Azərbaycanla Xorvatiya arasında dostluq və strateji əməkdaşlıq münasibətləri uğurla inkişaf edir – FOTO
Oktyabrın 20-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə rəsmi səfərdə olan Xorvatiya Respublikasının xarici və Avropa işləri naziri Qordan Grliç Radmanla görüşüb.
1news.az-a XİN-in mətbuat xidmətindən verilən xəbərə görə, hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə Azərbaycan ilə Xorvatiya arasında münasibətlərin inkişafı perspektivləri, habelə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.
Nazir Ceyhun Bayramov iki ölkə arasında dostluq və strateji əməkdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini bildirib. O, ölkələrimiz arasında siyasi dialoqun davamlılığı, ali və yüksək səviyyəli qarşılıqlı səfər və görüşlərin təşkilinin əhəmiyyətini vurğulayaraq, bu müsbət tendensiyanın davam etdirilməsinin vacib olduğunu ifadə edib.
Qordan Grliç Radman ölkəmizdə səfərdə olmaqdan məmnunluğunu bildirib və Azərbaycan Prezidenti ilə keçirilmiş görüşə istinad edib. İki ölkə arasında bir sıra oxşarlıqların olduğunu deyən xorvatiyalı nazir bu xüsusda ölkələrin suverenliyi və müstəqillik mübarizəsini qeyd edib. O, müstəqilliyin bərpasından ötən dövrdə Azərbaycan tərəfindən qazanılmış nailiyyətlərin təqdirəlayiq olduğunu söyləyib. Nazir Xorvatiyanın Azərbaycanla əlaqələrin dərinləşdirilməsində maraqlı olduğunu bildirib.
Nazirlər ikitərəfli əməkdaşlıq gündəliyinin bir sıra məsələləri, o cümlədən XİN-lərarası siyasi məsləhətləşmələrinin mütəmadi əsasda keçirilməsi, parlament ölçüsü üzrə əlaqələrin genişləndirilməsi, habelə əlaqələrimizin əsas sütunlarından olan iqtisadi sahədə, eləcə də enerji, kənd təsərrüfatı, yüksək texnologiyalar, humanitar, turizm və digər istiqamətlər üzrə əlaqələrin inkişafı perspektivləri ətrafında fikir mübadiləsi aparıblar. Cari səfər çərçivəsində biznes forumun təşkilinin iqtisadi-ticarət sahəsində əlaqələrin genişləndirilməsinə töhfə verəcəyi vurğulanıb.
Tərəflər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, xüsusilə də Avropa İttifaqı və “Şərq tərəfdaşlığı” platformasında əməkdaşlıq məsələlərini müzakirə ediblər.
C.Bayramov Azərbaycan ərazisindəki son vəziyyət, xüsusilə də üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri həmkarının diqqətinə çatdırıb. Azad olunmuş ərazilərdə həyata keçirilən quruculuq, eləcə də minalardan təmizləmə işləri ilə bağlı məlumat verib. Dost Xorvatiyanın xüsusilə minalardan təmizləmə sahəsində təcrübəsi nəzərə alınmaqla, azad olunmuş ərazilərdə həyata keçirilən quruculuq prosesində iştirak edə biləcəyi diqqətə çatdırılıb.
Görüşdə nazirlər, həmçinin bölgələrdəki vəziyyət və qlobal gündəliyə daxil olan məsələlər ətrafında fikir mübadiləsi aparıblar.