Şöbə müdiri: Ötən il 170 uşaqda onkoloji xəstəliklər aşkar olunub - Müsahibə | 1news.az | Xəbərlər
Müsahibə

Şöbə müdiri: Ötən il 170 uşaqda onkoloji xəstəliklər aşkar olunub - Müsahibə

Qafar Ağayev12:01 - 15 / 02 / 2022
Şöbə müdiri: Ötən il 170 uşaqda onkoloji xəstəliklər aşkar olunub - Müsahibə

Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin Uşaq Onkoloji Klinikasının şöbə müdiri Reyman İsmayılzadə uşaqlarda onkoloji problemlərlə bağlı sualları cavablandırıb.

1news.az müsahibəni təqdim edir:

- Reyman müəllim, Uşaq Onkoloji Klinikasının fəaliyyəti haqqında məlumat verərdiniz.

- 2012-ci ilin mart ayında uşaq onkologiyasında respublika miqyasında sıçrayış oldu - Milli Onkologiya Mərkəzində Uşaq Onkoloji Klinikası fəaliyyətə başladı. Hazırda Uşaq Onkologiya Mərkəzi regionda flaqmandır. Uşaq Onkoloji Klinikasında intensiv kimya terapiya, müasir şüa terapiyası, cərrahi müalicə, immunoterapiya və s. aparılır. Həmçinin ambulator və poliklinik şöbə, 2 kimya terapiya şöbəsi, cərrahiyyə, anestezioloji-reanimatoloji və şüa terapiyası şöbələri fəaliyyət göstərir.

- Ötən il neçə uşaqda onkoloji xəstəlik aşkarlanıb?

- 2021-ci ildə klinikada 170 uşaqda onkoloji xəstəlik aşkar olunub və hamısı müvafiq protokollar əsasında müalicə alıb.

Bilmək lazımdır ki, uşaqların və böyüklərin onkologiyası bir-birindən əsaslı surətdə fərqlənir və uşaqlarda olan onkoloji xəstəliklər bütün bədxassəli şişlərin təqribən 1-1.5%-ni təşkil edir. Uşaqlarda onkologiyanın əsas hissəsini embrional şişlər əhatə edir. Bunların içində leykemiyalar (28%), mərkəzi sinir sisteminin şişləri (18-20%) və limfomalara (12-14%) daha çox rast gəlinir. Digər bədxasssəli şişlər, məsələn, nefroblastoma, neyroblastoma, rabdomiosarkoma isə hər biri ayrılıqda 6-7%-dir. Böyüklərdə təsadüf edən xərçəng xəstəlikləri (mədə-bağırsaq, ağciyər, süd vəzi xərçəngi və.s) uşaqlarda çox nadir hallarda rast gəlinir. Müasir müalicə metodları daha yaxşı nəticə verir və uşaqların böyük əksəriyyətində tam sağalma mümkündür.

- Uşaqlarda xərçəng xəstəliklərinin yaranma səbəbi nələrdir?

– Valideynlərin qeyri-sağlam həyat tərzi, onların hormonal preparatlar qəbul etməsi, düzgün olmayan qidalanması uşaqlarda törəmələrin əmələ gəlməsinə təsir göstərə bilər. Bəzən uşaqlarda ana bətnində olarkən şişlər yaranır. Bunu ultrasəs müayinəsi zamanı görmək mümkündür. Bəzi onkoloji xəstəliklər ana bətnində olsa da körpə dünyaya gələndən sonra öz-özünə spontan olaraq reqressiya edə, yəni geriyə inkişaf edə bilər. Ana bətnində uşağa diaqnoz qoyulursa, yalnız körpə doğulandan sonra tədbirlər görülür, yəni ana bətnində şişlər götürülmür. Körpə doğulan kimi müayinə olunur, kimya terapiya və cərrahi müalicə tətbiq olunur. Lakin şüa terapiya tətbiq edilmir.

- Uşaqlarda leykoz sümük iliyi xəstəliyinin ilkin əlamətləri hansılardır?

- Leykoz sümük iliyinin xəstəliyidir. Bu zaman sümük iliyində blast transformasiyası olur, trombositlərin və eritrositlərin sayı düşür, leykositlərin sayı kəskin artır. Onların 80 faizi limfoblast leykoz, 15-20 faizi isə mioblast leykozdur. Leykoz zamanı dəri solğunluğu, qanaxmaya meyillilik, dəridə petexiyalar, göyərmələr, damaqlardan, burundan səbəbsiz qanaxma, iki həftədən çox davam edən səbəbsiz yüksək hərarət, təkrar və ya davamlı infeksiyalar, halsızlıq, iştahasızlıq və çəki itkisi, sümüklərdə, oynaqlarda ağrı hissi, axsama, limfoadenopatiya, nevroloji simptomlar, hepatosplenomeqaliya və s. müşahidə olunur. Bu zaman qanın ümumi analizi və sümük iliyinin punksiyasının təhlilindən sonra dəqiq diaqnoz qoymaq mümkündür. Leykoz sağalan xəstəlikdir. Limfoblast leykozu 80-90 faiz halda müalicə etmək olar. Mərkəzi sinir sistemi şişlərindən olan beyin şişləri baş ağrıları, başgicəllənmə, səndələmə, səbəbsiz qusma, ikigörmə simptomları ilə xarakterizə olunur. Uşaqlarda beyin sümükləri möhkəmlənmədiyindən törəmələr böyüsə də əvvəlcə simptomsuz keçir. Yalnız kəllədaxili təzyiq yuxarı olduqdan sonra əlamətlər özünü büruzə verir.

- Fevralın 15-i Beynəlxalq Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günüdür. Bu günlə bağlı Milli Onkologiya Mərkəzinin Uşaq Onkoloji Klinikası hansı tədbirlər keçirir?

- Ötən illərdə 15 fevralda Uşaq Onkologiyasının əməkdaşları və Seçenov adına Moskva Dövlət Tibb Universitetinin Bakı filialının tələbələri ilə birlikdə Bakıda bir çox Ticarət Mərkəzlərində Beynəlxalq Uşaq Onkoloji Xəstəlikləri ilə Mübarizə Günü qeyd olunurdu. Tədbirin məqsədi ictimaiyyətin diqqətini aktual məsələyə artırmaq və bu xəstəliklərlə bağlı əhalini məlumatlandırmaq idi. Əməkdaşlarımız uşaqlarda mövcud olan onkoloji xəstəliklərin erkən əlamətləri, diaqnostik metodları və müalicə tədbirləri haqqında ətraflı məlumatları əhaliyə çatdırırdılar. Koronavirus pandemiyası səbəbindən bu tədbirlər son 2 ildə keçirilmir.

Paylaş:
945

Sizin üçün xəbərlər

Son xəbərlər

Prezidentlər Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblərBu gün, 12:35Baş Prokurorluqdan sabiq baş pediatrın intiharı ilə bağlı media qurumlarına XƏBƏRDARLIQBu gün, 12:34İcma: ABŞ Dövlət Departamenti insan hüquqlarından sui-isifadə edirBu gün, 12:24İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublarBu gün, 12:22Bakıda 3 məktəbin direktorları barəsində intizam tənbeh tədbiri görülüb - SƏBƏBBu gün, 12:1931 dərəcə isti olacaq - Sabahın havasıBu gün, 12:09Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilirBu gün, 12:02Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51Qırğızıstan Prezidenti Füzulidə səfərdədirBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olunduBu gün, 10:00Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıb - VİDEOBu gün, 10:00Bakı-Ağstafa-Bakı dəmir yolu marşrutu üzrə əlavə qatar təyin edilibBu gün, 09:57AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:35Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edibBu gün, 09:28ABŞ qüvvələrinin Nigerdən çıxarılması müzakirə olunacaqBu gün, 09:21Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:03
Bütün xəbərlər