Mədəniyyət naziri: Ermənilər Qarabağda olan mədəni abidələrin 95%-ni məhv ediblər
"Mədəniyyət Nazirliyi tərəfindən aparılan ilkin monitorinqlərin nəticələrinə əsasən işğaldan azad olunmuş ərazilərdə dövlət qeydiyyatına alınmış 706 tarixi və mədəniyyət abidəsi var.
Apardığımız monitorinq nəticəsində onların 95 faizinin dağıdıldığının şahidi olduq. Bizi ən çox məyus edən məscidlərimizə olan münasibətdir".
1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, bunu mədəniyyət naziri Anar Kərimov Türkiyənin Anadolu agentliyinə müsahibəsində deyib.
Onun sözlərinə görə, işğal zamanı Ermənistan bölgədəki infrastruktura, tarixi və mədəni abidələrə, hətta qəbiristanlıqlara böyük ziyan vurub: "Bu həm müharibə cinayəti, həm də insanlığa qarşı cinayətdir. Erməni vandalları bütün binaları dağıtdıqdan sonra məscidlərdə ev heyvanları saxlayıblar. İşğal nəticəsində ermənilərin Qarabağda dağıdıb viran qoyduqları muzeylər, məscidlər, abidələr tək Azərbaycan xalqının mədəni irsinə deyil, bütün İslam dünyasına, ümumilikdə isə bəşər mədəniyyətinə qarşı vandalizm aktıdır".