Fransa portalı Füzuli Beynəlxalq Hava Limanının açılışından yazıb – FOTO
Fransanın “Musulmans en France” www.musulmansenfrance.fr xəbər portalında Azərbaycanın yeganə fransızdilli mətbu orqanı “Le Carrefour” (Yol qovşağı) qəzetinin təsisçisi, jurnalist Zeynab Kazımovanın “Füzuli Hava Limanının açılış mərasimi” sərlövhəli məqaləsi dərc olunub.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, məqalədə oktyabrın 26-da Füzuli Beynəlxalq Hava Limanının açılışından söz açan jurnalist mərasimdə prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın iştirak etdiklərini bildirib, bunun Türkiyə Prezidentinin Azərbaycanın 44 günlük Vətən müharibəsindəki Qələbəsindən sonra Qarabağa ikinci səfəri olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycan hava limanının tikintisi işlərini 8 ay ərzində başa çatdırıb. Bu il sentyabrın 5-də aeroportda sınaq uçuşu həyata keçirilib. Xatırladıb ki, Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə bu il iyunun 15-də Şuşa şəhərində Azərbaycan-Türkiyə əlaqələrinin möhkəmləndirilməsi haqqında Şuşa Bəyannaməsini imzalanıb.
Qeyd olunub ki, Azərbaycan və Türkiyə prezidentləri, eyni zamanda, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikinti işlərinin gedişi ilə tanış olub, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) təməl daşının qoyublar. Yazıda Zəngilan rayonunun Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlər barədə də prezidentlərə məlumat verildiyi vurğulanıb.
Prezidentlərin Zəngilan rayonunun Ağalı kəndində təkbətək görüşünə və mətbuata birgə bəyanatlarına toxunan müəllif Prezident İlham Əliyevin çıxışında Zəngəzur dəhlizi ilə bağlı söylədiyi fikirlərə diqqət çəkib.
Zeynab Kazımova bildirib ki, siyasi şərhçilər Ordumuzun 44 günlük müharibədə Qələbəsindən sonra Türkiyə Prezidentinin Qarabağa ikinci səfərini Azərbaycan-Türkiyə münasibətlərində yeni dövrün başlanğıcı kimi qiymətləndirirlər. Gələn ay Azərbaycanın Türk Şurasına sədrliyini Türkiyəyə təhvil verəcəyini qeyd edən müəllif mətbuat konfransında çıxış edən dövlətimizin başçısından bu sitatı təqdim edib: “Türkdilli dövlətlər arasında əməkdaşlıq və qardaşlıq əlaqələri daha da möhkəmlənəcək, bununla da bütün türk dünyası üçün yeni imkanlar açılacaqdır”.
Müəllif yazıb ki, Füzuli Beynəlxalq Hava Limanının açılışı ilə yanaşı, uzun illər ermənilər tərəfindən dağıdılmış Qarabağın müxtəlif bölgələrində yeni layihələrin təməlinin qoyulması həm iki ölkə, həm bölgə, həm də dünyanın digər dövlətləri üçün çox mühüm hadisədir. Zəngəzur dəhlizi təkcə iki ölkə arasında münasibətlərin deyil, həm də regionun inkişafına töhfə verəcək.
Z.Kazımova, həmçinin yazıb ki, Azərbaycan və Türkiyə prezidentlərinin Zəngilanda verdikləri bəyanatlar Şuşada səsləndirilən fikirlərin davamıdır. Onlar regionun sabitliyindən, qonşu dövlətlər, o cümlədən Türkiyə, Azərbaycan, Gürcüstan, Rusiya, İran və təbii ki, Ermənistanla münasibətlərdən danışdılar. Çünki bölgədə yeni vəziyyət yaranıb. Azərbaycan ərazi bütövlüyünü bərpa edib və sülhün bərqərar olmasına çalışır. Bu, Ermənistan üçün də maraqlı olmalıdır. Çünki sülh sazişi çərçivəsində regional əməkdaşlıq, nəhayət, inkişaf edə və Ermənistan bu prosesdə iştirak edə bilər. Ona görə də Ermənistanın Azərbaycanla problemlərini həll etmək üçün səmimi istək nümayiş etdirməsi vacibdir. Türkiyə Prezidentinin vurğuladığı kimi: “Azərbaycan üçün səmimi iradə olarsa, Türkiyənin Ermənistanla münasibətlərinin normallaşmasına heç bir maneə olmayacaq... Bir daha vurğulayıram ki, Türkiyə eyni konstruktiv anlayışla davamlı sülhə doğru hər addımı müsbət atacaq”.
Sonda 1991-ci il oktyabrın 18-də Azərbaycanın müstəqilliyini bərpa etməsinə toxunan jurnalist vurğulayıb ki, Fransa ölkəmizin müstəqilliyini tanıyan ikinci ölkə olub. Rəsmi Paris 1992-ci ilin fevralında Bakıda öz səfirliyini açıb. Həmin il martın 2-də isə Azərbaycan müstəqil dövlət kimi Birləşmiş Millətlər Təşkilatına üzv qəbul edilib.