Taliban tələbə qızlar üçün yeni qaydaları açıqlayıb
Əfqanıstanda universitetlər cinsiyyətə görə ayrılacaq və yeni geyim qaydaları tətbiq ediləcək, ölkədə hakimiyyəti ələ keçirən Taliban bildirib.
1news.az haberler.com-a istinadən xəbər verir ki, ali təhsil naziri Abdul Baqi Haqqani deyib ki, qadınlara ancaq kişilərdən ayrı olmaq şərtilə təhsil almaq icazəsi veriləcək.
O, həmçinin şagirdlərə öyrədiləcək fənlərin yenidən nəzərdən keçiriləcəyini bildirib.
Əfqanıstanda Talibanın 1996-2001-ci illərdəki hakimiyyəti dövründə qadın və qızlara məktəb və universitetlərə getmək qadağan olunmuşdu.
Bu dəfə Taliban deyib ki, onlar qadınların təhsil almasına və ya işləməsinə qadağa qoymayacaqlar. Lakin Taliban avqustun 15-də ölkəyə nəzarəti ələ keçirəndən sonra səhiyyə sahəsində işləyənlərdən başqa bütün qadınlara təhlükəsizlik məsələləri düzələnədək işə çıxmamağı bildirib.
Taliban hakimiyyətindən öncə Əfqanıstanda qadın tələbələrin xüsusi geyim forması yox idi və onlar kişilərlə yanbayan təhsil ala bilirdilər.
Bəziləri deyir ki, yeni qaydalar qadınları təhsildən uzaqlaşdıracaq, çünki universitetlərin ayrı sinif yaratmağa vəsaitləri yoxdur.
Abdul Baqi Haqqani isə ölkədə kifayət qədər qadın müəllimin olduğunu, çatışmazlıq yaranarsa alternativlərin tapılacağını bildirib.
"Hər şey universitetin imkanlarından asılıdır. Kişi müəllimlər də pərdə arxasından dərs deyə və ya texnologiyadan istifadə edə bilərlər", - ali təhsil naziri deyib.
Qadınlardan hicab taxılması tələb olunacaq, lakin cənab Haqqani əlavə üz örtüklərinin məcburi olub-olmayacağını qeyd etməyib.
Taliban 2001-ci ildə hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra Əfqanıstanda təhsil alanların sayında, xüsusən də qızların və qadınların savadlılıq səviyyəsinin yüksəldilməsində böyük irəliləyiş əldə edilmişdi.
UNESCO-nun son hesabatında Taliban nəzarətindən sonra 17 il ərzində ölkədə ibtidai siniflərdə qızların sayının demək olar ki, sıfırdan 2,5 milyona yüksəldiyi bildirilir.
Hesabatda qadınların savadlılıq səviyyəsinin on il ərzində təxminən iki dəfə artaraq 30 faizə çatdığı da bildirilir.
1news.az