“Xalq Sizin ətrafınızda dəmir yumruq kimi birləşərək erməni terrorçularını torpaqlarımızdan qovdu” - Prezidentə yazırlar | 1news.az | Xəbərlər
Siyasət

“Xalq Sizin ətrafınızda dəmir yumruq kimi birləşərək erməni terrorçularını torpaqlarımızdan qovdu” - Prezidentə yazırlar

16:50 - 29 / 12 / 2020
“Xalq Sizin ətrafınızda dəmir yumruq kimi birləşərək erməni terrorçularını torpaqlarımızdan qovdu” - Prezidentə yazırlar

Azərbaycan vətəndaşları, xaricdə yaşayan soydaşlarımız Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarlıq məktubları göndərməkdə davam edirlər. Onlar Vətən müharibəsində qazandığımız tarixi Qələbəni böyük sevinc və qürur hissləri ilə qarşıladıqlarını bildirir, dövlətimizin başçısına təşəkkür edirlər.

Prezidentin saytına istinadla həmin məktubların bəzilərini təqdim edirik:

Nərmin Fərəməzovadan, İsmayıllı, Azərbaycan:

- Cənab Prezidentimiz, tarix yazan Sərkərdəmiz İlham Əliyev.
Sizə İsmayıllı rayonunun Sulut kəndindən yazıram. Mənim 14 yaşım var. Sizə yazmağımın əsas səbəbi öz sevincimi bildirməkdir. Mən Qarabağ bölgəsindən olmasam da, Qarabağ azad olunanda çox sevinirdim. Çünki, Vətənin hər qarışı bizimdir. Vətən müharibəsindəki qalibiyyətimiz Sizin, Azərbaycan Ordusunun, Şəhidlərimizin, qazilərimizin və bir yumruq kimi birləşən xalqımızın sayəsində oldu. Allah şəhidlərimizə rəhmət eləsin, yaralı əsgərlərimiz tezliklə sağalsınlar. Bu şanlı qələbə münasibətilə Sizi ürəkdən təbrik edirəm. Siz bizim əbədi Qəhrəmanımızsınız. Nə yaxşı ki, Sizin kimi başçısı olan müstəqil dövlətin vətəndaşıyam. Vətənə hər an xidmət etməyə hazıram. Biz bir olanda Azərbaycan oluruq! Qarabağ Azərbaycandır!

Miryusif Abasovdan, Saatlı, Azərbaycan:

- Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.
Sizin komandanlığınızla şanlı ordumuz tərəfindən işğal altında olan torpaqlarımız 30 ildən sonra mənfur erməni tapdağından azad olundu. Bu parlaq qələbə əsrlər boyu yaradılmış saxta erməni mifini darmadağın etdi. Əlbəttə, bu tarixi qələbəyə Sizin qətiyyətli və müdrik rəhbərliyinizlə, milli birliyimiz, dəmir yumruq kimi birləşməyimiz sayəsində nail olundu. Şanlı qələbə münasibətilə Sizi, xalqımızı, müzəffər Ordumuzu ürəkdən təbrik edirəm. Fəxr edirəm ki, Sizin kimi müdrik Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız var. Allah Sizi qorusun!

Hörmətli cənab Prezident, Sizin ölkədə qismən səfərbərliklə əlaqədar imzaladığınız Sərəncam mənim də ürəyimdən oldu. Həqiqi hərbi xidmət dövründə ağır artilleriyada təcrübə qazanmışdım deyə dərhal cəbhəyə könüllü yazılanlar sırasına qoşuldum. 2020-ci il sentyabrın 29-dan torpaqlarımızın erməni işğalından azad edilməsi uğrunda döyüşlərə qatılmışam. Cəbrayıl, Füzuli, Qubadlı rayonları ərazisində erməni faşistlərinə qarşı şücaətlə vuruşmuşam. Yaralı döyüşçü yoldaşlarımı döyüş meydanından çıxarıb tibbi yardım məntəqəsinə çatdırılmasına kömək göstərmişəm. Hazırda Laçın rayonunda "N" saylı hərbi hissənin tərkibində qulluq edirəm. Əsgərlərimizin sırasında olmağımdan çox məmnunam və böyük qürur duyuram.
Şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Yaralı əsgərlərimizə Allahdan şəfa diləyirəm.
Allah Sizi qorusun! Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!

Enver Türkoğludan, Ankara, Türkiyə:

- Möhtərəm cənab Prezident.
Qazandığınız tarixi Qələbəyə görə Türkiyədən şəxsən Sizə minnətdarlığımı bildirmək istəyirəm. Bu günlərdə Qarabağdakı Qələbəmizin xoşbəxtliyini ürək dolusu yaşayırıq.
Çünki 30 ilə yaxın idi ki, hər gün bu zəfərin xəyalını quraraq yaşayırdıq. Ancaq bir gün həmin anın gələcəyinə, mütləq doğma torpağımıza qayıdacağımıza əmin idik. Allaha şükür ki, Qarabağ bu gün öz sahiblərini qazandı.
Bu 44 günlük dövrdə Sizin qətiyyətiniz və dik duruşunuz bizi qürurlandırdı, bu hisslər uzun illər unudulmayacaq. Fürsətdən istifadə edərək, Sizə və qalib Azərbaycan Ordusuna təşəkkür etmək istəyirəm. Şəhid əsgərlərimizə Allahdan rəhmət, ailələrinə başsağlığı diləyirəm.
Cənab Prezident, səmimi qəlbdən inanıram ki, Sizin rəhbərliyiniz altında, irəliyə baxan güclü siyasətinizlə Azərbaycan hər il daha da inkişaf edəcəkdir.
İki dövlət, bir millət anlayışı hər birimiz üçün dəyərlidir. Türkiyə və Azərbaycan arasındakı dost münasibətləri hər keçən gün daha da inkişaf etdirilməsində Sizin və Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın fəaliyyətini yüksək qiymətləndiririk.
Hörmətli Prezident, Sizi bir daha təbrik edir, uzun ömür, cansağlığı arzulayıram. Ana Vətəndən Ata Vətənimə salamlar çatdırıram.Bu Qələbə Sizin uzaqgörən, müdrik siyasətinizin nəticəsidir

Məsud Cavadovdan, Yardımlı, Azərbaycan:

- Cənab Prezident.
44 günlük Vətən müharibəsində qələbə çalmağınız münasibətilə Sizi ürəkdən təbrik edirəm. Mən Sizin bu Qələbənizi alqışlayıram. Bu Qələbə Sizin uzaqgörən, müdrik siyasətinizin nəticəsidir. Allah Sizdən və xalqımızdan razı olsun. Xalq Sizin ətrafınızda dəmir yumruq kimi birləşərək erməni terrorçularını torpaqlarımızdan qovdu.
Cənab Prezident, müharibə vaxtı etdiyiniz bütün çıxışlarınıza heyran qalırdıq, sanki rəhmətlik ulu öndər Heydər Əliyev danışırdı. Sizin çıxışlarınız dillər əzbəri olub. Sizin hər kəlməniz bizim üçün dəyərlidir. Ermənistan ordusunun təxribat törədərək Gəncəyə bir neçə dəfə raket atmasına baxmayaraq, Siz təxribata uymadınız. Öz uzaqgörən siyasətinizlə bu təxribatın qarşısını aldınız.
Allah Ulu Öndərimizə, şəhidlərimizə rəhmət eləsin, yaralılara şəfa versin.
Hörmətlə,

İslam Allahverdiyevdən, Beyləqan, Azərbaycan:

- Möhtərəm Prezident.
Doğma Qarabağın düşməndən azad edilməsi və Vətən müharibəsinin tarixi Qələbə ilə başa çatması hər bir Azərbaycan vətəndaşının qəlbində böyük qürur və iftixar hissi yaşatmışdır. Sizin ulu öndər Heydər Əliyevin siyasi varisi kimi zəngin təcrübəniz və yüksək liderlik keyfiyyətləriniz, xalq arasında və dünyada böyük nüfuzunuz doğma Qarabağ uğrunda savaşda uğurlarımızın əsas şərti olmuşdur. Biz əminik ki, savaş meydanında əldə etdiyimiz tarixi Qələbənin ardınca Sizin rəhbərliyiniz altında Azərbaycanı daha böyük gələcək, daha firavan həyat gözləyir.

Sərdar İsmayılovdan, Bakı, Azərbaycan:

- Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan.
Mən Qarabağ müharibəsi əlili, vətənpərvər qarabağlı kimi torpaqlarımızın erməni faşistlərindən uğurla azad etdiyinizə, böyük zəfərin qazanılmasındakı xidmətlərinizə, tarixi ədaləti bərpa etdiyinizə görə Sizə minnətdarlıq edirəm.
Siz Vətənimizin bir parçası olan Qarabağımızın şəhər və kəndlərini - Şuşanı, Kəlbəcəri, Laçını, Ağdamı, Füzulini, Zəngilanı, Cəbrayılı, Hadrutu, Suqovuşanı və digər ərazilərimizi 30 illik həsrətdən sonra əsl sahiblərinə - bizə qaytardınız. Buna görə Siz bizim Fatehimiz, əvəzolunmaz Liderimizsiniz. Yorulmaz siyasi fəaliyyətinizə, hərbi sahədəki şücaətlərə və qəhrəmanlıqlara görə Sizin qarşınızda baş əyirik.
Ağdam rayonu Şıxbabalı kəndinin sakinləri, o cümlədən ailə üzvlərim adından, həmçinin döyüş yoldaşlarımın adından Sizə və komandanlıq etdiyiniz müzəffər Ordumuza səmimi təşəkkürlərimizi bildiririk.
Sizə gələcək fəaliyyətinizdə yeni-yeni uğurlar, tarixi qələbələr və böyük zəfərlər arzulayırıq!
Şəhidlərimizə Allahdan rəhmət diləyir, yaralı qazilərimizin tezliklə sağalmalarını arzulayırıq.
Tanrı Sizi və xalqımızı qorusun!

Cəmilə İmamverdiyevadan, Bakı, Azərbaycan:

- Hörmətli cənab Prezident.
Mən Texniki-Humanitar Liseyin müəllimi, həmçinin Birinci Qarabağ müharibəsi veteranının qızıyam.
Məktubumla xalqımıza bəxş etdiyiniz Qələbəyə görə təşəkkür edirəm. Bu qələbə tarixini Sizin qətiyyətiniz, qardaş və bacılarımızın şücaəti sayəsində qazandıq. Məhz Siz xalqımızda bu qədər yüksək döyüş ruhu yarada bildiniz. Əsgərlərimizi ruhlandırdığınıza, onlardan diqqət və qayğını əsirgəmədiyinizə görə çox sağ olun. Siz 44 gün ərzində hər an bizimlə oldunuz, biz isə səbirsizliklə Sizdən xoş xəbərlər gözləyirdik.
Mən şəxsən Sizə müəllimlər adından çox sağ ol demək istəyirəm ki, bizi işğal altında olan tarixlər barədə dərs demək əzabından qurtardınız, yeni qalibiyyət tarixini şərəflə, qürurla uşaqlara öyrətmək imkanı verdiniz. Nəhayət, dərsliklərdə, gündəliklərdə ərazilərimizin işğaldan azad edildiyi günlər qırmızı rənglə qeyd ediləcək.
Bizim liseyin məzunu Aqşin Novruzov da Vətən müharibəsinin şəhidi zirvəsinə ucalıb. O daim bizim qəlbimizdə yaşayacaq və arzu edirik ki, bir vaxtlar liseyimiz onun adını daşısın.
Biz şagirdlərimizi Vətənimizin bir parçası olan Qarabağımıza, Azıx mağarasına, Xudafərin körpüsünə, Pənahabad və Şahbulaq qalalarına, Xudavəng, digər alban kilsələrinə ekskursiyaya aparacağımız günləri səbirsizliklə gözləyirik.
Biz onlayn rejimdə şagirdlərimlə birlikdə Sizin çıxışlarınızı izləyirdik. Şagirdlərim Sizin tarixi, çoğrafi biliklərinizə, müxtəlif dillərdə natiqliq qabiliyyətinizə heyran olur və bu da onları daha yaxşı oxumağa həvəsləndirirdi.
Əziz Prezidentimiz, şükürlər olsun ki, xalqımızın Sizin kimi Lideri var. Allahdan Sizə möhkəm cansağlığı və uzun illər arzulayıram.
Düşmən qarşısındakı başucalığımıza görə Sizə bir daha təşəkkür edirəm.

Hüseyin İbadovdan, Şəki, Azərbaycan:

- Möhtərəm cənab Prezident.
Bütün Azərbaycan xalqı Sizinlə fəxr edir. Sizin kimi bir Liderimiz olduğu üçün fəxarət hissi keçiririk. Vətən müharibəsində bütün qərarları lazımı anda verdiniz, qətiyyətli addımlar atdınız. Bununla da bütün dünyaya necə böyük bir Lider olduğunuzu bir daha göstərdiniz.
Mən məhkumam. Hər gün televiziyadan bütün çıxışlarınızı böyük qürur hissi ilə izləyirəm. Siz dünyanın ən böyük Liderisiniz. Xalqımızın qəhrəmanısınız!
Sizə olan minnətdarlıq hisslərimi ifadə etməyə söz yetməz. Şəhidlərimizin, o cümlədən atamın, həmçinin minlərlə qazilərimizin intiqamını aldığınız üçün Sizə təşəkkür edirəm. Yaxşı ki, varsınız, yaxşı ki, bizim Liderimizsiniz!

Asif Hacısoydan, Bakı, Azərbaycan:

- Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandanımız.
Sizin uzaqgörən siyasətiniz, iradəniz və müzəffər Ordumuzun şücaəti sayəsində çoxəsrlik tariximizin ən parlaq səhifələrindən birinə şahidlik edirik.
1993-cü ildə ətraf rayonların işğalından sonra sağ qalmaq üçün yeganə yolumuz sakini olduğumuz Zəngilan rayonu, Bartaz qəsəbəsindən Arazın o tayına keçməklə köçkün taleyimizə qədəm qoyduq. On yaşlı bir uşaq üçün Arazın o tayında gözlə görünən evinə qayıda bilməmək hisslərini sözlə ifadə etmək olmur. Orada bir neçə gün qaldıqdan sonra qayıtmağın mümkün olmayacağını başa düşüb İran ərazisindən keçməklə İmişlidə, indiki Şirvan rayonunda və nəhayət, Bakıda məskunlaşdıq.
Torpaqlarımızın işğal altında qaldığı illər ərazi bütövlüyümüzün bərpası həsrəti ilə keçdi. Sizin bu istiqamətdə uğurlu fəaliyyətiniz göz önündə idi və bizdə böyük ümidlər yaradırdı. Beynəlxalq təşkilatlar Azərbaycana qarşı ikili standartlar tətbiq etsə də Sizin uzaqgörən siyasətiniz bütün maneələrin öhdəsindən gəldi.
Bu gün artıq torpaqlarımız azaddır və mənim yarımçıq qalan o xoşbəxt uşaqlığımı, övladlarımla birlikdə sonrakı həyatımı dədə-baba yurdumda davam etdirəcəyəm.
Əminəm ki, bu çətin günlərdə bizi birləşdirib düşmənin başını əzən dəmir yumruğunuz qayğıkeş əllərə çevrilib yurdumuzu bərpa edəcək.
Sizə və rəşadətli Ordumuza minnətdarlığımı bildirir, şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza isə şəfa diləyirəm. Sizi möhtəşəm Qələbəmiz münasibətilə ürəkdən təbrik edir və müstəqil Azərbaycanımızın inkişafı istiqamətindəki fəaliyyətinizdə uğurlar arzulayıram.Bu Qələbə Sizin şah əsərinizdir

Qeyrət Ağayevdən, Cəlilabad, Azərbaycan:

- Hörmətli cənab Prezident.
Bu gün Sizə səmimi ürək sözlərimi yazmaqdan şərəf duyuram. Siz həm bizim Prezidentimiz, həm də Xalq Qəhrəmanısınız. Çünki Siz hər zaman xalqın marağını hər şeydən üstün tutursunuz.
Ermənilərin havadarları nə qədər güclü olsa da Sizin zəkanız, düzgün qərarlarınız bu gücə qalib gəldi.
Bu Qələbə Sizin şah əsərinizdir. Bu əsərin ərsəyə gəlməsində Vətən üçün ölümün gözünə dik baxan igid əsgərlərimizin də payı çoxdur. Allah şəhidlərimizə rəhmət eləsin, əsgərlərimizə uzun ömür versin.
Sizin uzaqgörən siyasətiniz, iradəniz və müzəffər Ordumuzun şücaəti sayəsində çoxəsrlik tariximizin ən parlaq səhifələrindən birinə şahidlik edirik.
Naxçıvanla quru sərhədimizin bərpa olunması siyasi mübarizənizdə alqışalayiq bir qələbədir. Allah Sizi, bu mübarizədə bizə dəstək olan dost ölkələri, onların liderlərini qorusun!
Xalqımız Sizi sevir, ona görə ümid edirik ki, ömürlük bizim Prezidentimiz olacaqsınız. Sizin sayənizdə əldə olunan Qələbə bizi dünyanın ən xoşbəxt, ən zəngin insanlarına çevirdi. Ulu Tanrı Sizə yar olsun!

Rövşən İmanovdan, Lerik, Azərbaycan:

- Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev.
Sizin və şanlı Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində gözəl Qarabağımızın erməni faşistlərindən 44 gün ərzində azad olunması xəbərləri məni və ailə üzvlərimi çox sevindirdi. Bu Qələbə münasibətilə Sizə və şanlı Azərbaycan Ordusunun əsgər və zabitlərinə öz təşəkkürümüzü bildirirəm.
Əziz Prezidentimiz, Siz və şanlı Ordumuz Azərbaycan tarixinə qızıl hərflərlə unudulmaz yeni bir tarix yazdınız. Sizə, Azərbaycan Ordusunun əsgər və zabitlərinə möhkəm cansağlığı, uzun ömür arzu edirik.
Qarabağ Azərbaycandır!
Var olsun Azərbaycan!
Yaşasın Azərbaycan Respublikası!

İsgəndərovlar ailəsindən, Bakı, Azərbaycan:

- Hörmətli cənab Prezidentimiz.
Allah Sizin kölgənizi xalqımızın başı üzərindən əskik etməsin. Siz indiyə kimi xəyallarımızda yaşatdığımız Qarabağımızı, Şuşamızı bizə qaytardınız. Baxmayaraq ki, anam şuşalıdır, mən indiyə kimi ana torpağımı ancaq şəkillərdə görürdüm, oraları anamın ağlaya-ağlaya danışdığı xatirələri ilə təsəvvür edirdim. Amma Siz peşəkar, inamlı siyasətiniz nəticəsində, rəhbəri olduğunuz Müzəffər Ordumuzun gücünə Qarabağımızı, Şuşamızı bizə qaytardınız, 27 ildən sonra işğaldan azad etdiniz, bu sevinci, xoşbəxtliyi bizə bəxş etdiniz. Bunlar sözlə ifadə edilməyəcək hisslər, anlardır. Səbirsizliklə Şuşamızda qurbanımızı kəsəcəyimiz günü gözləyirik. Allah Sizdən yerdən göyə qədər razı olsun.
Xalqımızın sevimli Prezidenti, Müzəffər Ali Baş Komandanımız, Sizi çox sevirik. Allah Sizi qorusun! 100 yaşayın, cənab Prezident. Dualarımız, sevgimiz Sizinlədir.

Mehdi Mehdiyevdən, Bakı, Azərbaycan:

- Möhtərəm cənab Prezident,
Bir lider və rəhbər kimi nailiyyətlərinizi sadalamaqla bitməz. Amma mənim və minlərlə soydaşlarımız üçün bu nailiyyətlərin içində ən əsası torpaqlarımızı azad etməyinizdir.
Torpaqlar Sizin səyləriniz, uzaqgörən siyasətiniz, güclü strategiyanız sayəsində azad olundu. Ən əsası isə ürəyinizdəki Vətən eşqi, qətiyyətiniz sayəsində Qələbəyə nail olduq.
Mən sahibkaram. Fəaliyyətimlə bağlı bir çox böyük beynəlxalq şirkətlərin rəhbərləri ilə ünsiyyətdə oluram, müxtəlif bölgələrdə gedən siyasi prosesləri müşahidə edirəm. Bu qənaətə gəlmişəm ki, əsl liderin biliyi, intellektual savadı və qətiyyəti ilə yanaşı ürəyində Vətən eşqindən doğan alov olmalıdır. Bu alovu mən Sizdə gördüm. Sevinirəm ki, belə bir ürəyə malik şəxs mənim ölkəmin rəhbəridir. Sizin xalq üçün etdiyiniz böyük bir müvəffəqiyyət, tarixi qələbə, nəhayət bir millətin mənliyinin, hər birimizin şərəf və ləyaqətinin yüksəlməsidir.
Mənim atam 4 il əvvəl 75 yaşı tamam olanda kədərlə dedi ki, görəsən mən Laçının azadlığına qədər yaşayacağammı? Bu gün atam 79 yaşındadır və ürəyi Sizin sayənizdə sakit və şaddır. Hər bir soydaşımız Sizə qarşı heç nə ilə ölçülə bilməyən minnətdarlıq hissi keçirir, biz bu gün yaşananları heç vaxt unutmayacağıq.
Bilin ki, Sizin yolunuzda hər şeyini, hətta canının fəda etməyə hazır olan yüz minlərlə insan var.

Ömər Nəzərovdan, Culfa, Azərbaycan:

- Möhtərəm Prezidentimiz İlham Əliyev!
Sizin sayənizdə Ağdam rayonundan olan ailəmin üzərindən məcburi köçkün adı götürüldü. Mənim atam da hazırda milli orduda xidmətini layiqincə yerinə yetirir. Həm hərbçi ailəsində böyüdüyümdən, həm də Sizi izlədikdən sonra ordumuza layiqli hərbçi olacağıma söz vermişəm. İndi mənim 15 yaşım var, ordu sıralarında hərbi xidmət etmək üçün günləri sayıram. Allahın izni ilə o gün mənə qismət olar.
Cənab Prezident, Sizi başqa ölkələrin prezidentləri ilə müqayisə etdikdə Sizinlə daha da qürur duyuram. Siz bu milləti sevindirdiniz, Qarabağımızı bizə qaytardınız. Allah Sizə uzun ömür, cansağlığı versin. Daim ölkəmizin başında durasınız və ölkəmizi daha irəli aparasınız. Mən bunu tam səmimi qəlbimlə yazıram, ürək sözlərimi Sizə çatdırmağa çalışıram. Sizinlə fəxr edirəm və qürur duyuram. Allah Sizdən razı olsun! Sonda bir daha Ağdamlı olaraq, bütün ağdamlılar adından Sizə təşəkkür edirəm. Allah köməyiniz olsun, daha da güclü olasınız. Sağ olun! Var olun!

Günel Səfərovadan, Paris, Fransa:

- Möhtərəm cənab Prezident!
Siz 30 ilə yaxın müddət ərzində işğal altında qalmış Qarabağımızı bizə - Azərbaycan xalqına qaytardınız. Azərbaycan tarixində yeni səhifə yazdınız. Sizin hakimiyyətinizin ilk günündən həyata keçirdiyiniz məqsədyönlü fəaliyyətiniz Azərbaycanımızın bu günü üçün polad təməllər qoymuşdur. Bundan heç bir zaman şübhə etməmişdik.
Ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun məharətli təmsilçisi olaraq dövlətimizin parlaq gələcəyinin Sizin kimi Prezidentin rəhbərliyi ilə olacağından tam əminik.
Cənab Prezident, Sizi Fransada yaşayan azərbaycanlılar adından səmimi qəlbdən təbrik edirik. Bu müşkül zamanda Sizə ilk növbədə möhkəm cansağlığı, uzun ömür, işlərinizdə uğurlar arzu edirik. Qarabağı azad etməklə dünyaya dövlətimizin gücünü göstərdiniz və biz azərbaycanlılara qürurumuzu və məğrurluğumuzu qaytardınız.
Buna görə Sizə minnətdarlığımızı bildiririk!

1news.az

Paylaş:
400

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər