Kolumbiya radiosunda Ermənistan-Azərbaycan münaqişəsi və atəşkəs bəyanatı haqda danışılıb
Kolumbiya Milli Ordusunun geniş dinləyici kütləsinə malik radio kanalında bu ölkədəki səfirimiz Məmməd Talıbovun Ermənistan-Azərbaycan münaqişəsi, işğalçı dövlətin son hərbi təcavüz cəhdi, Silahlı Qüvvələrimizin işğalda olan Azərbaycan ərazilərini azad etməsi və 10 noyabr tarixindən qüvvəyə minən atəşkəs bəyanatı haqda müsahibəsi efirə gedib.
Azərbaycanın Kolumbiyadakı Səfirliyindən 1news.az-a bildirilib ki, səfir ilk olaraq, münaqişənin tarixindən, Ermənistanın 1988-ci ildən Azərbaycana qarşı ərazi iddialarından, 1991-1994-cü illərdə isə hərbi təcavüzə əl ataraq Azərbaycanın beynəlxalq qaydada tanınmış ərazilərinin 20 faizini işğal etməsi və bu ərazilərdən 1 milyona yaxın azərbaycanlını qovmasından, BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə qəbul edilmiş qətnamələrin tələblərindən, Ermənistanın 27 ildir bu sənədlərin tələblərinə məhəl qoymaması və Minsk qrupu çərçivəsində aparılan danışıqlarda da davamlı olaraq qeyri-konstruktiv mövqe tutmasından danışıb.
Ermənistanda milliyyətçi qüvvələrin hakimiyyətə gəlməsindən sonra bu ölkənin son iki ildə Azərbaycana qarşı aqressiv mövqeyinin daha da gücləndiyini və təxribat əməllərinin artdığını deyən səfir, sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun mövqelərinə, dinc əhaliyə və mülki infrastruktura qarşı geniş miqyaslı hücumlar həyata keçirdiyini və bu hücumların mülkü əhali arasında qadınlar və azyaşlı uşaqlar da daxil olmaqla çoxsaylı itkilərə səbəb olduğunu, cəbhə xəttindən uzaqda yerləşən şəhərlərn ballistik raketlərlə hədəfə aldığını, Azərbaycan Ordusunun Ermənistanın təcavüz aktının qarşısını almaq, mülkü əhalinin təhlükəsizliyini, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin etmək və ölkəmizin ərazi bütövlüyünü bərpa etmək üçün əks-hücum əməliyyatları həyata keçirdiyini söyləyib.
Azərbaycan, Rusiya Prezidentləri və Ermənistanın baş naziri tərəfindən imzalanan bəyanatın tələblərinə əsasən, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğalda qalan ərazilərindən çıxarılmaqda olduğunu, atəşkəsə nəzarət məqsədilə bölgədə Rusiya sülhməramlı qüvvələrinin yerləşdirildiyini və azərbaycanlı məcburi köçkünlərin öz torpaqlarına qaytarılmasının nəzərdə tutulduğunu bildirib.
Münaqişənin yaranma səbəbinin bu ərazilərin strateji əhəmiyyəti ilə bağlı olub-olmadığına dair suala münasibətdə səfir işğal olunmuş ərazilərin strateji önəmindən öncə ölkəmiz üçün tarixi-mənəvi dəyərə malik olduğunu, Azərbaycan mədəniyyətinin beşiyi olan bu torpaqlarda çoxsaylı ziyalı, incəsənət və dövlət xadimlərinin yetişdiyini qeyd edib.
Əldə olunan razılaşmanın pozulması və münaqişənin yenidən hərbi mərhələyə keçməsi ehtimalı haqda sualla bağlı təmsilçimiz Ermənistanın 44 gün davam edən hərbi əməliyyatlar ərzində 3 dəfə elan edilmiş humanitar atəşkəs rejimini dərhal pozduğunu, bu səbəbdən Azərbaycan tərəfinin daim belə təxribatlara hazır olduğunu bildirib.
Səfir bu günədək hərbi əməliyyatlar yolu ilə işğaldan azad edilmiş şəhərlərimizin Ermənistan tərəfindən tamamilə məhv edildiyini, eyni zamanda, bəyanatın tələblərinə əsasən ermənilərin hazırda işğal edilmiş ərazilərimizi tərk edərkən yerli infrastruktura və ətraf mühitə ciddi zərər vurduğunu, bütün bunların Ermənistan hökumətinin bölgədə yaşayan erməni icmasında Azərbaycana qarşı aşıladığı nifrətin göstəricisi olduğunu və bu cinayətlərlə bağlı Azərbaycanın beynəlxalq məhkəmə orqanlarına müraciət edəcəyini söyləyib.
Münaqişə ilə yanaşı, Azərbaycanın coğrafi yerləşməsi, dövlət quruluşu, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və fəaliyyəti, ölkəmizin neft sənayesi tarixi, enerji və infrastruktur layihələri, turizm imkanları və çoxmədəniyyətliliyi haqda danışan səfir, Azərbaycanın 40-a yaxın fərqli etnik mənsubiyyətdən olan insanlara, o cümlədən on minlərlə erməni ailəsinə ev sahibliyi etdiyini, bu xüsusda Roma papası Fransisko tərəfindən bütün dünya ölkələri üçün tolerantlıq modeli adlandırıldığını bildirib.
Sonda Kolumbiya ilə ikitərəfli əlaqələrdən danışan səfir, iki ölkə artasında müsbət siyasi dialoqun mövcud olduğunu, beynəlxalq təşkilatlar çərçivəsində, habelə qanunverici orqanlar arasında davamlı əməkdaşlıq aparıldığını, Kolumbiya Parlamenti tərəfindən Xocalı soyqırımını tanıyan və Azərbaycanın münaqişədəki haqlı mövqeyini dəstəkləyən sənədlərin qəbul edildiyini, ölkələrimiz arasında kənd təsərrüfatı, turizm, mədəniyyət, təhsil sahələrində ortaq layihələr işləndiyini, bu xüsusda azərbaycanlı diplomatlar üçün ispan dili kurslarının kolumbiyalı müəllimlər tərəfindən həyata keçirildiyini qeyd edib.
Qafar Ağayev