MFL-də yarımfinal həyəcanı artır: futbolçular qələbəyə kökləniblər – VİDEO
Azərbaycanın futbol üzrə ən böyük həvəskarlar liqası olan MFL-də mübarizə davam edir. Artıq yarımfinal oyunları keçirildiyindən həyəcan da artmaqdadır.
LSS MFL 2019/20-də çıxış edən komandaların üzvləri yarımfinal oyunları ərəfəsində MFL-lə bağlı öz təəssüratlarını bölüşərək, yarımfinalda qarşılaşacaqları rəqibləri, eləcə də öz komanda yoldaşları ilə bağlı fikirlərini bildiriblər.
“Universal” komandasının üzvü Nicat Baxşiyev karantin dövründə MFL üçün darıxdığını söyləyib: “MFL üçün darıxmamaq mümkün deyil. Çempionatımız yarıda qalmışdı. Evdə oturmaq futbolçu üçün doğrudan da çətin imiş”.
İndiki uşaqların kompüter oyunlarına çox aludə olmalarından gileylənən N.Baxşiyev texnologiyanın onları evə bağladığını bildirib:
“İndi kimi soruşursan “PUBG”, “Play Station” oynayır. Amma bizim dövrümüzdə belə deyildi. Hamı səhərdən axşama qədər küçələrdə futbol oynayırdı. O vaxt səviyyəli stadionlar, belə şərait yox idi. İndi geyindiyimiz ketalar, toplar, formalar daha keyfiyyətlidir. Məhəllələrin hamısında stadionlar var. Sadəcə texnologiya uşaqları evə bağlayıb”.
N.Baxşiyev komandası ilə bağlı da fikirlərini bildirib:
“Komanda şəklində toparlandıq. Mənə elə gəlir ki, çox gözəl futbol oynadıq, qələbəyə də layiq idik. İnşAllah ardı gələr, əziyyətimiz yerdə qalmaz”.
MFL-lə bağlı da danışan N.Baxşiyev burada təşkilatçılığın yüksək səviyyədə olduğunu vurğulayıb:
“O vaxta qədər belə səviyyəli çempionatlar yox idi. Təşkilatçılıq çox zəif idi. Birinci dəfə burda belə yüksək səviyyədə təşkilatçılıq gördük. Həvəskar liqa olsa da, hər şeyə çox peşəkar səviyyədə yanaşırlar”.
“Galaxy FK” komandasının üzvü Həbib Amanov MFL-i yaradan insanlara təşəkkür etməklə yanaşı, yarımfinaldakı rəqibləri “Beerbaşa” komandası ilə bağlı da fikirlərini bölüşüb:
“Burada olan futbol oynadığım qeyri-adi çempionatlardan çox fərqlidir. Hazırda “Beerbaşa” ilə oyuna hazırlaşmalıyıq. “Beerbaşa” həm layiqli komandadır, həm neçə illərdir ki, bu çempionatda iştirak edir”.
“Squadra” komandasının üzvü Əsgər Alışanov MFL-in artıq onun üçün doğmalaşdığını söyləyib:
“Keçən il də, bu il də MFL mənim üçün o qədər doğma bir yer olub ki, oyunlarda həyəcan olmur. Pandemiya vaxtı bir dəqiqə durmurdum, oyunlara hazırlaşırdım ki, daha yaxşı olum, daha yaxşı nəticə verim.
Yarımfinala qədər gəlmişiksə bunda komandamızdakı mehribançılığın böyük rolu olub. Rəqibin güclü və ya zəif olmağına baxmırıq. Bura qədər gəliblərsə deməli güclüdürlər”.
Ə.Alışanov komanda yoldaşı, karate üzrə beşqat dünya çempionu Rafael Ağayevlə bağlı da fikirlərini bildirib:
“Rafaeli biz burda tanıdıq, dost olduq. Həqiqətən də insan kimi çox yaxşı insandır. Ehtiyatda duranda bir dəfə məşqçinin söhbətinə qarışmaz, deməz ki, mən dünya şöhrətliyəm, məni də oyuna sal”.
Ə.Alışanov komandada ən sərt oynayan oyunçu olduğunu da etiraf edib:
“Bizim komandada ən kobud oynayan mən və Ramal Hüseynovdur. Rafael beşqat dünya çempionudur, ancaq o qədər də kobud oynamır. Biz də sırf insanı əzmək, futboldan kənarlaşdırmaq üçün kobud oynamırıq. Sadəcə bir az daha döyüşkən, sərt oynayıram. Futbol qız oyunu deyil ki, hamı hamıya güzəşt etsin”.
“Squadra” komandasının üzvü, karate üzrə beşqat dünya çempionu Rafael Ağayev MFL-də çıxış etməkdən məmnun olduğunu bildirməklə yanaşı, bacardığı qədər komandasına fayda verməyə çalışdığını söyləyib:
“Dostlarıma təşəkkür edirəm ki, futbolçu olmasam da məni bu çempionata dəvət etdilər. Burda çox yaxşı dostlarla tanış oldum. Bu mənim üçün uğurlu bir yoldur. İdmanda mübarizəni sevirik, amma mübarizədən sonra bir yenə də dostuq, yoldaşıq. Bütün komandalara uğurlar arzu edirəm. Öz komandamla fəxr edirəm və öz uşaqlarımıza inanıram. Sağ olsunlar ki, məni də dəvət elədilər. Mən də bacardığım qədər yaxşı oynayacam”.
“Beerbaşa” komandasının üzvü Kamil Məmmədov hazırda yaxşı formada olduqlarını söyləyib:
“Pandemiya ilə bağlı bütün bu proses təbii ki, hazırlığımıza mənfi təsir göstərdi. Komandamız çox yaxşı vəziyyətdə idi və bu məcburi fasilədə yenidən toparlanmağa çalışdıq. Zaman göstərdi ki, bunun öhdəsində heç də pis gəlmədik”.
İlk gündən turnirdə çıxış edən “Beerbaşa” komandasının yarımfinaldan o yana gedə bilmədiyini deyən K.Məmmədov bu dəfə daha uğurlu nəticəyə imza atacaqlarına inandığını söyləyib:
“Keçən il də yarımfinalda dayandıq. Deyəcəklər ki, biz buna artıq öyrəşmişik, bununla nə olacağını bilirik, xeyir. Bu bir az şişirdilmiş olardı. Çünki faktiki olaraq müxtəlif səbəblərdən hələ finala çıxmamışıq. Hardasa bəxtimiz gətirmədi. Təbii ki, daha çox özümüzdə səhv oldu”.
Azərbaycan çempionatı ilə bağlı da fikirlərini bölüşən K.Məmmədov nikbin danışıb:
“Bizim çempionata, bizim klublara gəlincə isə, təəssüf ki, bizdə cəmi səkkiz komanda var. Yenə də hesab edirəm ki, klubların, sponsorların özləri irəli getməyə çalışmalıdırlar. Bu, federasiyanın edəcəyi bir iş deyil. Klublarda gedən proseslərlə tanışam və çox müsbət məqamları görürəm. Onlar da MFL-çilər kimi futbolu çox sevməlidirlər”.
1news.az