Prezident İlham Əliyev məcburi köçkünlərdən danışarkən kövrəldi - VİDEO
Sentyabrın 27-də Prezident İlham Əliyev Türkiyənin Anadolu Agentliyinə müsahibə verib.
1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, müsahibə zamanı Prezident İlham Əliyev azad olunmuş ərazilərə səfərlərdən, torpaq həsrəti ilə yaşayan məcburi köçkünlərdən danışarkən kövrəlib.
"Biz, sadəcə olaraq, ilk dəfə Şuşaya gedəndə Bakıdan səhər çıxmışdıq, çünki o zaman yol çox uzaq idi. Biz Füzulidən Şuşaya Zəfər yolu ilə təqribən 3 saata getmişdik, özü də yollar qarlı idi, buz bağlamışdı. Ona görə səhər erkən çıxmışdıq, hələ qaranlıq idi və hava işıqlandıqca çox gözəl mənzərə yarandı. Mehriban xanım onu öz telefonu ilə çəkməyə başladı və məni də çəkdi. Mən də dedim ki, yolumuz Şuşayadır və bundan başladı. Ondan əvvəl təbii ki, Ağdam və digər rayonlar da var idi.
Bu, xüsusi bir təşəbbüsdür. Çünki adətən mənim səfərlərimi rəsmi heyət işıqlandırır. Adətən orada çox rəsmi görüşlər, çıxışlar, mərasimlər və sair olur. Bu isə yeni bir yanaşma idi və bilirəm ki, bir çoxlarının xoşuna gəldi. Bizim də xoşumuza gəldi. Bilirsiniz, bu sözləri deyərkən, ilk növbədə, mənim gözlərimin önünə o bölgələrdə yaşamış insanlar gəlirdi. Mən, ilk növbədə, onlar üçün bunu deyirdim. Çünki onlar 30 il həsrət içində idilər və mən gəlmişəm oraya, mən bu evi görürəm, bu binanı görürəm, onlar görmürlər. Onlar bizim gözlərimizlə onu görməlidirlər. Hər zaman mənim gözlərimin önündə onlar idi, nə qədər əzab çəkdilər, nə qədər əziyyət çəkdilər, amma sınmadılar, möhkəm durdular. Budur Azərbaycan! Budur Azərbaycan xalqı! Mən sizi də duyğulandırdım" - dövlət başçısı bildirib.