Azərbaycanın Kino Agentliyi yaradılır
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Kino Agentliyi” publik hüquqi şəxsin yaradılması haqqında Fərman imzalayıb.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, fərmanda məqsəd Azərbaycanda kinematoqrafiya sahəsində dövlət siyasətinin həyata keçirilməsinin təkmilləşdirilməsi, Azərbaycan kinematoqrafiyasının beynəlxalq rəqabətə davamlılığının təmin edilməsi, yerli istehsal və yayım infrastrukturunun müasirləşdirilməsidir.
Fərmana əsasən, Mədəniyyət Nazirliyinin tabeliyində “Azərbaycan Respublikasının Kino Agentliyi” publik hüquqi şəxs yaradılıb.
Müəyyən edilib ki, Agentlik Azərbaycanda kinematoqrafiyanın inkişafının, o cümlədən yerli və müştərək kino istehsalının dəstəklənməsi, kino mədəniyyətinin təbliğinin təşkili, kinematoqrafiya müəssisələrinin və kino sənayesi iştirakçılarının fəaliyyətinin, eləcə də kinematoqrafiya sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması, Azərbaycan kinematoqrafiyasının dünya kinematoqrafiyasına inteqrasiyası sahələrində fəaliyyət göstərən, Nazirliyin tabeliyindəki kinematoqrafiya müəssisələrini idarə edən və onların fəaliyyətinə nəzarəti həyata keçirən publik hüquqi şəxsdir.
Agentliyin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr və onun iki müavini daxil olmaqla 3 (üç) üzvdən ibarət Müşahidə Şurası yaradılır.
Agentliyin fəaliyyətinə cari rəhbərliyi Baş direktor həyata keçirir.