Anadolu agentliyi AZƏRTAC-ın 101 ildə keçdiyi inkişaf yolundan yazıb
Türkiyənin Anadolu agentliyi Azərbaycan Dövlət İnformasiya Agentliyi – AZƏRTAC-ın fəaliyyətə başlamasının 101-ci ildönümü münasibətilə ingilis dilində məqalə yayıb.
Məqalədə Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan AZƏRTAC-ın yaranma tarixi, keçdiyi yol, hazırda beynəlxalq informasiya məkanında tutduğu önəmli yer barədə ingilisdilli oxuculara ətraflı məlumat verilir.
Yazıda agentliyin fəaliyyət dövrünün müxtəlif mərhələlərində - 1920-ci ilin mart–aprel aylarında, təxminən 70 illik sovet dövründə, nəhayət, müstəqillik illərində keçdiyi mürəkkəb və şərəfli yoldan bəhs olunur.
Qeyd edilir ki, ilk xəbəri 1920-ci il martın 1-də yayılan AZƏRTAC sonralar, sovet hakimiyyəti illərində müxtəlif adlar altında fəaliyyət göstərib. “1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra tarixi adı bərpa olunan agentlik yeni inkişaf mərhələsinə qədəm qoyub, beynəlxalq xəbər agentlikləri ilə sıx əlaqələr qurub, xarici ölkələrdə müxbir məntəqələri açıb, Azərbaycanda baş verən hadisələri dünya ictimaiyyətinə çatdırmağa başlayıb”, – deyə məqalədə qeyd edilir.
Vurğulanır ki, AZƏRTAC 44 günlük Vətən müharibəsi zamanı ön cəbhədə baş verən hadisələr barədə məlumatların, eləcə də Qarabağ münaqişəsinə dair həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayıb.