“Cənab Prezident, ümummilli lideri Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı kimi Sizinlə qürur duyuruq” – Minnətdarlıq məktubları

Prezident İlham Əliyevin dünyada tüğyan edən koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, insanların sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı verdiyi qərarlar vətəndaşlarımız tərəfindən böyük rəğbətlə qarşılanır.
Görülən işlər dövlətimizin başçısının xalqımıza diqqət və qayğısının bariz nümunəsi kimi qiymətləndirilir. Azərbaycan vətəndaşları bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ona ünvanladıqları çoxsaylı məktublarda ifadə edirlər.
Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla həmin məktubların bir qismini təqdim edir.
Hüseynov Yaqub, Vəliyev Firudin, Kərimov Ramiz, Balakişiyev Tofiq və Əliyev Umar, Mingəçevir, Azərbaycan
Möhtərəm cənab Prezident.
Azərbaycanın elektroenergetika sənayesinin bugünki inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Dahi rəhbər özünün nüfuzu və yüksək təşkilatçılıq qabiliyyəti ilə Azərbaycanda nəzərdə tutulan enerji layihələrini mərkəzi büdcə hesabına maliyyələşdirilməsini təmin etdi. Qısa bir müddətdə hər birininin gücü 300M/Vt olan 8 blokdan ibarət “Azərbaycan” İES-in tikintisinin Mingəçevirdə reallaşması və sonrakı illərdə daha da genişləndirilməsi şəhəri Cənubi Qafqazın nəhəng energetika mərkəzinə çevirdi. Sizin diqqət və qayğınız nəticəsində Azərbaycan energetikası nəinki yüksək inkişafa nail oldu, həm də Avropanın enerji təhlükəsizliyində mühüm rol oynamağa başladı.
2018-ci ildə “Azərbaycan” İES-də baş vermiş qəzadan sonra Sizin sərəncamınızla dərhal stansiyada geniş yenidənqurma və bərpa işləri aparıldı. Stansiyanın itirilmiş generasiya gücü bərpa edildi, enerji bloklarında yenidənqurma və əsaslı təmir işləri aparıldı. Bir sözlə, cənab Prezident, Sizin diqqət və qayğınız nəticəsində “Azərbaycan” İES özünün yeni inkişaf mərhələsinə qədəm qoydu.
“Azərbaycan” İES-də aparılan əsaslı yenidənqurma, bərpa işlərinin yüksək səviyyədə yekunlaşmasına görə YAP Mingəçevir şəhər təşkilatı partiya veteranları adından Sizə dərin minnətdarlığımızı bildiririk”.
Xaliq Fərzəliyevdən, Bakı, Azərbaycan
“Hörmətli cənab Ali Baş Komandan.
Mən Azərbaycanın Milli Qəhrəmanı şəhid Pəhlivan Fərzəliyevin oğluyam. Sizin sayənizdə ötən il işə qəbul olundum.
Ulu öndərimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olaraq Sizin şəhid ailələrinə, Qarabağ müharibəsi əlilləri və veteranlarına, məcburi köçkünlərə diqqət və qayğınız yüksək səviyyədədir. Bunları görməmək mümkün deyildir.
Cənab Prezident, Sizin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkəmizin inkişafı yolundakı addımlarınızı bəyənən və bu dəyərlərlə yaşayan insanam. Sizə öz adımdan, ailəmin adından, Milli Qəhrəman ailələri adından, Füzuli rayon sakinləri adından dərin təşəkkürümü bildirirəm.
Dünyanı bürüyən koronavirusla bağlı lazımlı addımlarınız da təqdirəlayiqdir. Sizin kimi Vətənini, xalqını sevən Prezidentimiz olduğu üçün biz çox da əziyyət çəkmədik. Sosial vəziyyəti aşağı olan ailələrə birdəfəlik ödəmələr və yardımlar edilməsi xalqa böyük kömək etdi. Sizin və Mehriban xanımın bir illik əməkhaqqınızı koronavirusla bağlı yaradılmış fonda ianə etməyiniz çox böyük, humanist addım idi.
Cənab Prezident, bütün bunlara görə bir daha Sizlərə təşəkkür edir, uzun ömür, cansağlığı arzulayıram. Biz - Milli Qəhrəman və şəhid övladları Sizin əsgərlərinizik. Sizin əmr və göstərişiniz kifayət edir ki, atalarımız kimi Vətənin müdafiəsinə qalxaq”.
Bəhman Gülmalıyevdən, Ağdam, Azərbaycan
“Çox hörmətli cənab Prezident.
Mən Ağdam rayonunun Xıdırlı kəndindən məcburi köçkünəm. Qardaşım torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Mən öz ailə üzvlərimlə birlikdə məcburi köçkün düşdükdən sonra 16 il Yevlax rayonunda yerləşən EKO qəsəbəsində yaşamışam. Ulu öndərimiz Heydər Əliyev həmin qəsəbədə 2 dəfə olub, hətta bir toy məclisində də iştirak edib. Sonra Sizin rəhbərliyinizlə Yevlax şəhərində bütün standartlara cavab verən müasir mənzillər, məktəb, uşaq bağçası ilə təmin olunduq. Hazırda qəsəbəmizdə 615 ailə məskunlaşıb.
Çox hörmətli cənab Prezident, biz - məcburi köçkünlər, şəhid ailələri Sizin və Mehriban xanım üçün gecə və gündüz Allaha dua edirik. Sizin son dövrlərdə həyata keçirdiyiniz kadr siyasətinizi də ürəkdən dəstəkləyirik. Xalqın malına, xüsusilə də imkansız ailələrə ayrılan yardımlara göz dikən şəxslərin cəzalandırılması digərlərinə örnək olmalıdır. Bütün qaçqın və məcburi köçkünlər, şəhid ailələri və 20 nəfərlik ailə üzvlərim adından Sizə minnətdaram. Ona görə ki, Siz xalqını, Vətənini, torpağını sevən və müstəqil Azərbaycanın inkişafı yolunda durmadan çalışan lidersiniz. Biz Sizinlə fəxr edirik. Allah Sizə yar olsun”.
Rəsulov Nuru, Ələsgərova Qənirə, Allahverdiyev Səyyad, Abbasov Rəhman, Nağıyev Ədəd və Kamalov Vüqar, Gədəbəy, Azərbaycan
“Hörmətli cənab Prezident.
Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan müstəqil Azərbaycan bu gün Sizin apardığınız uğurlu siyasət nəticəsində uğurla inkişaf edir.
Cənab Prezident, biz gədəbəylilər xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı kimi Sizi ürəkdən sevir və Sizinlə qürur duyuruq. Sizin respublikamıza rəhbərliyiniz etdiyiniz dövrdə Azərbaycanın hər bir guşəsində abadlıq işləri görülüb, kənd və qəsəbələrdə infrastruktur yaxşılaşdırılıb, insanlar firavan həyata qədəm qoyublar. Qədirbilən gədəbəylilər Sizin ölkəmizin dövlət müstəqilliyinin möhkəmləndirilməsi yolunda göstərdiyiniz misilsiz xidmətləri çox yüksək dəyərləndirirlər. Hər zaman xalqın yanında olmağımız və həyata keçirdiyiniz sosial siyasətiniz bu reallığı tam əks etdirir. Azərbaycanın gündən-günə inkişaf etməsi, dünya dövlətləri arasında nüfuzunun artması istiqamətində işlər xalqımız və gədəbəylilər tərəfindən minnətdarlıqla qarşılanır. Rayonumuzun davamlı sosial-iqtisadi inkişafına daim diqqət yetirməyiniz bizi ürəkdən sevindirir.
Cənab Prezident, bu günlərdə Gərgər kəndində elektrik xətlərinin, işıq dirəklərinin, transformatorların yenilənməsi və qaz xəttinin çəkilməsi bütün sakinlərin sevincinə səbəb oldu. Bütün bunlara görə Sizə dərin minnətdarlığımızı və təşəkkürümüzü bildiririk”.
Tural Tağıyevdən, Siyəzən, Azərbaycan
“Hörmətli cənab Prezident.
"Beşbarmaq dağı" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun yaradılması məqsədilə imzaladığınız Sərəncam bizləri çox sevindirdi. Tarixi abidələrimizin restavrasiya olunaraq gələcək nəsillərə ötürülməsi təqdirəlayiqdir və tariximizə verdiyiniz yüksək qiymətdir. Biz gənclər Sizin hər sahədə apardığınız siyasəti dəstəkləyirik. Çünki Siz ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısısınız. Allah Sizi və ailənizi qorusun”.
Sənan Məmmədovdan, Bakı, Azərbaycan
“Hörmətli cənab Prezident.
Bir Azərbaycan gənci olaraq Sizlə fəxr edirəm. Bu çətin vəziyyətdə inamlı və qətiyyətli addımlarınız bizə qürur verir. Bir gənc olaraq daim Sizin siyasətinizi dəstəkləyirəm və Azərbaycanda ictimai rəyi mənfiyə doğru dəyişmək istəyənlərə qarşı bacardığım qədər mübarizə aparıram. Bu mənim vətəndaşlıq borcumdur və hər bir şəxs bunu dərk etməlidir. Biz Sizinləyik və bu həmişə belə olacaq. Azərbaycanımızın qədim və dəyərli tarixi və bu tarixin sarsılmaz sütunları var ki, Siz bu sütunları dağılmağa qoymursunuz və gündən-günə daha da möhkəmləndirirsiniz. Söz o vaxt söz olur ki, əmələ çevrilsin.
Sizin bütün işləriniz əməldir. Heç kəsin şübhəsi olmasın ki, nə qədər ki Azərbaycanımızı, rəhbərimizi ləkələməyə çalışsalar da, bu onların öz başlarını ağrıdacaq. Çünki ata yurduna xəyanətin heç bir əsası ola bilməz və öz şəxsiyyətlərini satanlar, milli heysiyyətinə, dövlətinə, rəhbərinə xəyanət edənlər bir gün çox peşman olacaqlar. Sizin xarici və daxili siyasətinizi yaxından izləyirəm və dəstəkləyirəm. Biz çörəyimizi paylaşsaq da, torpağımızı heç vaxt paylaşmarıq. Əminəm ki, Qarabağ problemimiz də həll olunacaq və bu Sizin siyasi dahiliyinizi bir daha göstərəcək. Mən Sizinlə fəxr edirəm. Siz var ikən Azərbaycanımız əmin əllərdə olacaq. Sizə təşəkkür edirəm”.
Nübar İbrahimovadan, Bakı, Azərbaycan
“Hörmətli cənab Prezident.
Pandemiya dövründə xalqımız çətin günlər keçirir. Amma buna baxmayaraq Sizin diqqət və qayğınız sayəsində biz ayaq üstə qalmağı bacarırıq. Bir gənc olaraq Sizin gördüyünüz işləri yüksək qiymətləndirirəm.
Sizin göstərişinizlə iki ayı əhatə edən birdəfəlik ödəmənin verilməsi, Heydər Əliyev Fondu tərəfindən ərzaq yardımlarının edilməsi, əhalinin müalicəsi üçün lazımi şəraitin yaradılması çox müsbət haldır. Bizə olan diqqət və qayğınıza görə Sizə öz adımdan və ailəmin adından dərin minnətdarlığımı bildirirəm. Ulu Tanrı hər zaman köməyiniz olsun”.
Mövzu ilə əlaqədar oxuyun:
“Hər zaman yanımızda olduğunuz üçün Sizə təşəkkürümü bildirirəm” – Prezidentə yazırlar
“Biz Sizə inanır, güvənir və arxalanırıq” – Prezidentə yazırlar
S.Xankişiyeva