosesi bitirəcəyik. Məmnuniyyətlə bildirmək istərdim ki, bu yaxınlarda siz "Parlaq bankçılığ"ın bütün gözəlliyini göstərən tamamilə yenilənmiş bank görəcəksiniz. Bununla yanaşı, biz texnoloji baxımdan da tamamilə yenilənirik. Yay aylarında unikal mobil və internet bankçılıq xidmətlərimiz müştərilərimizin ixtiyarına veriləcək. Fikrimcə, hazırda təmirdə olan yeni müasir və parlaq baş ofisin açılışı bu prosesə gözəl nöqtə qoyacaq. Biz filiallarımızı yeniləməyə davam edirik. Bununla yanaşı, bu yaxınlarda Bül-bül prospektində və "Sədərək" ticarət mərkəzində yeni filiallarımızı açacağıq.
- Pandemiya şəraitində bank sektorundakı durumu necə dəyərləndirirsiniz və banklar hansı çətinliklərlə üzləşir?
- Birmənalı şəkildə deyə bilərəm ki, təsir neqativdir. Birinci çətinlik əməkdaşlarımızın və müştərilərimizin fiziki təhlükəsizliyi ilə bağlıdır. İkinci çətinlik - likvidlik və risklərin idarə olunması. Üçüncü çətinlik gəlirliliyin azalması ilə əlaqədardır, çünki bank xidmətlərinə tələbat azalır. Dördüncü çətinlik - kreditlərin keyfiyyəti.
Sözsüz ki, virus əhalinin və biznesin bir hissəsinin ödəniş qabiliyyətinə mənfi təsir etdi. Sevindiricidir ki, bizim olduqca təcrübəli rəhbərə sahib olan güclü Mərkəzi Bankımız var. Mərkəzi Bankın olduqca cəsarətli addımlarının şahidi olduq və bu da öz növbəsində əməliyyat mühitinin sağlamlaşdırılması prosesində bankların optimizmini artırır.
Bir qədər də böhranın faydaları haqda danışaq. Hər bir böhran yeni imkanlara yol açır. Məsələn, inanıram ki, böhran bank sektorunda rəqəmsal texnologiyaların tətbiqini sürətləndirəcək. Biz texnologiyalara ciddi investisiya yatırırıq və inanırıq ki, yatırımlarımız özünü doğruldacaq. Mən həm də inanıram ki, hökumət və bank sektoru bundan sonra da texnologiyaların tətbiqini dəstəkləyəcək. Bir çoxunuza məlumdur ki, bəzi ölkələrdə fiziki olaraq filiala sahib olmayan rəqəmsal banklar mövcuddur. Ümid edirəm ki, Azərbaycanda da bu cür imkan olacaq. Kimsə etiraz edə bilər ki, bu, iş yerlərinin azalmasına səbəb ola bilər. Qismən onlarla razılaşa bilərəm, lakin iqtisadiyyatın transformasiyası daha çox iş yerinin yaradılmasına səbəb olacaq. Tarix boyu texniki irəliləyiş hər zaman müsbət nəticələr verib. Unutmayaq ki, bank sektoru iqtisadiyyatın digər sektorlarına yaxşı nümunədir.
- Bəs pandemiya Yelo Banka hansı çətinliklər yaradıb və onların öhdəsindən necə gələcəksiniz?
- Digər bazar oyunçuları ilə çətinliklərimiz eynidir. Yalnız likvidliklə bağlı heç bir problemimiz yoxdur. Yelo Bank böhranı izafi likvidliklə qarşıladı. Əsas çətinliyimiz ondan ibarətdir ki, gəlirlərimiz azaldığı halda xərclərimizin mövcud səviyyədə qalmasıdır. Daha öncə də qeyd etdiyim kimi, bankımızın böyük personalı və həyata keçirdiyimiz investisiya layihələri var. Çağırışlara cavab vermək üçün biz çevik şəkildə transformasiya olunuruq. Komandamız xərclərin azaldılması proqramını tərtib edib və bu proqramın icrası hesabına bu il xərclərimiz 4.5 - 5 milyon manat azalacaq. Yeri gəlmişkən, qiymət məsələlərində bizə dəstək olan tərəfdaşlarımız və təchizatçılarımıza minnətdarıq.
Anlayırıq ki, xərclərin azaldılması yeganə çıxış yolu deyil. Bankımız kreditləşməni artıraraq və müştərilərə daha çox xidmətlər göstərərək gəlirlərini artırmaq istəyir. Biz fermerlərə güzəştli kreditlərin verilməsi üçün Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə sıx əməkdaşlıq qurmuşuq. Sahibkarlığın İnkişafı Fondu ilə də analoji əməkdaşlığın qurulacağına ümid edirəm. Bununla yanaşı, bank öz likvid vəsaitlərinin bazarda yerləşdirilməsinin yollarını axtarır. Anlayırıq ki, risklər artıb və bu amil kreditləri bahalaşdırır. Buna baxmayaraq, yaxşı layihələri olan bir sıra sahibkarlar var. Hətta böhranın ən pik vaxtında biz biznes kreditlərini təsdiqləmişik. İndi isə bu cür layihələrin sayı artmaqdadır.
Əksər biznes subyektləri üçün yeni şərtlərə uyğunlaşmaq və yeni biznes modelinə keçmək olduqca vacib idi. Məhz transformasiya olunmaq bacarığı sayəsində əksər sahibkarlıq subyektləri və kiçik müəssisələr daha tez bərpa olunacaq. Mövcud şəraitdə hər kəs bir-birini dəstəkləməlidir və məşğulluğu qorumalıdır. Biznesin əsl tərəfdaşı olmağı hədəfləyən bir bank kimi biz kənarda qala bilməzdik. Şadam ki, arxada qoyduğumuz iki ayda çətinliklərin öhdəsindən layiqincə gəldik. Hazırda biznesi aktivləşdirməyin və yeni istiqamətlərin inkişafının vaxtıdır.
- Necə düşünürsünüz, bazarda nümunəvi müştərilərin sayı azalıbmı?
- Əksinə, daha çox insan götürdüyü borca görə öz məsuliyyətini dərk etməyə başlayıb. Yeri gəlmişkən, kreditin ödənilməsi növbəti inam üçün zəmindir.
- 2019-cu ildə prezident tərəfindən imzalanan fiziki şəxslərin problemli kreditlərinin həllinə dair əlavə tədbirlər haqqında fərmandan Yelo Bank necə yararlandı?
- İlk növbədə növbəti dəfə bu fərmanı imzaladığı üçün ölkə başçısına təşəkkür etmək istəyirəm. Bazarın buna ehtiyacı var idi. Bundan əvvəlki maliyyə böhranından zərərlə çıxan insanlar ciddi yardım almış oldu. Yelo Bank vasitəsilə 9372 müştəriyə 11.4 milyon manat məbləğində kompensasiya ödənilib. Bundan başqa, biz 7.7 milyon manat məbləğində 2898 krediti restrukturizasiya etdik. Dövlət hesabına 16.4 milyon manat məbləğində 8504 kredit tamamilə bağlanıb. Üstəlik, fərman çərçivəsində bank müştərilərinə 21.4 milyon manat məbləğində cərimə və dəbbə pulu bağışlayıb.
- Cari ilin birinci rübündə bankın əsas göstəriciləri üzrə azalma müşahidə olunur. 2020-ci ilin sonuna və ortamüddətli dövr üçün (koronavirusun təsiri nəzərə alınmaqla) hansı gözləntiləriniz var?
- Mən bu suala qismən cavab verdim. Əlavə edə bilərəm ki, ortamüddətli dövr üçün biz əla nəticələr gözləyirik. Bu il heç də asan olmayacaq, eyni zamanda bizi maraqlı dövr gözləyir. 2020-ci il hər birimizə çiyin-çiyinə verərək çətinliklərin öhdəsindən gəlməyi öyrədəcək. Aparıcı analitiklərin proqnozuna əsasən, dünya iqtisadiyyatı 2020-ci ilin sonunadək stabilləşəcək. Öz növbəmizdə biz 2021-ci ildə mənfəətə qayıtmağı planlaşdırırıq. Ardınca isə bütün nəticələr olduqca pozitiv olacaq. Yelo Bankda və ümumilikdə iqtisadiyyatda aparılan transformasiya həm bankımıza, həm də müştərilərimizə yaxşı nəticə əldə etməyə kömək edəcək.
Reklam hüququnda