Prezident: Biz strateji nöqteyi-nəzərdən gələcəyə barış prizmasından yanaşırıq
Biz strateji nöqteyi-nəzərdən gələcəyə barış prizmasından yanaşırıq. Çünki mən istəyirəm ki, bir daha müharibə olmasın.
Hər halda biz müharibə başlamayacağıq, əgər Ermənistan tərəfdə revanşist meyillər baş qaldırmasa. Əgər görsək ki, Ermənistanda bizə qarşı hər hansı bir təhdid yaranır, biz o təhdidi məhv etməliyik. Bu, bizim legitim hüququmuzdur. Ancaq bu təhdid olmasa, bizim başqa fikrimiz yoxdur.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu fikirləri Prezident İlham Əliyev Türkiyənin Anadolu agentliyinə müsahibəsində söyləyib.
Dövlətimizin başçısı qeyd edib ki, Qarabağda 25 min erməni yaşayır, onlar da inşaat və bərpa işlərdə iştirak edə bilərlər. “Eyni zamanda, gələcəkdə biz onların yaşadıqları yerlərdə, kəndlərdə onlar üçün şərait yaradarıq. İndi baxın, bizim Qarabağ və Şərqi Zəngəzurla bağlı planlarımız göz önündədir. Ağdam şəhərinin baş planı təsdiq edildi. Yaxın gələcəkdə Cəbrayıl və Füzuli şəhərlərinin, bütövlükdə rayonların baş planları təsdiq ediləcək. Bu, bizim gücümüzü göstərir və biz ermənilərin indi Qarabağda yaşadıqları kəndlərdə də bunu edə bilərik”, - deyə Prezident İlham Əliyev bildirib.
Azərbaycan Prezidenti bu mövzuda sözünü davam etdirərək deyib: “Mən Zəfərdən sonra bölgələrə onlarla səfər etdim və orada bəzi kəndlərdə, ermənilərin yaşadıqları kəndlərdə gördüyüm mənzərə məni dəhşətə gətirdi. Yəni, insana yaraşmayan bir vəziyyət. Bəzi kəndlərin evləri indi analiz edilir, evlərin 95 faizi yararsızdır, yəni, orada heç kimsə yaşaya bilməz, onlar sökülməlidir. Yəni, 30 il belə rəzil durumda yaşayan bir toplum təbii ki, işıq üzü görmək istəyir və işıq yalnız Azərbaycandan gələcək. Anlamaq lazımdır ki, onlar üçün də bu, o qədər də asan məsələ deyil. Burada psixoloji durum da nəzərə alınmalıdır. Ancaq biz hər halda xoş niyyət göstəririk və ümid edirəm, onlar anlayacaq ki, xoşbəxt gələcəkləri, rifahla dolu gələcək ancaq Azərbaycan dövləti ilə bağlıdır”.